EV

Kirayə evlərin qiyməti niyə artıb?

Baxış sayı: 958

Ali məktəblərdə dərslərin başlanmasına bir neçə gün qalıb. Hazırda tələbə adını qazananları bir məsələ düşündürür. Kirayə ev tapmaq.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələri ilə bağlı qərarın gec verilməsi paytaxta və digər iri şəhərlərə üz tutan tələbələri kirayə mənzil tapmaq problemi ilə üz-üzə qoyub.

Bakıətrafı qəsəbələrdə kirayə evlərin qiyməti münasib olsa da, hazırda paytaxtın mərkəzində 3 otaqlı kirayə mənzillərin qiyməti 500-600 manatdan başlayır. Tələbələr də ən çox bundan gileylənir: “Həm pandemiya şəraitindən, həm ali məktəblərlə bağlı qərarın gec verilməsindən istifadə edən bəzi şəxslər qiymətləri süni şəkildə artırır. Bu çox anormal haldır. Düşünürəm ki, bu məsələ dövlət qurumları tərəfindən nəzarətə götürülsə, daha yaxşı olar”.

menzil

“Çox tələbə hazırda kirayə mənzil tapmaq sarıdan çətinlik çəkir. Kirayə evlər çox bahadır. Tələbələr olaraq çox istəyərdik ki, kirayə evlərin qiyməti aşağı endirilsin və hər kəs üçün münasib olsun. Çünki çox tələbələr rayondan gəlir”.

Yenicə tələbə adını qazanmış Üzeyir Kərimov isə deyir ki, bu problemi aradan qaldırılması üçün hər bir universitetin təmirli və standartlara cavab verən yataqxanası olmalıdır: “Universitetlərdə yataqxanaların olması daha məqsədəuyğun olar. Yəni hər bir universitetin özünün yataqxanası olsun. Olanlar da təmir edilsin. Bu sistemin yaradılması üçün vəsait ayrılsa, düşünürəm ki, daha gözəl olar”.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda əmlak bazarında müştərilərə təklif olunan kirayə mənzillərin əksəriyyəti yeni tikili binalardadır ki, onların da qiyməti köhnə tikili binalardakı mənzillərin qiymətindən ən azı 2 dəfə artıqdır: “Hər il ənənəvi olaraq avqust aynın 15-dən tələbələr və digər bölgələrdə yaşayıb şəhərdə iş quran insanlar Bakı və digər böyük şəhərlərə üz tuturlar. Lakin bu il ali təhsil müəssisələrinin açılması ilə bağlı qərarın gec verilməsi tələbələrin gec ev axtarışına çıxmasına səbəb oldu. Bu baxımdan digər vətəndaşlar, yəni paytaxta iş üçün və digər niyyətlər üçün gələn insanlar tələbələri daha tez qabaqladı və həmin ucuz qiymətə olan evlərin daha çoxunu onlar götürmüş oldu”.

elnur ferzeliyev

Ekspert deyir ki, tələbələrin kirayə ev tutduqları əsas ərazilər Yasamal və Nərimanov rayonlarıdır. Əvvəl bu rayonların ərazisində ucuz qiymətə fərdi həyət evləri var idi, lakin hazırda həmin ərazilərin böyük bir hissəsi sökülüb, ya da yeni tikili binalarla əvəz olunub. Bu da kirayə bazarına təsirsiz ötüşməyib: “Bu gün artıq ali təhsil müəssisələrinin fəaliyyətə başlamasına az müddət qalsa da, tələbələrin böyük bir əksəriyyəti ev tapa bilmir. Bunun müxtəlif səbəbləri var. Birinci səbəb ucuz qiymətə olan evlərin bazardan çıxması, digər bir səbəb isə ev sahiblərinin tələbələrə ev verməkdən imtina etməsidir. Hazırda ev sahiblərinin böyük əksəriyyəti tələbələrə ev vermək istəmir və ya tələbələrdən ev üçün əvvəlcədən minimum 2-3 aylıq depozit istəyirlər. Bu da tələbələrin maddi gücünə uyğun olmayan bir məsələdir”.

Qeyd edək ki, bu il ölkə üzrə 44 861 nəfər tələbə adını qazanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir