aile

Uşaqların xətrinə boşanmamaq olarmı?

Baxış sayı: 688

“Uşaqlı sərnişinlər əvvəlcə öz maskalarını, sonra uşaqların maskalarını taxmalıdır”.

Təyyarə ilə səyahət edən insanlar yəqin ki, bu təhlükəsizlik anonsunu çox eşidib. Yuxu və qidalanma rejiminə fikir verməyən gənc analara da çox vaxt bu misal çəkilir: “Əvvəlcə öz maskanı tax”. Burdakı mesaj aydındır. Yəni “birinci sən”. Hətta ölüm-qalım məsələsi belə olsa, birinci özünü, öz psixoloji və fiziki sağlamlığını qorumalısan ki, övladını da qorumağa gücün olsun.

Bunun əksi olaraq ölkəmizin mədəniyyətinə hopmuş, “Yemədim yedirtdim, içmədim içirtdim”  – deyə bir deyim də var. Buna görə də valideynlər gələcəkdə övladından hər hansı bir “vəfasızlıq” gördüyü zaman bu, onları daha çox incidir, məyus edir.

Bu və bu kimi fədakarlıqlara tərəflərdən birinin, yaxud hər ikisinin istəmədikləri evlilik münasibətini uşaqların xətrinə davam etdirməsi də daxildir.

Uşaqlar valideynlərin ən dəyərli sərvəti olsa da, ana-atasız böyüməsinlər deyə, istəmədiyimiz bir evliliyi davam etdirmək uşaqların hər gün davalı, söz-söhbətli, valideynlərin bir-birindən daima narazı olduğu gərgin bir mühitdə böyüməsinə səbəb olur. Nəticə etibarilə uşaqlar bu gərgin auranı normallaşdırır və həyatı da bu cür dərk etməyə başlayırlar. Uşağın bu cür gərgin və miskin bir mühitdə böyüməsi onda dava-dalaşın, söyüşün, zorakılığın normal olduğu təəssüratını yaradacaq. Digər tərəfdən, valideynlərin daima gərgin olduğu bir mühitdə uşaqlar lazımınca qayğı və sevgi görmür, adətən diqqətdən kənar qalırlar.

İçində xoşbəxtlikdən əsər-əlamət qalmayan bir evliliyi davam etdirmək o evdəki uşaqda da “xroniki” bədbəxtliyə yol açacaq. Ən pisi də, bu hal böyüdükdən sonra da onun həyatında normala çevriləcək. Mütəxəssislər ana-atanın xoşbəxt olmadığı bir evdə böyüyən uşaqların gələcək həyatlarında da xoşbəxt olma şanslarının azaldığını deyirlər. Çünki uşaqlar özləri də fərqində olmadan valideynlərinin davranışlarını nümunə götürüb böyüyürlər. Bu cür uşaqlar ya ancaq oyuncaq və əşyalarla xoşbəxt olacaq, ya da heç xoşbəxt olmayacaqlar.

 

Uşaq – evin sevincidir

Yəqin hamı qəbul edər ki, uşaq evə, ailəyə sevinc bəxş edir. Bəs əgər valideynlər birlikdə bədbəxt hiss edir və yola gedə bilmirlərsə, həmin evdə uşaq xoşbəxt ola bilərmi?

Problemli ailə münasibətlərində, problemlərin həlli üçün çoxları tərəfindən ənənəvi “qayda” dünyaya uşaq gətirmək hesab edilir. Əksəriyyət problemli evliliklərdə həmin problemləri aradan qaldırmaq üçün uşağı bir strategiya, evliliyə yenilik qatmaq kimi qəbul edir. İnsanlar düşünürlər ki, uşaq valideynlərin başını qatacaq, onlara sonsuz sevinc və xoşbəxtlik bəxş edəcək. Beləcə, iki insan arasında olan xarakter fərqlilikləri, fərqli həyat tərzləri və dünya görüşləri ilə bağlı məsələlər bir anda yox olub gedəcək. Bəlkə də, ilk başlarda bu, mümkün olur. Evlilikdəki problemlər uşağın sevinci ilə şkafa qoyulur və ağzı bağlanır. Amma bir gün gəlir, onsuz da uşaqla artan dolanışıq qayğıları ilə yanaşı, bir rus atalar sözündə deyildiyi kimi, “Şkafın qapıları açılır və bütün skletlər yerə tökülür”.  

Həyatın dönüm nöqtəsi: Uşaq sahibi olmaq

Həyatı boyunca insan bir neçə dönüm nöqtəsi ilə qarşılaşır: iş, ailə qurmaq və övlad sahibi olmaq. Bunlardan ən vacibi də elə uşaq sahibi olmaq və onu boya-başa çatdırmaqdır. Dəyişkən dünyamızda demressiyanın, bədbəxtliyin və naşükürlüyün yoluxucu xəstəlik kimi yayıldığı yeni dönəmdə sağlam psixologiyaya sahib uşaq böyütmək daha da çətinləşib. Digər tərəfdən, ailədaxili konfliktlərin artması həmin ailədə böyüyən uşaqlarda travmalara səbəb olur. Bu da onların özlərinə və cəmiyyətə münasibətlərinə təsirsiz ötüşmür. 

 

Uşaqlarda ana-ataya qarşı fikirləri formalaşdıran valideynlər özləridir

Uşaq böyütmək üçün əsas qızıl qayda isə insanın fərdi xoşbəxtliyə sahib olmasıdır. Uşaq üçün sizi bədbəxt, ümidsiz hiss etdirən evliliyi davam etdirmək, həyatın təbii axışını pozur, gündəlik yaşayışın keyfiyyətini aşağı salır və bu da fərdi bədbəxtliyə gətirib çıxarır. Məsələn, əri tərəfindən həyatı məhdudlaşdırılmış və buna boyun əymiş qadın bütün arzu və istəklərini övladının üzərində qurmağa başlayır. Öz istəklərini uşağın reallaşdırması üçün ona psixoloji təzyiqlər edir. Yaxud əri tərəfindən fiziki zorakılığa məruz qalan qadın boşanmamaqla yanaşı, uşaqların yanında ata modelini alçaldır, ona qarşı uşaqlarda nifrət, kin, yaxud qorxu formalaşdırır. Həyat yoldaşından narazı kişi bununla bağlı övladının yanında daima deyindiyi üçün uşağın ananın zəkasına və fikirlərinə marağı azalır, ananı bacarıqsız, “qanmaz” qadın kimi görməyə başlayır. Beləcə, tərəflərin bir-birləri ilə bağlı fikirləri uşaqlarda da ana və ataya qarşı münasibəti formalaşdırır.

 

Valideynlərin duyğuları yoluxucudur 

İnsan başqasına yaxşılıq etmək, ona köməklik göstərmək üçün ilk növbədə özünü yaxşı hiss etməlidir.  Borca pul verə bilmək üçün cibinizdə pul olmalıdır. Bu, valideynlərə də aiddir. Uşağınızın xoşbəxt və dinc olmasını istəyirsinizsə, hər şeydən əvvəl siz və onların yaşadığı mühit xoşbəxt və dinc olmalıdır.

Valideynlərin diqqət etmədiyi ən vacib məsələlərdən biri budur ki, uşaqlar onların duyğularından da təsirlənirlər. Nə qədər gizlətməyə çalışsalar da, heç bir problem yoxmuş kimi davransalar da, uşaqlar valideynlərinin arasındakı münasibəti görür, dediklərini eşidir və onların hisslərini duyurlar. Uşaqlar yalnız valideynlərinin onlara olan münasibətlərindən təsirlənmirlər. Valideynlər arasındakı münasibətlər də uşaqlar üzərində əhəmiyyətli bir gücə malikdir. Həyat yoldaşları arasındakı sözlü, fiziki və ya psixoloji qarşıdurmalar nəinki uşaqlarda özünə hörməti azaldır, həm də özlərinə dəyər vermək qabiliyyətlərinə mənfi təsir göstərir. Xüsusilə, çox kiçik yaşlarda uşaqlar  eqosentrik psixologiyaya sahib olurlar. Bu, onların ətraflarında baş verən hər hadisənin səbəbkarı olduqları hissinə qapılmalarına rəvac verir. Özlərini valideynləri arasındakı problemlərin günahkarı olaraq görür və günahkar hiss edirlər.

 

Problemli valideynlər problemli övladlar böyüdürlər

Valideynlər arasında baş verən hər hansı bir mənfi hadisə, dava-dalaş uşaqların psixologiyasına dolayı yola və birbaşa təsir göstərir. Uşaqlar valideynləri vasitəsilə həyatla və insanlarla münasibət qurmağı, problemlərin öhdəsindən gəlməyi öyrənirlər. Gələcəkdə valideynlərindən gördüklərini həyatlarında tətbiq edir, münasibətlərində eyni davranışları sərgiləməyə başlayırlar. Ailə münasibətlərinin necə idarə ediləcəyini və problemləri necə həll etməli olduqlarını öyrənməsələr, bunlarla qarşılaşanda doğru qərarlar verə bilməyəcəklər.

Digər tərəfdən, valideynlər arasında ailə münaqişələrinin səbəb olduğu narahatlıq, depressiya və bədbəxtlik də uşağa mənfi təsir göstərir. Qayğı içindəki bir ana, yaxud əsəbi, narahat bir ata uşağa yetərincə dəstək göstərə bilməyəcək. Onlar valideynlik rollarını uşaq üzərində qurduqları təzyiqlə, nataraz davranışlarla (bir üzündən vurub, o biri üzündən öpməklə) icra etməyə çalışacaqlar. Çünki özü xoşbəxt olmayan insan övladına düzgün formada sevgi və qayğı göstərə biləcək psixoloji durumda olmur. Bu da uşaqla valideyn arasındakı münasibəti, güvən hissini sarsıda, uşaqda qayğı, depressiya və yuxu problemlərinə səbəb ola bilir.

Bütün bunlar dolayısı ilə uşaqlarda davranış pozğunluqlarına, sosial münasibətlərdə problemlərə gətirib çıxardır. Mütəxəssislər bu kimi halları onların gələcəkdə akademik müvəffəqiyyət əldə edə bilməməsinin də əsas səbəbləri kimi göstərirlər.

aile

Ailə deyilsinizsə, evli qalmağın nə mənası var?

Əgər hər mənada həyat yoldaşınızın yanında deyilsinizsə, yalnız fiziki olaraq bir yerdə olmağın heç bir mənası yoxdur. Bəzən də uşaqlar boşandıqdan sonra valideynlərini itirmir, əksinə, onları qazanırlar. Başqa sözlə, bədbəxt bir evliliyə uşaq üçün dözmək, çox vaxt elə o uşağa baha başa gəlir.

Məqsəd uşaq üçün bədbəxt evliliyi davam etdirmək yox, bunu hər kəsin xoşbəxt və dinc yaşaya bildiyi və hər iki tərəfin də zövq aldığı münasibətə çevirmək olmalıdır. Əgər məqsədiniz budursa, münasibətlərinizə yanaşmanız da fərqli olacaq. Bunun üçün fərdi və ya cütlük olaraq psixoloji dəstək almaq evlilikdə qarşılaşdığınız problemlərin aradan qaldırılması baxımıdan çox faydalı ola bilər. Bu, eyni zamanda, münasibətinizin keyfiyyətinin artmasına və həqiqi bir ailə modeli olmağa kömək edər.

Unutmayaq ki, bir uşaq üçün bu gün problemli ailədə böyümək gələcəkdə problemli bir ailəyə sahib olmaq deməkdir.

 

Natəvan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir