menzil

Güzəştli mənzillərin “güzəştsiz” şərtləri: “Tanışlar, qohumlar…”

Baxış sayı: 890

Ev almaq imkanı olmayan şəxslərin güzəştli şərtlərlə mənzil əldə etməsi üçün addımlar atılır. Belə ki, sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub. Lakin  güzəştli mənzillərin  “güzəştsiz” şərtləri tənqid olunur. Həmçinin bu mənzillərin yalnız dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışanlara satılmamalı olduğunu bildirənlər  var. Orta və yuxarı təbəqədən olan şəxslər güzəştli şərtlərlə evi ala bilir. Həmin mənzili alan şəxs evi ya  kirayəyə verir, ya da “əlində saxlayır”.

Sözügedən mənzillərin kirayəsi ucuz qiymətə olmur. Beləliklə, hələ də aşağı təbəqənin sakinləri pərişan halda  nə vaxtsa, güzəştli şərtlərlə ev ala biləcəkləri günü gözləyirlər…

Mövzu ilə bağlı danışan iqtisadçı- ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda güzəştli mənzillərin insan faktoru ilə bölüşdürülməsi geniş yayılıb. Onun sözlərinə görə, güzəştli şərtlər insan faktorundan aslı olmayaraq müəyyənləşdirilməlidir:

“Şərtlər ümumiləşdirilmiş formada olsa da, praktikada tətbiqində ciddi problemlər var. Bu prosesi proqramlaşdırmaq lazımdır. Güzəştli mənzil almağa şansı və ya hüququ olan şəxsin məlumatları sistemə yerləşdirilməli, kompüter özü müəyyən etməlidir. Amma “azərbaycansayağı” qərarlar verilir. Tanışlar, qohumlar…”.

Ekspert sonda qeyd edib ki, layihə  ideya olaraq çox yaxşıdır, bunun sayəsində vətəndaşların mənzilə çıxış hüququ asanlaşmalıdır:

“Praktikada ciddi problemlərin yaşanması insanların  bu layihəyə inamını itirir. Qaydalar özünü doğrultmur.  Əgər problem həll edilməsə, hələ də ehtiyacı olan insanların bu mənzillərdən kənarda qalmasının şahidi olacağıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir