Natiq Ferzeliyev

“Yoldaşımın gözündə ən böyük kişiyəm…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 118

Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev Azərbaycanın tanınmış aktyorlarındandır. Olduqca sadə, təvazökar, öz peşəsini ürəkdən sevən Natiq müəllim hələ orta məktəbdə oxuyarkən Bəşir Səfəroğlu adına Xalq Teatrında S.Dağlının “Bekarçılıq kontoru”, G.Xuqayevin “Arvadımın əri”, S.Qədirzadənin “Şirinbala bal yığır” və s. əsərləri əsasında hazırlanmış eyniadlı tamaşalarda oynayıb. Həqiqətən də “bapbalaca boyu, dam dolusu toyu” olan aktyor bu günlərdə Şekspirin əsəri əsasında Cənnət Səlmovanın tamaşaya qoyduğu “III Riçard” tamaşasında oynadığı Paja adlı epizodik rolu ilə tamaşaçıları heyran edib. Özü də Şekspirin əsəri əsasında hazırlanmış tamaşada oynamağı ilə fəxr edir.

Hüseynağa Atakişiyev məktəbi keçən sevimli aktyorumuz “Yatmış gözəl”də (B.Marvin) 2-ci Lordu, “Tıq-tıq xanım”da xanı, “Hacı qara”da Mkırtıçı, “Buzovna kəndinin əhvalatı”nda (Elçin) poçtalyon Fatoşu, “Şahzadə Xəzərin nağılı”nda (K.Ağabalayev, N.Kazımov) Cırtdanı, “Buratinonun macəraları”nda (A.Tolstoy) polisi və s. obrazlar yaradaraq tamaşaçı sevgisi qazanıb.

Aktyor, eləcə də, bir çox film və seriallarda yaddaqalan obrazlar yaradıb. Onunla ad günü ərəfəsində görüşüb uzünillik aktyorluq fəaliyyəti və yaradıcılıq planları barədə söhbətləşdik.

 

 – Natiq müəllim, söhbətə tərcümeyi-halınızdan başlayaq…

– 1962-ci il fevral ayının 1-də Yevlax rayonunda anadan olmuşam. 1971-ci ildə Yevlax rayon Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbdə oxumuşam. 1982-ci ildə Mirzağa Əliyev adına İncəsənət İnstitutuna daxil olmuşam, 1987-ci ildə bitirmişəm. 1988-ci ildən Bakıda yaşayıram. İlk işlədiyim teatr “Meydan” teatrı olub. Sonradan Gənc Tamaşaçılar Teatrında, rəhmətlik Hüseynağa Atakişiyevlə Dövlət Gənclər Teatrında işlədim. O, rəhmətə gedəndən sonra 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə üç teatr -Gənc Tamaşaçılar, Dövlət Gənclər və Kamera teatrları birləşdi. Altı ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışıram.

 

– Bəs, necə oldu bu sənəti seçdiniz, teatra maraq sizdə hardan yarandı?

– Dördüncü sinifdə oxuyanda, o vaxtkı pionerlər evindən məktəbə nümayəndə gəldi. Dedi ki, dərnəklərə yazılın. Mən də dram və rəqs dərnəklərinə yazıldım. Bir müddət o dərnəklərə getdim. Rayonda keçirilən tədbirlərdə pionerlər evinin rəhbərliyi məni də bir nömrə ilə tədbirlərə salırdılar. Həmişə çıxış edirdim. 7-ci sinifdə oxuyanda, Əlfaim İsmayılov adlı gözəl insan məni rayonda rejissoru olduğu Bəşir Səfəroğlu adına Xalq Teatrına dəvət etdi. Orda çalışdım, işlədim. Bu müddət ərzində S.Dağlının “Bekarçılıq kontoru”, G.Xuqayevin “Arvadımın əri”, S.Qədirzadənin “Şirinbala bal yığır” və s. əsərləri əsasında hazırlanmış eyniadlı tamaşalarda oynadım. Yeddinci sinifdən artıq maaş da almağa başlamışdım. İlk maaşım 70 manat olub. Gördüm, artıq sənətin içindəyəm. 1982-ci ildə Yevlax rayonunun birinci katibi Elman Tağıyevin göndərişi ilə İncəsənət İnstitutuna qəbul olundum. İlk sənət müəllimim də Möhsün Mürsəlov olub…

2009-cu ildən də Gənc Tamaşaçılar Teatrındayam. Repertuarda varam. Müğdət Kazımovun, Ağaxan Salmanlının, Bəhram Osmanovun, Cənnət Səlimovanın quruluş verdiyi bir neçə tamaşada oynamışam. Deyirlər ki, Şekspirə müraciət eləməyən teatr teatr deyil. Bizim teatrda da Şekspirin bir neçə əsəri səhnələşdirilib. Yanvarın 25-də də Cənnət Səlimovanın quruluşunda “III Riçard” tamaşaya qoyuldu. Kiçik də olsa, orda rolda oynadım. Mənim üçün böyük fəxrdir Şekspirin tamaşasında oynamaq. Bu, Paja adlı kiçik obrazdı.

“Yatmış gözəl”də (B.Marvin) 2-ci Lordu, “Tıq-tıq xanım”da xanı, “Hacı qara”da Mkırtıçı, “Buzovna kəndinin əhvalatı”nda (Elçin) poçtalyon Fatoşu,”Şahzadə Xəzərin nağılı”nda (K.Ağabalayev, N.Kazımov) Cırtdanı, “Buratinonun macəraları”nda (A.Tolstoy) polisi və s. rolları oynamışam. Əsasən uşaq tamaşalarında oynayıram.

 

– Hüseynağa Atakişiyevlə uzun müddət bir yerdə işləmisiniz. Onu necə xatırlayırsınız?

– Bir ara teatrda işləmədim, qəzetlərin birində məsul katib kimi çalışdım. Günlərin bir günü o, məni Novruz bayramı şənliyində müqavilə ilə Aktyorlar Evində yerləşən Gənclər Teatrına dəvət etdi. Dedi ki, “boş vaxtın varmı, gələ bilirsənsə, gəl, oyna”. Mən də gedib oynadım. Sonra Yeni İl şənliyinə dəvət etdi. Sən demə, mənim aktyorluq bacarığımı yoxlayırmış. 1993-cü ildə yenə Yeni İl şənliyinə dəvət etdi. Yanvarın 3-ü şənlik qurtarandan sonra məni otağına çağırdı. Dedi ki, “otur, ərizə yaz”. Elə bildim, müqaviləyə görə ərizə yazmalıyam. Dedi, “yaz, gedək ərizəni yuyaq. Yaz ki, məni teatrın truppasına qəbul edin”. O, mənim üçün əlçatmaz adam idi. Onunla işləmək hər bir aktyorun arzusu idi. Ərizəni yazıb ona verdim, üstünü yazdı, sonra getdik qonaqlığa. Özü mənə qonaqlıq verdi. İnsan kimi insan, sənətkar kimi sənətkar idi. Həmişə deyərdi ki, dostluğumuz öz yerində, iş işdi. Məni çox istəyirdi. Amma məşqə beş dəqiqə gecikməyə ixtiyarım yox idi. Çox tələbkar idi. İndi də deyirlər ki, bu aktyor Hüseynağa məktəbi keçibsə, problem yoxdu. Xoşbəxtəm ki, o məktəbi mən də keçmişəm. Onu canlı görmüşəm. İyirmi ilə yaxın bir yerdə çalışmışam onunla.

Onun quruluş verdiyi “Tədbirə qarşı tədbir” (Şekspir) tamaşasında Pompeyi oynamışam. “Hamlet” tamaşasında qəbirqazanı, “Yay gecəsində yuxu”da cırtdan Piteri, Əli Əmirlinin ssenarisi əsasında hazırlanmış “Onun iki qabırğası var” tamaşasında professoru oynamışam. Rəhman Əlizadənin ssenarisi əsasımda “Keçəlin toyu”nda oynamışam.

natiq

 – Eşitmişəm, Türkiyədə filmə çəkilmisiniz…

– Türkiyədə komediya filminə çəkilmişəm. Rejissor Mətin bəy Bakıya gələndə, söhbət etdik. İlk çəkilişlər Bakıda, sonra Türkiyədə oldu. Film “Qaytar pulumu” adlanır. Yaxın vaxtlarda nümayiş olunacaq. Mən Səfər adlı əsas rolda oynayıram. Hadisələr də onun ətrafında cərəyan edir. Gündəlik həyatımızdı, məişət mövzusudu. Kasıb bir ailəyə təsadüfən xoşbəxtlik üz verir. Səfərin arvadının nənəsi bankdakı pulları, villasını və digər əmlakını nəvəsinə vəsiyyət edir. Bununla da ailə varlanır. İnsan ola, əlinə pul gələndə qudurmaya… Sonra başına hadisələr gəlir. Türkiyəyə gedir restoranlar alır, otel almaq istəyir…

 

– Nə vaxtdan hiss etdiniz ki, məşhurlaşmısınız?

– Hardasa 1990-cı illərdə Azərbaycanda ilk dəfə “Karvan” qrupu klip çəkdi. “Polismen” mahnısına. Yevgeni Baxtin o qrupun üzvü idi. O klip uzun müddət yayımlandı və mənə təkan oldu. Sonra Şərif Qurbanəliyevin çəkdiyi “Yarımştat” televiziya tamaşası ilə də tanındım. Sonra televiziya verilişlərində, tamaşalarda çəkildim. Gördüm ki, hamı məni tanıyır.

 

– Ailə həyatı qurmağınız necə oldu?

– Bir müddət başım qarışıq oldu… Tələbəlik həyatı, sonra iş… Artıq 30 yaşına çatmışdım. Rayonda yaşayan rəhmətlik anam dedi ki, “sən nə vaxta qədər belə subay qalacaqsan?”. Ona dedim ki, qoy işlərimi qurum, evim olsun, şəraitim olsun, sonra ailə quraram. Anam dedi ki, “sən şərait qurana kimi bilinmir nə qədər vaxt gedəcək”. Və məni məcbur elədi, onun sözündən çıxa bilmədim. Gördüyüm, bildiyim, münasib olan bir xanımla ailə qurdum. İndi iyirmi yaşında oğlum var, on beş yaşında qızım.

 

 – Natiq müəllim, boyunuzun qısa olmağı sizə problem yaratmayıb?

– Orta məktəbdə 4-cü sinifdə oxuyanda, hiss edirdim ki, belə bir problem var. Moskvaya gedib müalicə olundum bir müddət. Çox təsiri oldu, boyum bir metrdən bir qırx dördə qədər uzandı. Boyumun qısa olmağı mənə o dərəcədə də problem yaratmayıb. Evlənəndə də o qədər şirin-şirin danışdım ki, qızı da yoldan çıxartdım. Mən yoldaşımın gözündə ən böyük kişilərdən biriyəm. Bir dəfə demişdi ki, “yoldaşım mənim gözümdə Koroğludur, Babəkdir, mənim gözümdə ucadır”.

 

 – Hazırda hansı obrazı oynamaq keçir ürəyinizdən?

– Oynamaq deyəndə, mənə bir az da qəribə gəlir. Rejissor tamaşanı götürəndə, obrazları bölür. O bilir ki, bu obrazı kim necə oynaya bilər, bu obraz kimə uyğun gəlir. Mən desəm ki, Hamleti oynamaq isəyirəm, bu, düzgün olmaz. Düzgünü odur ki, mənə hansı obrazlar veriləcəksə, çalışım, onun öhdəsindən gəlim, yaxşı oynayım. Amma belə götürəndə, ən çox sevdiyim bir pyes var -Gilyermo Fiqeyredonun “Ezop” əsəri. Bunun tamaşası da var…

 

– Uzun illərdir ki, səhnədəsiniz, tanınmış aktyorsunuz. Hələ də fəxri adınız yoxdur…

– Mən bu işlə məşğul olmağa başlayanda, heç o barədə düşünməmişdim. Verilərsə, verilər. Aktyor var ki, bunu özünə dərd edir. İntriqalar yaranır. Xəstəlik tapıb ölənlər də olur. Mənim üçün xalqın sevgisi əsas rol oynayır. Hərdən məni efirlərə qonaq kimi dəvət edəndə, əməkdar artist kimi təqdim edirlər. Deyirəm ki, sıravi aktyoram. Deyirlər, elə şey olar? Amma nə zamansa olacaq…

nATIQ f

 – Rejissorlarla iş prosesi sizi qane edirmi?

– Hər rejissorun öz iş prinsipi var. Təbii ki, məşq prosesində, tamaşanı rejissor hazırlayırsa, filmi o çəkirsə, onun sözü önəmlidir. Sadəcə, təklif veririk. Məşq prosesində deyirəm ki, bunu belə etsəm nə olar? Əgər qəbul edirsə, edir. Hər şey tamaşanın rejissorundan asılıdır. Mən bir öz obrazımı düşünürəm, amma rejissor bütün tamaşanı düşünür.

Ümumi götürəndə, rejissor azdır. Hüseynağa müəllimin məktəbini keçdiyimə görə tanıdığım rejissorlarla işləyəndə, istədiyimi ondan ala bilməyəndə, çətinlik çəkirəm.

 

 – Seriallara da dəvət alırsınızmı?

– “Xəzər” televiziyasında “Aramızda qalsın” serialına çəkildim. Hələ ki, serial bir az səngiyib. Daha doğrusu, film çəkilişinə dəvət almışam. Bu barədə isə hələlik danışmaq istəmirəm. Bu, Ramiz Abdullayevin əsəri əsasında “Biznesmen” filmidir. Nail Naiboğli çəkib. Yəqin ki, bu yaxınlarda təqdimatı olacaq. Yenə də Ramiz Abdullayevin ssenarisi əsasında Nail Naiboğlu başqa bir film çəkəcək.

 

– Siz necə baxırsınız seriallara qeyri-peşəkarların çəkilməsinə?

– O bizim yaralı yerimizdir. Bu nədən irəli gəlir? Büdcənin, maliyyənin olmamasından. Pul az olur. Aktyoru dəvət etsə, müəyyən qədər pul verməlidi. Adamlar var ki, özünün marağı var. Əksinə, cibindən pul verir ki, məni çəkin. Heç pul verməsə də, rejissorlara sərf edir ki, adi bir adamı çəksin. İşi getsin. Amma işin keyfiyyətini düşünmür. Açıq etiraf etməliyik ki, o cəhətdən bərbad gündəyik. Yaxşı işlər də var. Tam qılınc vurmaq lazım deyil. Ümumi götürəndə, serial tərəfdən bizdə işlər hələ zəifdir.

 

– Uzun illərdir ki, bu sahədə çalışırsınız. Aktyor maaşının az olması sizi narahat edirmi?

– Təbii ki, aktyorların maaşı azdır. Müəllimlərin maaşı artdı, sevindik. İqtisadiyyatımız gücləndikcə, yəqin ki, bizim də maaşımız artacaq. Hər halda, təkcə teatrın maaşı ilə yaşamırıq. Tədbirlərə, televiziyalara dəvət edirlər, maliyyə məsələsi ordan da həll olunur…

 

– Toylara gedirsinizmi?

– Toylara əvvələr çox gedərdim. Məclisi idarə edirdim, tamadalıq edirdim. Son zamanlar getmirəm. Münasib adam olanda gedirəm…

nATIQ f

   – Belə cavan qalmağınızın sirri nədədir?

– Arvad yaxşı baxıb da. Qoymayıb qocalmağa (gülür). Bu yaxınlarda teatrdan çıxanda, nəzarətçi məni saxladı. Dedi ki, “müəllim, sən saçını harda düzəltdirmisən?”. Dedim ki, “ustam var, istəyirsən, səni onun yanına aparım”. Dedi ki, “saçını əla rəngləyir”. Dedim, “dəlisən nəsən, mən saçıma rəng vururam? Saçım ağarmır da. Məndən asılı deyil…”

 

– Hansı arzularla yaşayırsınız?

– Övladlarımın yaxşı gününü, toylarını görüm. Sənətdə uğurlarım olsun. Bizim sənət elədir ki, son məzara gedənə qədər o obrazı-bu obrazı oynayardım deyirsən. İnsan sənətdə daim istəyir ki, yeni bir tamaşa, yeni bir rol oynasın. Bu elə bir zirvədir ki, ona çatmaq olmur. Zirvəyə qalxdıqca, sonrası gəlir. Arzum budur ki, yaddan çıxmayım. Məni sevən tamaşaçıların ürəyində necə varamsa, elə də qalım. O sevgi itməsin. Amma mənim üçün ən böyük xoşbəxtlik odur ki, dünyamı dəyişəndə, millətin çiynində gedim. Bu, hər adama qismət olmur…

 

Namiq MƏMMƏDLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir