Serdar Amin

Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?

Baxış sayı: 662

“Evlilik təklifi” adlı yalnız Qərb mədəniyyətində funksional olan bir ritual var.

Sevgililər bir-birilərini yaxından tanıdıqdan sonra, bir yastığa baş qoyub eyni uşağın valideynləri olmaq və bir ömür bir evdə yaşamaq qərarı verirlər.

Bu təklifin elan olunması anı “evlilik təklifi” adlanır.

Bu ritual niyə yalnız Qərb və bizə yad mədəniyyətlərdə effektivdir?

Çünki həmin ölkələrdə cütlüklərin isinişməsi prosesi bu ardıcıllıqla baş verir:

Əvvəl görürlər, sonra görüşürlər, sonra ya dostlaşır, ya da sevişirlər… Bu proses davam etdikcə cütlüklər qarşı tərəfə oğlan dostum, qız dostum, kişi partnyorum, yataq partnyorum və s. deyirlər.

Müsəlman ölkələrində və Azərbaycanda “evlilik təklifi” ritualı niyə yersizdir?

Azərbaycanda daha effektiv ritual, daha doğrusu, önəmli ritual eşq elanı, sevgi etirafı məqamıdır. Doğrudan da bu hadisə yetərincə önəmli, həyatı əhəmiyyətli və həyəcanlı bir məqamdır. Qadına, yaxud qadının kişiyə sevgisini ilk dəfə deməsi səmimi və maraqlı andır.

Qərbdə isə sevgi etirafı, xoşlanmaq, sevişmək istəyi çox adiləşdiyindən onlar üçün evlilik daha önəmli müstəvidir. Onlar ən böyük həyəcanı yataqda, toqquşmaqda, cismani birləşməkdə yox birgə yaşayışda, uşağın dünyaya gəlişində görürlər.

Hansı məqamın daha ali olduğuna, hansı mədəniyyətin daha çox əhəmiyyət kəsb etdiyinə özünüz qərar verin. Yataq, qadın, sevgi, eşq, ehtiras, seks hansı halında dəyərlidir, bunlar ayrı yazıların mövzularıdır.

Bu yazı isə son illər ölkəmizdə daha çox vüsət alan və yetərincə əttökən imic qazanmış evlilik təkliflərindəndir. Yox, söhbət təkliflərin bəzilərinin orijinal, bəzilərinin bayağı olmasından getmir, söhbət bu ritualın Azərbaycan və eyni mədəniyyəti daşıyan ölkələr üçün nə qədər yersiz, bayağı, qeyri-funksional olmasından gedir.

Azərbaycanda evlilik təklifi yersizdir, əgər bu təklifin zərrə əhəmiyyəti olacaqsa, bunu qadınlar etməlidir. Çünki xalqın çərçivələri, funksional olan yazılmamış qaydalar elə mühit yaradıb ki, birlikdə olan cütlüklər arasında daim qadın evlənməyə cəhd edir, əks halda, yəni onlar evlənməsələr, qadın bir ömür evdə qala, yaxud arzuolunmaz ad “qazana” bilər; “filankəsin gədəsiylə gəzirdi”, “bir oğlanla min hoqqadan çıxdılar, sonra oğlan bunu atdı”.

Azərbaycanda və bizim kimi ölkələrdə qız oğlanla əl-ələ tutursa, birlikdə gəzir, üz-üzə söhbət edir və bu proses günlərlə davam edirsə, demək, qız artıq oğlanla evlənmək istəyir.

Eyni zamanda, oğlan qızın ilk dəfə əlindən tutanda, artıq ona evlilik təklifi etmiş olur, (təbii ki, qıza potensial sevgili gözü ilə baxırsa, yox əgər onunla yalnız yatmaq məqsədilə yaxınlıq edirsə, bu da artıq başqa yazının mövzusudur) qız əlini çəkmədisə, bir müddət oğlanın əlindən tutub gəzdisə, demək cütlük evlənməyə ilk qərarlarını verdilər.

Buna görə də, Azərbaycanda evlilik təklifi ritualı xoşbəxt Qərb cütlüklərini imitasiyadan başqa bir şey deyil.

Fikir verin, bizdə bu təklifi ən çox gözləyən qadınlardır. Halbuki dünənə qədər hər öpüşəndə, əlləşəndə oğlana yüz dəfə xatırladıb ki, xalamgil bizə tez-tez gəlir, atamın dostu dünən oğluyla qonaq gəlmişdi və s.

Hər gün azından bir dəfə “evlənmək” sözünü dilinə gətirən, (qız da bunu özünə görə yox, valideynlərinə, qonşularına və cəmiyyətə görə edir) evlənəcəkləri günü tezləşdirən qızın bir də üstündən evlilik təklifi gözləməsi və bu təklifi alandan sonra iki əli ilə üzünü tutması, guya sürprizlə qarşılaşdığını, həyəcanlandığını nümayiş etməsi insanda qəribə hisslər yaradır.

Əvvəllər belə səhnələri görəndə məndə ikrah yaranırdı, indi həmin qızlara yazığım gəlir. Onlar əzilmişliklərini bu yolla tənzimləmək, özlərini aldatmaq, baxdıqları seriallardakı, filmlərdəki cütlüklər kimi xoşbəxt olacaqlarını düşünmək istəyir.

Özünü aldatmaq, imitasiya isə heç vaxt xoşbəxtlik gətirmir. İnsan ən azından fitri varidatına xəyanət etməli deyil.

Biz kimlər üçünsə yaşaya-yaşaya özümüzü 14 yaşında başlı-başına buraxırıq. O 14 yaşlı yazıq da bir ömür içimizdə dizlərini qucaqlayıb ağlayır.

O uşağa yaxşı baxın.

Onu böyüdün.

O, özü istədiyi qərarı verəcək, istədiyi ilə evlənəcək, hər şeyin təbiisini, gözəlini yaşayacaq.

 

Sərdar Amin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir