tehsil krediti

Ödənişsiz təhsili niyə ödənişliyə dəyişirik?

Baxış sayı: 1. 153

Son illər ölkədə təhsilini yarımçıq qoyub xarici universitetlərə üz tutan gənclərin sayı artır. Onların içərisində yüksək balla yerli universitetlərə qəbul olub ödənişsiz təhsil alanlar da çoxluq təşkil edir. Əvvəllər sonradan xaricdə təhsil fikrinə düşənlər bu istəklərini magistratura dövrünə saxlayırdılar. Ancaq artıq 2 kurs oxuyandan sonra da imtina edib getməyi gözə alırlar. Səbəb nədir?

qosqar meherremli

Daha 2 ili hədər verməmək üçün

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, hazırda dünyanın çox az universiteti tələbələrə peşələrində lazım olacaq bacarıqları öyrədir: “Hazırda dünyanın bir çox universitetində bu problem yaşanır. Bazar sürətlə yenilənir, universitetlər isə bu yenilənmədən geridə qalır. Bunun nəticəsində bir çox ali məktəb məzunu 4 illik təhsili boyunca öyrəndiklərini bazarda tətbiq etmədiyini görür. Ona görə, tələbələr universitetdə oxuyanda bu biliklərin təcrübədə onlara lazım olub-olmayacağı haqda düşünürlər. Dünyada insanlar get-gedə praqmatist olurlar. Biz də istisna deyilik. Bu praqmatizm 4 il zaman israfına normal baxa bilmir. 1-2 il itirməyə razı olur, amma düşünür ki, daha 2 ili hədər verməyim”.

 

Praktiki bacarıq qazanmaq istəyi

Q.Məhərrəmovun sözlərinə görə, təhsili yarımçıq qoyub gedən tələbələrin seçdikləri universitetlər onlara daha praktiki bacarıqlar qazandırır: “Daha çox inkişaf etmiş ölkələrə, yaxşı təhsil olan yerlərə üz tuturlar. Dünyanın ən yaxşı 10-20 inkişaf etmiş ölkəsinə gedənlər, əlbəttə ki, doğru qərar verirlər. Immiqrasiya və emiqrasiya dünyanın naturasıdır. Bizdən də gedəcək, gələn də olacaq. Gedənimiz daha çox olacaq. Çünki biz inkişaf etməkdə olan ölkəyik, resurslar daha məhduddur”.

Təhsil mütəxəssisi bildirdi ki, tələbələr həm də xaricdə təhsilin qazandırdığı üstünlükləri nəzərə alaraq belə seçim edirlər: “Tələbələr xaricdə təhsilin prestijini, xaricdə oxuyanların Azərbaycandakı məzunlara nisbətən daha bilikli, bacarıqlı, səriştəli olduğunu görürlər. Seçimlərində bu da böyük rol oynayır”.

Komandamız - Addım.at

Təhsil üçün risk

Xaricdə təhsil üzrə mütəxəssis Toğrul Ələkbər deyir ki, gənclərin daha yaxşı təhsil üçün riskə getmələri təqdirəlayiq haldır: “Rəqabətli əmək bazarı var. Tələbə elə təhsil müddətində başa düşə bilər ki, hazırda aldığı təhsil əmək bazarında ona bəs etməyə bilər, yaxud hazırda daha yaxşı təhsil almaq imkanı var. Ona görə də, təhsil üçün belə qərar vermələri normaldır. Düzdür, bu, riskdir. Çünki heç də hər zaman bu adamlarla istədikləri nəticəni əldə edə bilmirlər. Amma təqdirəlayiq hal odur ki, bu gənclər təhsil üçün riskə getməyə hazırdırlar”.

 

İlk semestr hər şey yaxşı idi

Getmə səbəbləri ilə bağlı tələbələrin özləri ilə də həmsöhbət olduq. Səbuhi Ağayevin hələ orta məktəb illərindən xaricdə təhsil almaq fikri olsa da, şərait elə gətirir ki, ölkədə təhsil almağa başlayır: “583 bal yığıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ingilis dilində təhsil verən mekatronika və robototexnika ixtisasına qəbul oldum. İlk semestr hər şey yaxşı idi, koronavirusdan sonra onlayn təhsilə keçdik və təhsilin keyfiyyəti çox aşağı düşdü. Artıq qərar verdim ki, xaricdə təhsil alım. Litvanın Vilnüs Texniki Universitetində öz ixtisasım üzrə təhsil qazandım və 1-ci kursdan başladım”.

 

“Laboratoriya prosesini xəyal edirdik”

Səbuhi ölkədə ödənişsiz təhsil alsa da, hazırkı təhsil üçün 3500 avro ödəyir. Ödənişsiz təhsili ödənişliyə dəyişən Səbuhi iki təhsil arasında fərqdən də danışdı: “Bir semestr ərzində bir-iki dəfə universitetin fizika laboratoriyasında olmuşuq. Avadanlıqlar SSRİ-dən qalma, köhnə idi. Burda dərslərimiz ikihissəlidir. Fənn və fənnin tətbiqi. Məsələn, bizim kimya laboratoriyamız var. Dərsə başladığımız 10 gün içərisində artıq laboratoriyada özüm iş gördüm, nəticə əldə etdim. Azərbaycanda isə biz laboratoriya prosesini xəyal edirdik”.

 

“Nəyəsə etiraz etsəm, balım kəsilər”

Rəna Şirinova da ödənişsiz əsaslarla olan təhsilindən imtina edib xaricdə ödənişli təhsili seçənlərdəndir. Deyir ki, təhsil mühiti və aldığı təhsil onu qane etmədiyi üçün belə seçim edib: “593 balla İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olmuşdum. Təhsili yarımçıq qoyma səbəbimə gəlincə, ilk olaraq tələbə və müəllim münasibətlərinin düzgün qurulmadığını gördüm. İxtisas və qeyri ixtisas müəllimləri arasında da çox böyük fərqlər vardı. Fəlsəfə, Azərbaycan dili, tarix fənlərində müəllimlər çox yaxşı izah verirdilər, tələbələrlə necə davranmaq lazım olduğunu da bilirdilər, o dərslərdə çox şey öyrənirdik. Amma iqtisadiyyatla bağlı müəllim var idi, dərs boyunca danışırdı, amma danışdıqlarının bizə heç bir qatqısı yox idi. Xaricdə isə professorlar (təbii ki, yüz faizi yox, lakin çoxluq) tələbə ilə səmimi münasibət qurur, professor olmaqla bərabər, psixoloq rolunu da oynayır. Dərslər əzbərçilik yox, hər kəsin fikir bildirib sual verəcəyi bir sistemdə qurulur”.

 

Xaricdə təhsilin qatdığı dəyər

Rəna deyir ki, təhsil üçün xaricə getmə səbəblərindən digəri isə universiteti bitirdikdən sonra iş tapmaq problemidir. Deyir ki, həm də xaricdə təhsil alıb gələnlərə daha çox dəyər verilir: “Ölkə xaricində bir il oxuyub gəlmiş insan ölkədə 6 il yüksək dərəcələrlə təhsil almış savadlı tələbədən daha çox dəyər görür”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir