`İnsan həyatında təhlükənin hər an baş verə biləcəyini, istənilən zaman hansısa neqativ hadisəylə üzləşməsi mümkünlüyünü nəzərə alsaq, deyə bilərik ki, insan övladının sosial müdafiəyə ehtiyac instinkti də bəşəriyyətin yaşı qədər qədimdir. Tarix boyunca həmişə insanlar özlərinin və ailələrinin həyatını mümkün təhlükələrdən qorumaq zərurəti hiss etdiyindən bir qayda olaraq müxtəlif üsullar axtarıb tapmağa çalışıb.
Təbiətin və sosial həyatın yaratdığı çətinliklərlə üzə-üzə qalan insanlar mövcud təhlükələrdən müdafiə olunmaq məqsədilə yollar axtarıb, bu təhlükənin yarada biləcəyi problemlərin, o cümlədən yoxsulluq probleminin həlli üçün daim axtarışda olublar. Xəstəlik, yaşlılıq kimi qaçılmaz sosial risklər tarixin ən müxtləif dönəmlərində bir qayda olaraq insanları aclıq və səfalət təhlükəsi ilə üzləşməyə məhkum edib. Bu riskləri aradan qaldırmaq və ya yüngülləşdirmək məqsədi ilə daim axtarışda olan insan cəmiyyətləri zaman keçdikcə, mərhələ-mərhələ sosial müdafiə sistemi modelini yaradıb ki, bu gün bu model hələlik sosial siyasətin ən fundamental parçası kimi qiymətləndirilə bilər.
Sosial müdafiə mahiyyətcə geniş və əhatəli məsələ olduğundan onun bütün xüsusiyyətlərini özündə ehtiva edən bir tərifin verilməsi hətta indiyəcən bu sahə ilə məşğul olan mütəxəssislərə də çətinlik yaradıb. Buna görə də mövzu ilə əlaqədar müəlliflər arasında tərif vermək məsələsində müxtəlif fikir ayrılıqları var. Sosial müdafiə anlayışı fərdin qarşılaşacağı və həyatı üçün təhlükə yaradan hadisələrə, yəni sosial risklərə qarşı təminat axtarışının nəticəsi, sosial risk isə insanların gəlirlərinin azalmasına, xərclərinin artmasına təsir edən hadisələrdir. İstər xəstəlik, qəza, ölüm halları kimi kədərli, istərsə də ailə qurmaq, övladın dünyaya gəlişi kimi sevindirici hadisələri də xərcin artması və gəlirin azalması səbəbindən sosial risk anlayışının tərkib hissəsi olaraq qiymətləndirilir.
Sosial müdafiə yalnız sosial risklərə qarşı deyil, geniş mənada yoxsulluqdan və sosial ehtiyaclardan qorunma cəhdidir. Bu mənada sosial siyasətin əsas xətti olan sosial müdafiə modeli fərdləri gözlənilən təhlükələrdən qorunmaqla yanaşı, həm də cəmiyyətdə yoxsulluğu və gəlirlərin bölüşdürülməsindəki ədalətsizlikləri azaltmaq və sosial rifahı gücləndirmək məqsədi daşıyır. Sosial müdafiə sistemi geniş mənada, gəlirindən asılı olmayaraq əhalinin bütün təbəqələrini cəmiyyətin rifahına mənfi təsir göstərən sosial təhlükələrin verdiyi zərərlərdən qorumağı, vətəndaşların hüquqlarını müdafiə etməyi qarşısına məqsəd qoyan bir sistemdir.
Sosial müdafiə anlayışına lokal və qlobal mənada iki fərqli yanaşma ola bilər. Lokal mənada sosial müdafiə insanların istək və iradələri xaricində meydana gələn, əqli və fiziki sağlamlıq imkanlarına zərər verməklə əmək qabiliyyəti itkisinə və gəlirin azalmasına gətirib çıxaran təhlükəli zərərlərdən müdafiə təminatını ifadə edir. Bu baxımdan sosial müdafiə; xəstəlik, peşə qəzası, yaşlılıq, əlillik, hamiləlik və işsizlik kimi təhlükələrlə qarşılaşacağı təqdirdə fərdin, ölüm təhlükəsinə qarşı isə onun varislərinin dolanışığının təmin edilməsinə zəmanət verir.
Qlobal mənada isə sosial müdafiə insanın təməl hüquqlarından və dövlətin vəzifələrindən biri olaraq, “əmək qabiliyyəti olmayan müddətdə gəlir itkilərinin kompensasiya edilməsi yoluyla, bütün fərdlərə və ailələrə yaşadıqları cəmiyyətdə onları başqalarına möhtac qalmayacaq şəkildə, insan şərəf və ləyaqətinə yaraşan minimum bir həyat standartını təmin etməyi hədəf alan tədbirlər planı” olaraq təsvir edilir. Qısacası, sosial müdafiə cəmiyyətin bütün sosial təbəqələrinin və fərdlərinin gələcəyini təminat altına almaqla insanlara sabahın narahatçılığından xilas olmaq və sosial hüquqlarının müdafiəsinin möhkəmliyinə əminlik yaratmaq hissinin yaşadılmasıdır.
Ayxan MƏCİDOV