elektron siqaret

Elektron siqaretin ağır fəsadları – ürək-damar xəstəliklərindən xərçəngədək…

Baxış sayı: 918

Dünyanın bəzi ölkələrində elektron siqaretlərlə bağlı yeni təhlükə yaranıb. Tütün məhsulları ilə mübarizə yollarından biri kimi nəzərdə tutulsa da, sonradan bəlli olan əks təsirlərə görə elektron siqaretlər qadağan olunub.

Məsələn, ABŞ-ın Qida və Dərman Təşkilatı (FDA) ötən il meyvə, şəkər, nanə, şirniyyat ətirli bütün elektron siqaretlərin istehsalı və satışının qadağan olunması barədə qərar çıxarıb. Xüsusilə uşaqlar və gənclər arasında xüsusi iyli elektron siqaretlərin geniş yayılması, orqanizmdə yaranan fəsadlardan dolayı xəstəxanalara müraciətlərin çoxalması ABŞ hökumətini bu addımı atmağa vadar edib. Veypinq kiçik bir cihaz vasitəsi ilə icra olunur, tərkibindəki maye isidici elementlərin üzərinə verilir və buxarlanaraq aparatin siqarabənzər hissəsinə yönəlir. Buxarlanan maye tərkibinə görə fərqlənir, lakin əsasən 3 hissədən ibarət olur: propilen qlikol, bitki qliserini, distillə edilmiş su. Bundan əlavə, nikotin, boyaq maddələri və aromatizatorlardan istifadə olunur. Nikotinin faiz nisbəti 0%-dən 3.6%-ə kimi dəyişə bilər. Mayenin tərkibi ilə bağlı standartların olmadığı və keyfiyyət yoxlanması aparılmadığına görə, tərkibinə əlavə toksik maddələr də qatıla bilir.

Elektron siqaretlər Braziliya, Kanada, Danimarka, Türkiyə, Norveç, Avstraliya, Uruqvay, İordaniya, İtaliya, BƏƏ-də qadağan olunub. 2008-ci ildə ÜST tərəfindən elektron siqaretlərin nikotinəvəzedici təsirinin sübut olunmadığı müəyyən edilib və sağlamlığa ziyansız bir üsul kimi reklam olunması qadağan edilib.

Bu il Rusiyada elektron siqaretin yaratdığı EVALI (E-ciggarete or vaping product associate lung injury, Elektron siqaret və ya vaping məhsulu ağciyər zədələnməsi) xəstəliyinə ilk yoluxma halı qeydə alındı. Ötən ilin əvvəlində isə bu xəstəliyə ABŞ-da 2758 nəfər yoluxmuşdu, 64 nəfər isə dünyasını dəyişmişdi.

Tədqiqatlarda aşkar olunub ki, elektron siqaret istifadəsi hüceyrələrin DNT-sinə də təsir edə bilər. Veypinq onkoloji xəstəliklər riskini artırır, ağ ciyərlərə və bronxial sistemə mənfi təsir göstərir, ürəkdə miokard infarktı riskini yüksəldir. Bununla belə, adi siqaret çəkilməsi ilə müqayisədə bu risklərin daha az olduğu müəyyən edilib. Bəs Azərbaycanda necə, EVALI təhlükəsi varmı?

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Gülnar Qasımova bildirdi ki, hazırda dünyada istər tütünün zərərləri, istərsə də digər mövzularda maariflənmək üçün kifayət qədər vasitə, vəsait var: “Bu sahədə biz, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi mütəmadi olaraq tütünçəkmə ilə mübarizə üsullarına üstünlük veririk.Əhalinin maarifləndirilməsi məqsədilə İSİM tərəfindən ”Hər günün tütünsüz olsun!” aksiyasına həsr olunmuş www.nosmoke.az ttp://www.nosmoke.az/ saytı yaradılıb. Aksiyaya yüzdən çox insan, o cümlədən xarici ölkələrdən iştirakçılar qoşulub, eləcə də tütünlə mübarizəyə aid hər kəs üçün faydalı məlumatları özündə cəmləşdirən www.tobaccocontrol.az ttp://www.tobaccocontrol.az/ elektron portal da fəaliyyət göstərir. Buraya daxil olub elektron kalkulyator vasitəsilə insanlar siqaret istifadəsinin onların gəlirlərinə də nə qədər ziyan vurduğunu hesablaya bilərlər. Bundan əlavə, bizim “tütündən imtina et” mobil əlavəmiz də var. Eləcə də fevral ayının 1-dən İSİM tərəfindən “tütündən imtina” qaynar xətti də yaradılıb-050-800-70-45. Vətəndaşlar həftəiçi 5 gün saat 10:00-dan 18:00-a qədər bu nömrələrlə istər zəng, istərsə də “whatsapp” vasitəsilə əlaqə yaradıb tütündən imtina etmək və tütünün zərərləri barədə tibbi-psixoloji tövsiyə əldə edə bilərlər”.

Odsuz tüstü: Elektron siqaretlər dəb aksesuarı, yoxsa təhlükə mənbəyi? - ARAŞDIRMA | Report.az

Gülnar Qasımova uşaqların, yeniyetmələrin tütün istifadəsindən yayındırılması üçün valideynlərin maariflənməsinə ehtiyac olduğunu vurğuladı: “Biz hələ də bu problemlə üz-üzəyiksə və gələcək nəsillərimizin sağlamlığı bu baxımdan təhlükə altındadırsa, tək valideynlər arasında yox, bütün əhali qrupları arasında maarifləndirmə aparılmalıdır. Ümumiyyətlə sosial, psixoloji və genetik faktorların birləşməsi nəticəsində siqaret çəkmə vərdişi daha çox uşaqlıq və gənclik dövründə ortaya çıxır. Uşaqların dörddə üçü valideynlərinin siqaret çəkib-çəkməməsindən asılı olmayaraq 5 yaşına çatdıqda artıq siqaretin nə olduğunu öyrənirlər. Bu baxımdan valideynləri cəmiyyətdə həssaslıq yaratmaq üçün daha məsuliyyətli olmağa çağırırıq. Ailədə valideynlərin siqaret çəkdiyini görüb böyüyən uşaq, siqaretin həyatın ayrılmaz bir hissəsi olduğunu fərz edə bilər. Müxtəlif qadağalar və tövsiyələr uşağın siqaret çəkmə meylini bir müddət təxirə sala bilər, amma şüuraltındakı siqaret çəkmək istəyi əlverişli vəziyyət olduqda uşağı siqaret çəkməyə məcbur edəcək. Övladların yanında siqaret çəkib, onun zərərini izah edən və məsləhət verən böyüklərə uşaqlar əlbəttə ki, etibar etməyəcək. Bu səbəbdən də yetkinlər məsləhət verməkdənsə, nümunə ola bilərlər. Nəzərə almalıyıq ki, uşaqlar yalnız evdə deyil, məktəbdə, restoranlarda, avtomobillərdə, ictimai nəqliyyatda və digər ictimai məkanlarda da siqaret tüstüsünə məruz qala bilərlər. Ölkəmizdə qapalı yerlərdə və ictimai nəqliyyatda siqaret çəkməyin qadağan edilməsi bu məruz qalmanın qarşısını müəyyən qədər alsa da, uşaqları passiv siqaret çəkməkdən tam qorumaq hələ də mümkün deyil”.

Həkim-metodist elektron siqaretlərin yaratdığı təhlükə barədə danışarkən bildirdi ki, bu məhsulların indiyədək hər hansı uğurlu nəticə verdiyi sübut olunmayıb: “Tərkibi nikotin və ya əvəz etmək üçün digər kimyəvi maddələrlə zənginləşən elektron siqaretlər ürək-damar sisteminə, agciyərlərə, dişlərə və digər həyati vacib orqanlara həddindən artıq zərər verir. Bir neçə il əvvələ qədər dünyada elektron siqaretlərdən yaranan ölüm faizi ildən-ilə artırdı. Bu gün isə sevindirici haldır ki, bir çox ölkələr artıq elektron siqaretlərin həm istehsalına, həm də ölkəyə idxal olunmasına qadağalar qoyur. Biz də hər zaman elektron vasitələrin insan sağlamlığı üçün təhlükələr doğurduğunu tütündən imtina etmək istəyən şəxslərin nəzərinə çatdırırıq”.

 

Nigar HƏSƏNLİ

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir