menzil

MTK-lar sakinləri necə aldadır? – Kütləvi maxinasiya

Baxış sayı: 720

Paytaxtda Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən tikilən çoxmənzilli, çoxmərtəbəli binalarda payçılara satılan mənzillərin ümumi sahəsini hesablayan zaman aydın olur ki, müqavilələrdə göstərilən sahənin ölçüsü əslində müqavilədə göstəriləndən azdır. Həmin mənzillərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alan zaman məlum olur ki, MTK-lar mənzillərin sahəsini süni şəkildə şişirdib, payçılara baha satıb və uzun müddət ərzində onlardan bu ölçüyə müvafiq olaraq kommunal haqları toplayıblar.

 

Vüqar Oruc: “Əmlak bazarında böyük canlanma yaranacaq”

“VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tətbiq etdiyi ümumu qaydalar var: “Bu qaydalara görə, daxili sahələr ölçülür və ona uyğun olaraq vətəndaşa çıxarış təqdim olunur. Mənzilin ümumi otaqları çıxarışda hesablansa da, eyvan sahələri müəyyən əmsalla qiymətləndirilir. Yaşayış sahələri olmadığına və otaqlara çəkilən xərc qədər vəsait sərf olunmadığına görə, eyvanın sahəsi 0,3-ə vurulur. Lakin MTK-lər mənzili satan zaman həm eyvanları, həm daxili sahələri, həm də tikinti altında olan sahələri nəzərə alırlar. İstehlakçıya mənzilin daxilindəki sahə yox, həmin mənzilin tikinti altında olan hissəsi, divarları da satılır. Təbii ki, bu, düzgün deyil və Əmlak Məsələləri Dövlət Xidmətinin tətbiq etdiyi qaydalara ziddir”.

“Çıxarış verilərkən real sahə təsbit olunur və bu, daha ədalətlidir. Həm də beynəlxalq protokollara uyğundur. Eyvanların yan tərəfləri yoxdur, yalnız döşəmə hissəsi var və bu baxımdan onu otaq kimi alıcıya sırımaq olmaz. Məhz bu səbəbdən rəsmi sənədləşdirilmə zaman məlum olur ki, mənzilin ümumi sahəsi daha az imiş. Misal üçün, 126 kv.m ev alan istehlakçı çıxarış alan zaman ona aydın olur ki, evin ümumi sahəsi 105 kv.m imiş. Nəticədə ziyan çəkən vətəndaşlar olur. Bu isə yolverilməzdir və payçıların hüquqlarının kobud sürətdə pozulmasıdır. 1500 manata bir kv.m mənzil alan vətəndaş faktiki olaraq hər kv.m-ə görə 1700 manat vəsait ödəyir”, – deyə ekspert vurğulayır.

V.Orucun fikrincə, bu məsələdə vahid mexanizmlərin tətbiqinə ehtiyac var: “MTK-lar buna görə məsuliyyət daşıyır. Düşünürəm ki, bununla bağlı inzibati tənbeh tədbirləri görülməlidir. Çıxarış alan zaman ümumi sahənin şişirdilməsi halları təsdiqini taparsa, bu zaman vətəndaşa dəyən ziyanın geri qaytarılması və cərimələr nəzərdə tutulmalıdır. Belə olarsa, tikinti şirkətləri payçıların hüquqlarını pozmaq ənənəsinə son qoymuş olar”.

Əmlak eksperti İradə Şükürova da deyir ki, uzun illərdir tikinti şirkətləri payçıların hüquqlarını pozmaqda davam edir: “Bir zamanlar MTK-lar vətəndaşlara qarşı açıq şəkildə dələduzluq cinayətlərinə yol verir, bir mənzili iki və daha çox alıcıya satırdı. Şirkətlərin faktiki sahibləri “qurbanlıq” şəxsləri həmin şirkətlərə direktor təyin edir, problem yarandığı zaman həmin direktorlar hüquqi məsuliyyətə cəlb olunurdular. Bu məsələ kütləviləşdiyinə görə, sonradan qarşısı alındı və demək olar ki, son zamanlar belə hallara rast gəlmirik. Bəziləri isə vətəndaş şikayəti olduğu halda vəsaitləri geri qaytarırdılar. Onlar arada olan bir və ya bir neçə ildən istifadə etməklə həmin vəsaitlərdən öz qazanclarını artırmaq məqsədilə istifadə edirdilər”.

Həmsöhbətimiz mənzilin sahəsinin artıq göstərilməsini birbaşa qanun pozuntusu adlandırır: “Payçıların hüquqları var ki, buna görə məhkəməyə müraciət etsinlər. Bununla bağlı ümumi qaydalar var. Mənzillərin yalnız yaşayışa yararlı hissəsi ümumi sahəyə aid edilə bilər. Eyvanlar isə qismən yaşayış sahəsidir. MTK-lar isə binaya aid yaşayış hissələrinin də pulunu payçılardan alır. Nəticədə çıxarış alan zaman vətəndaş 15 faizdən artıq sahəni itirmiş olur. Hansı ki, bu sahəyə görə, əlavə vəsait və uzun müddət artıq kommunal haqqı ödəyib”.

Şükürova əlavə edir ki, tikinti normativləri qəbul edilməlidir: “Daha bir ciddi problem binaların üz-üzə tikilməsidir. Halbuki, bu, qanunvericiliyə ziddir. Bəzən bu səbəbə görə binanı istismara qəbul etmirlər. Sakinlər illərlə çıxarış ala bilmirlər. Öz halal evlərinə qeydiyyata düşmək imkanından məhrum olurlar. Heç olmasa bundan sonra inşa ediləcək tikililərdə bu qaydaların tətbiq olunmasına ciddi ehtiyac var. Qanunvericilik bazasının təkmilləşdirilməsi, payçıların hüquqlarını pozan MTK-lərin məsuliyyət məsələsi də qanunda öz əksini tapmalıdır”.

 

Azər Niftiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir