Adətən hər hansı xəstəliklə bağlı həkimə müraciət etdikdə onun ilk sualı “hansı bölgədənsən?” olur. Xəstəliklərimizlə yaşadığımız bölgəyə uyğunlaşır, birlikdə inkişaf edirik. Bəzi hallarda xəstəliyin bizi məhkum etdiyi bölgədə yaşamağa məcbur oluruq. Ümumiyyətlə, bölgələrin spesifik xəstəlikləri hansılardır? Hansı bölgə xəstəliyi ilə məşhurdur?
Talassemiyanın ərazisi…
Bakı Dövlət Universitetinin Genetika kafedrasının müəllimi Könül Hacıyevadeyir ki, Azərbaycanda ən çox yayılan xəstəlik talassemiyadır: “Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göycay, Şamaxı, Ağdaş, Ucar, Saatlı, Sabirabad, Salyanda beta-talassemiyanın geninin heteroziqot daşıyıcılığı praktiki sağlam olan insanlarda daha çoxdur”.
Əhalinin təxminən 8 faizi…
Genetikin sözlərinə görə, Azərbaycan talassemiyanın yayılmasına görə dünyada 4-5-ci yerləri tutur: “Ölkədə əhalinin təxminən 8 faizi talassemiya xəstəliyinin heteroziqot daşıyıcısıdır. Həmin insanlar praktiki sağlamdırlar. Praktiki sağlam olan iki heteroziqot şəxs ailə qurarsa, belə ailədə talassemiyalı xəstə uşağın doğulması riski hər növbəti hamiləlik üçün 25 faizə bərabər olacaq”.
Bölgələrdə elə kəndlər var ki…
Həkim deyir ki, Azərbaycanda qohum nikahlarının çoxluğu talassemiyanı inkişaf etdirən ən böyük faktordur: “Xəstəlik nəsildən nəslə ötürülüb. Söhbət yaxın qohumdan getmir. Bu, uzaq qohum da ola bilər. Artıq daşıyıcıdırlarsa, növbəti nəsildə üzə çıxa bilir. Bölgələrdə elə kəndlər var ki, əsrlərdir onlar kənar kəndlərdən olan şəxslərlə ailə qurmurlar”.
Qobunun dəri xəstəliyi, Buzovnanın hemofiliyası…
Lənkəran-Astarada yaşayan əhali arasında anemiyaya gətirib çıxaran Q6FD fermentinin çatmazlığı yüksək tezlikdə (9-36,2%) təsadüf edilir. Abşeron rayonunun Qobu kəndində Elers-Danlos adlı birləşdirici toxumanın xəstəliyi yüksək sıxlıqda təsadüf edilir. Belə xəstələrdə dəri həddindən artıq elastik olur. Həmin kənddə bu irsi xəstəliyin 80-dən yuxarı daşıyıcısı var. Abşeron rayonunun Buzovna qəsəbəsinin əhalisində hemofiliya, irsi qan xəstəliyi yüksək sıxlıqda təsadüf edilir. Quba, Qusar, Füzuli rayonlarında insanlarda dəmir çatışmazlığı çox olur ki, bu da qan azlığına gətirib çıxarır.
Yalnız bizdə rast gəlinən xəstəlik
Mütəxəssisin sözlərinə görə, keçmiş SSRİ respublikaları arasında yalnız bizim respublikada rast gəlinən xəstəlik var: “Azərbaycanda hemoqlobin xəstəliyi olan anormal hemoqlobinləri qeyd etmək olar. Anormal hemoqlobinlərdən ən çox təsadüf ediləni oraqvari anemiyadır. Respublikada, əsasən Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Ağdaş rayonlarında, Xaçmaz rayonunun isə yalnız Nərəcan kəndində bu xəstəliyə təsadüf edilir. Bunun da səbəbi odur ki, keçən əsrin əvvəllərində Qəbələ rayonunun Mıxlıqovaq kəndinin sakinləri – bir neçə ailə Nərəcan kəndinə köçmüş və oraqvari anemiyanın genini özlərilə gətirmişlər. Oraqvari anemiyanın klinikası böyük talassemiyanın klinikasına çox bənzəyir. Keçmiş SSRİ respublikaları arasında yalnız bizim respublikada rast gəlinir”.
Daun sindromunun ərazisi
Ən çox rast gəlinən xromosom xəstəliyi isə Daun sindromudur. Hazırda hər 800-1000 doğuşdan birində Daun sindromu aşkarlanır. Bütün ağıl kəmliyi olan uşaqlar arasında Daun sindromu 10-12 faiz təşkil edir. Bu xəstəliyə qız və oğlanlar eyni cür tutulur. Bu problem, daha çox Biləsuvar və Qax rayonlarında geniş yayılıb.
Şəkərli diabet və astma…
Ən geniş yayılan multifaktorial xəstəliklərə gəlincə, həkim deyir ki, bu sırada şəkərli diabet və astma problemlərini demək olar. Onların genetik meyillilik və ətraf mühit amilinin təsiri altında yarandığı müəyyən olunub. Bu xəstəliklər Azərbaycanın bir çox rayon və şəhərlərində geniş yayılıb.
Xəstəni incitmədən kor edən xəstəlik…
Oftalmoloq Fidan Abdullayeva deyir ki, göz xəstəliyi keratakonus Naxçıvan bölgəsində yayılıb: “Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən çoxdur. Havası tozlu, günəşli, quru olan şəhərlərdə keratakonus daha çox yayılır. Özəlliyi odur ki, heç bir ağrı vermədən görməni get-gedə azaldır. Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir”.
Xərçəng hansı bölgəmizdə tüğyan edir?
Statistikaya görə, xərçəng xəstələri Bakıda yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Xərçəngin yayılmasında mühüm amil radiasiyadır. Bu xəstəliyin ən çox yayıldığı ikinci ərazi Azərbaycanın cənub bölgəsidir. Burada çox yayılmasının səbəbi isə əhalinin məşğuliyyətidir. Çünki bu bölgənin əhalisi daha çox tərəvəzçiliklə məşğuldur və ilin bütün fəsilləri gübrənin, kimyəvi maddələrin içindədirlər.
Səbəb…
Xəstəliklərin yayılma səbəblərinə gəldikdə isə mütəxəssis deyir ki, iqlim faktoru, əhalinin əsas məşğuliyyəti önəm daşıyır. Bir çox hallarda təbiət, daimi hava şəraiti, hətta təbii fəlakətlərin də rolu olur.
Aygün ƏZİZ