Balam nə vaxt dil anlar?

Baxış sayı: 2. 114

İnsan doğulduğu andan öz istəklərini, tələblərini ağlamaqla əldə etməyə çalışır. Böyüdükcə ağlamağı qırıq-qırıq sözlər, səslər, sözlər, cümlələr əvəz edir. Araşdırmalar zamanı məlum olub ki, körpə uşağın ağlaması zamanı səslərin çıxarılması üçün dodaq, çənə və dil hərəkətləri təkrarlanır. Beləcə səs və tənəffüsü tənzimləmə bacarığı inkişaf etməyə başlayır.

Düşüncələri ifadə etmə vasitəsi olaraq istifadə etdiyimiz simvolik bir vasitə olan şifahi dil ağciyərdən gələn havanın boğaz, ağız və burun yolunda formalaşması nəticəsində yaranan səslərə çevrilərək qarşımızdakı insanların qulaqları tərəfindən ala biləcəkləri bir formaya çevrilir. Uşaqlarda dil inkişafının müəyyən bir dönəmi var. Bəzi uşaqlar 1, 3, bəziləri 7-8 yaşlarında ancaq danışırlar. Təbii ki, bu da çox zaman valideynlərin haqlı narahatlıqlarına səbəb olur. “Oğlumun 3 yaşı var, hələ də danışa bilmir”, “Uşaq niyə gec dil açır, başa düşə bilmirəm”, “Qardaşı tez danışmışdı, bu uşaqda dil qüsuru var, deyəsən” deyən valideynlər yeməyin, yatmağın fərdi olduğu kimi danışmağın da fərdi olduğunu unudurlar. Valideynlər elə düşünürlər ki, uşaq 1 yaşından sonra mütləq başa düşməli və danışmalıdır. Bu proses bir qədər gec baş verirsə, valideyn öz keçmişini araşdırmaqla yanaşı, övladını da həkimə, psixoloqa, loqopedə göstərir.

Loqoped Arzu Əhmədovanın sözlərinə görə, danışma üçün xüsusi tək bir orqan yoxdur. Danışma bir çox orqanın birgə hərəkəti nəticəsində yaranır və zamanla avtomatik vəziyyətə gəlir. Bunu öyrənmək üçün isə uşağa zaman lazımdır. Hər bir uşağın danışmağa başlama qabiliyyəti isə fərdidir. “Bəzən valideynlər deyir ki, uşağımın dilində problem var, yəqin, ona görə danışmır. Danışmaq təkcə dillə əlaqəli deyil. Danışma beynin siqnalıdır. Uşaqlar danışmağı yaxınlarından, əsasən də analarından öyrənirlər”.

Əhmədova deyir ki, uşaqda danışma inkişafı mərhələli şəkildə olur. Onlar 0-2 ayında səsə qarşı reaksiya verir və müəyyən səslər çıxararlar. Musiqi və danışığa qarşı reaksiya verirlər. Öz-özünə bəzi hecaları təkrarlayarlar. 3-5-ci aylarda daha uzun və davamlı səslər çıxarırlar. Onunla danışılan zaman səslər çıxararaq reaksiya verirlər. 6-9-cu aylarda səs tonunu müəyyənləşdirə bilirlər. Diqqətə çarpan hecalar deyirlər. 9-12 aylarda körpələr eşitdikləri səsləri təkrarlaya bilirlər. 1 yaşında isə ata, ana kimi sözləri tək-tək deməyi bacarırlar. Bu yaşdan sonra uşaq bir və ya daha çox sözü doğru mənasıyla istifadə edə bilir. Bu dövrdən sonra uşaqlarda öyrənmə sürətli reallaşır, özünü inkişaf üçün eşitdikləri sözləri tez-tez təkrarlayırlar.

Bəzi uşaqlar iki yaşdan etibarən bir neçə sözlük cümlələr istifadə edə bilirlər. Söz xəzinəsi artsa da, axıcılıq hələ bu dövrdə zəif olur. “İki yaşdan sonra uşaq adını deyə bilər. 2 ildə söz xəzinəsini genişləndirən uşaqlar bu yaşda 200-ə yaxın söz bilirlər. 3 yaşdan etibarən, danışma yaxşı inkişaf etməyə başlayır. Uşağın söz xəzinəsində 400-ə yaxın söz olur. 4 yaşlı uşaq müxtəlif anlayışları öyrənməyə başlayır. Ədədləri, rəngləri bilir, asanlıqla adlandırır və çox sayda sual verir. 5 yaşdan etibarən isə uzun cümlələr qurur, bunu təkrar edə bilirlər. Bu yaşda uşaqlar uzun söhbətlərə də qatıla bilirlər. 5 yaşında uşaq zaman anlayışını da (bu gün, sabah, axşam kimi) başa düşür: “Ancaq qeyd edək ki, hər uşağın dil inkişafı belə rahat və problemsiz keçmir. Uşaq körpəlik dövründə keçirməsi lazım olan bu dövrlərdən birinə ilişib qaldığı zaman gecikmiş danışma pozuntusu müşahidə edilir. Bu da uşaqdan asılı deyil”.

Danışma pozuntularının bəziləri danışma orqanlarının bəzi çatışmazlıqlarından qaynaqlana bilər. Dodaq damaq yarıqlığı, diş problemləri, dilaltı bağın uzun olması, çənə əzələləri, sinir sistemi zədələnmələri, görmə və eşitmə qeyri-kafiliyi, zehni yetərsizlik və s. Bəzən danışma pozuntularında danışma orqanları normal inkişaf etdiyi halda danışma vəzifələrini lazımi qədər istifadə edə bilmir.

Həmsöhbətimizə görə, uşağın danışmasında ailənin böyük rolu var. Belə ki, uşağın yaşadığı ailədə danışılan dilin xüsusiyyətinin xarab olması, xarici dil istifadə edilməsi, model olacaq insanların azlığı, səhv öyrənmələr və vərdişlər, uyğunlaşma problemləri, daxilə qapalı olmaq, maraqsızlıq uşağın gec danışmasına səbəb ola bilər. “Uşağın tez dil açmasına yardım etmək üçün onunla danışmaq lazımdır. Uşaq ilk heca və səsləri çıxarmağa başladığı zaman dediyi səsləri ona təkrarlayın. Onunla tez-tez danışın. Çalışın ki, dediyiniz cümlələr qısa və sadə olsun. Onlara yaşına uyğun mahnılar, yanıltmaclar deyin. Müxtəlif barmaq oyunlarından istifadə edin”.

Uşaqlarda mənalı danışma hər il təxminən 25 faiz artır. Körpə 1 yaşında 25 faiz, 2 yaşında 50, 3 yaşında 75 və 4 yaşında 100 faiz nisbətində mənalı olaraq danışmağa başlayır. Mənalı danışmada əhəmiyyətli gecikmələr dil təhsilini daha da uzada bilər. “Əgər övladınız 5 yaşındadırsa və hələ də mənalı danışa bilmirsə, mütəxəssislə məsləhətləşəməyi düşünün. Bunun ciddi səbəbləri də ola bilər”.

İradə Cəlil   




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir