DERS

Məktəblərdə şagird sıxlığı problemi – Səbəblər və çıxış yolları

Baxış sayı: 816

Hazırda təhsil sahəsində əsas problemlərdən biri də siniflərdə yaşanan şagird sıxlığıdır. Bu, daha çox Bakı və Abşeron məktəblərində müşahidə olunur. Şagird sıxlığı təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

T-Networkun baş mütəxəssisi, biologiya müəllimi Qoşqar Məhərrəmov qeyd edir ki, məsələnin əsas səbəblərindən biri məktəblərin keyfiyyətli təhsil verməməsi ilə bağlıdır:

qosqar meherremli

“Burada əsas səbəblərdən biri məktəblərin keyfiyyət məsələsidir. Bəzi təhsil müəssisələri prestijlərini yüksəldərək insanların digər məktəbləri  seçməsinə əngəl olur. Bir çox regionumuzda kifayət qədər məktəb var, xüsusən də, Bakıda. Sadəcə, müəyyən məktəblər digərlərindən keyfiyyət,  infrastruktur və səriştə baxımından  fərqləndiyi üçün onlara daha çox rəğbət var.

İnsanlar uyğun ərazidə  yaşamasalar belə, həmin məktəbi seçirlər. Belə ki, şəxslərin təhsil azadlığı var və onlar şəhərin bir başından o biri tərəfinə gedib təhsil ala bilirlər. Sırf keyfiyyət fərqi var deyə, məsələn, Hövsandan Nərimanova  gələn şəxslər olur. Bu da bir məktəbdə 40, digərində  isə 15 nəfərin olmasına şərait yaradır, və siniflərin kompleksləşdirilməsində çətinlik törədir. Bunun həlli üçün bütün məktəblər yaxşı inkişaf etməli və şagirdlər yaşadıqları ərazidə ən yaxın olan  təhsil müəssisəsini seçməlidirlər. Belə olduqda, onlar xüsusi olaraq başqa məktəbə getməyə can atmayacaqlar. Həmin  rəğbət göstərilən məktəblərdə isə sıxlıq olmayacaq”.

Qoşqar Məhərrəmov bildirir ki, insanların kirayədə qalması da məktəb sıxlığına birbaşa təsir edir:

“Sıxlığın qarşısını almaq üçün məktəblərə yazılma haqqını məhdudlaşdırmaq lazımdır. Hər kəsin bölgəsinə görə məktəbini təyin etməsi daha düzgün olardı. Bunun mümkün olmamasının səbəbi  ölkədə minlərlə insanın kirayədə qalması və onların da böyük qisminin rəsmi olaraq həmin ünvanda qeydiyyatda olmamasıdır. Kirayə kontraktının olmaması  vətəndaşların yaşayış yerinə uyğun məktəb seçə bilməməsinə və bu da sıxlığın yaranmasına gətirib çıxarır. Bu səbəbdən də bəzi məktəblərdə sinif otaqları boş qalır”.

ders

Rusdilli siniflər də sıxlığın yaranmasına yol açır:

“Sıxlığın yaranmasının digər səbəblərindən biri də rusdilli məktəblərə rəğbətin çox olmasıdır. Rusdilli siniflərdə müxtəlif səbəblərdən çox şagird təhsil alır. Buna görə bəzi valideynlər məktəb direktorlarına xüsusi xahişlər edir, onlara məktublar göndərir ki, övladları rusdilli siniflərdə təhsil alsın. Belə olduqda, 25 nəfərlik sinif tədricən 35 nəfərlik sinifə çevrilir. Onu yarı bölmək də mümkün olmur, çünki bu qədər sinifə dərs demək üçün müəllim də yoxdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir