Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisi arasında güclü qıcıqlanma və aqressivlik müşahidə olunmağa başladı. Psixiatriya sahəsində yerli mütəxəssislər, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlaşdırdığı kimi, məişət zorakılığı hallarının artdığını söyləyirlər.
Ancaq daha dəhşətlisi budur ki, respublikada qohumlar tərəfindən uşaqlara qarşı törədilən cinayətlər tez-tez baş veməyə başlayıb. Böyüklərin müdafiəsiz uşaqlara qarşı qəddar münasibətinin səbəbi nədir? Məncə, bu suala təkcə psixiatrlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və ailə problemlərindən məsul olan dövlət qurumları deyil, qanunvericilər də cavab verməlidir. Məişət zorakılığını sərt cəzalarla önləməyin vaxtı gəldi. Əks təqdirdə gec olacaq.
Keçən bazar günü mediada 11 yaşlı Fərid Təhməzovun Goranboy rayonunda qəsdən adam öldürmənin qurbanı olduğu xəbəri yayıldı. Oğlan öz anası və onun vətəndaş nikahlı yoldaşı tərəfindən döyülərək öldürülüb. Qatillər uşağın cəsədini qamışlıqda gizlədiblər, dostlarına və qohumlarına uşağın Aşura münasibətilə dini mərasimdə iştirak etmək üçün Gəncəyə getdiyini deyiblər.
Avqustun 18-də Ağstafa rayonunda 8 və 7 yaşlı uşaqlara müntəzəm işgəncə verilməsi faktı üzə çıxdı. Gəncə sakini Zəminə Həsənova rayon prokurorluğuna şikayət edərək, nəvələrinin ögey anası Səadət Mehrəliyeva tərəfindən işgəncələrə məruz qaldığını ifadə edib. Nəticədə qadın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (İşgəncələr – sistematik döyülmə və ya digər zorakı hərəkətlərlə fiziki və ya mənəvi əziyyətlərə səbəb olmaq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Avqustun 8-də Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində 6 və 14 yaşlarında olan qardaş və bacı fiziki zorakılığa məruz qalıb. Cinayəti uşaqların dayısı və onun həyat yoldaşı törədib. Zərərçəkmişlərin anasının ögey qardaşı olan kişi, qızdırılan bıçaqla uşağı bir neçə dəfə yandırıb. Və həyat yoldaşı qızın saçlarını, qaşlarını və kirpiklərini kəsib. İndi prokurorluq Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə açılan cinayət işinin hallarını aydınlaşdırır.
Bundan başqa, 5 və 7 yaşlı iki oğlan uşağı Azərbaycan Uşaqlar Birliyinə (AUB) sığınıb. Məlumata görə, ana öz sevgilisi ilə birlikdə uşaqlardan birinin dilinin bir hissəsini qoparıb(!). Bundan əlavə, onlar uşağın bədənini siqaretlə yandırıblar. Və bütün bunlar Bakıda baş verib. İlkin məlumatlara görə, cinayət törədildikdə qadın və sevgilisi narkotik vasitələrin təsiri altında olub.
Nəhayət, Bərdədə yaşayan ikinci uşaq bu ilin iyul ayında yanıq xəsarəti ilə yerli xəstəxanaya aparılıb. Oğlan polis əməkdaşlarına bildirib ki, mağazadan bir paket qarğıdalı çubuğu oğurladıqdan sonra anası Raya Həsənova əllərinə qaynar qaşıqla dağ basıb. Uşağın dediyinə görə, anası və vətəndaş nikahlı əri Mahmud Mehrəliyev onu heç bir səbəb olmadan daim döyüblər.
Və bunlar uşaqlara qarşı törədilən tək cinayətlər deyil – bunlar yalnız son iki ay ərzində baş verən faktlardır. Maraqlıdır ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə uşaqların zərər çəkdiyi cinayətlərin sayı 16,5% azalıb. Gələcəkdə belə olmasını çox istəyirəm, amma faktlar öz sözünü deyir.
Digər tərəfdən, Azərbaycanda qadınların törətdiyi cinayətlərin sayı artıb. 2021-ci ilin altı ayı ərzində zərif cinsin nümayəndələri tərəfindən törədilən cinayət hərəkətlərinin sayında artım 21,1 % təşkil edib.
Belə ki, Azərbaycanda yanvar-iyun aylarında 803 məişət zorakılığı faktı qeydə alınıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur. Üstəlik, açılan cinayətlərin 14,7%-i əvvəllər məhkum olunmuş şəxslər tərəfindən, 4,7%-i isə güclü sərxoşluq vəziyyətində törədilib.
Bütün bunlardan belə nəticəyə gələ bilərik ki, ölkədə orta hesabla gündə dörd məişət zorakılığı hadisəsi baş verir. Nəticədə, məişət zorakılığı faktlarının 89,2%-ində zərərçəkmişlər daha az ağır və yüngül bədən xəsarətləri alıblar. Məişət zorakılığının 5,4%-i qəsdən adam öldürmə və ya öldürməyə cəhdlə nəticələnib. Faktların 3,2%-ində zərərçəkmişlər ağır bədən xəsarəti alıblar. 0,6%-i işgəncələrlə müşayiət olunub.
Ümumilikdə məişət zorakılığından 821 nəfər əziyyət çəkib ki, bu da ötən illə müqayisədə 23,8% çoxdur. Qurbanların 77,8%-i qadınlar, 0,5%-i azyaşlılardır.
Məişət zorakılığı coğrafiyası göstərir ki, oxşar faktlarda artım Lənkəran-Astara, Qazax-Tovuz, Quba-Xaçmaz, Aran, Şirvan-Salyan, Gəncə-Daşkəsən zonalarında, habelə 17,8%-lə Bakıda qeydə alınıb. Mərkəzi Aran zonasında bu cür cinayətlər demək olar ki, iki dəfə artıb.
Ramella İbrahimxəlilova