Məktəblərdə fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyaları (VMA) və valideyn komitələri tərəfindən valideynlərdən pul yığılması məsələsi son günlər aktuallaşıb. Buna səbəb bir müddət öncə jurnalist Həbibə Abdullanın övladlarının təhsil aldığı 67 saylı məktəbdə VMA-ya üzvlük haqlarının yığılmasına etiraz və sosial şəbəkələrdə Bakının Səbail rayonu 189-190 nömrəli tam orta məktəbinin direktoru Ceyran Quliyevanın olduğu iddia olunan səs yazısıdır. Həmin səs yazısında direktor müəllimlərdən VMA tərəfindən yığılan üzvlük haqqını ödəməyən valideynlərdən pulu toplamaq tələb edir. Hər iki iddia ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ictimaiyyətə açıqlama verilib.
Bildirilib ki, Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə valideynlər könüllü olaraq AVMA-nın üzvlüyünə qəbul edilir:
“AVMA-ya üzv olan valideynlərin istənilən vaxt üzvlükdən çıxmaq hüquqları var, eyni zamanda, məktəb üzrə bütün valideynlərin səs çoxluğu ilə məktəbdə AVMA-nın fəaliyyətini dayandırması mümkündür. Bakı şəhəri 67 nömrəli tam orta məktəbin 3b sinfinin 20-25 nəfər valideyni ilə aparılmış sorğu zamanı həmin valideynlərdən 10 nəfərinin Azərbaycan Valideyn-Müəllim Assosiasiyası üçün nəzərdə tutulmuş aylıq 1 (bir) manat üzvlük haqqını ödəməkdən imtina etdikləri və heç zaman ödəmədikləri müəyyən edilib. Şifahi sorğuda iştirak edən digər valideynlər isə üzvlük haqqının ödənilməsi ilə bağlı etirazlarını bildirməyiblər. Eyni zamanda, həmin sinif şagirdlərinin valideynlərindən məcburi qaydada AVMA üçün üzvlük haqqının tələb olunması, habelə məktəb rəhbərliyi və müəllimlərin bu məsələyə müdaxilə etməsi halları müəyyən edilməyib”.
BŞTİ məktəb direktorunun yayılmış səs yazısının isə araşdırıldığını qeyd edib:
“Paytaxtdakı 189-190 nömrəli tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
Bir neçə gün əvvəl isə BŞTİ müdiri Mehriban Vəliyeva mətbuata açıqlamasında bildirib ki, valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı yeni ictimai təşkilatların yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır: “Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq”.
M.Vəliyeva bildirib ki, bu gün Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlər gündəmdədir:
“Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir”.
Apardığımız araşdırma zamanı məlum olub ki, VMA-lar Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılıb. Azərbaycan Valideyn-Müəllim Assosiasiyaları (VMA) rəhbəri Şahin bildirir ki, VMA 2003-cü ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə birgə layihə olaraq pilot məktəblərdə yaradılıb. 2005-ci ildən isə artıq digər məktəblərdə də fəaliyyət göstərməyə başlayıb:
“VMA Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır. O, ABŞ modelindən götürülüb və bütün inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərir. Assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir. VMA-nın əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil mühitinin formalaşdırılmasına dəstək olmaq, həmçinin müəllim, valideyn və şagirdlərin hüquqlarını müdafiə etmək və müxtəlif sosial xarakterli layihələri həyata keçirməkdir”.
Ş.Rəcəb deyir ki, VMA-lar ölkə üzrə 4500 məktəbdən 134-də qeydiyyatdan keçib, 20-də VMA-ların fəaliyyətinə şərait yaradılıb:
“Belə deyək ki, qalan ümumtəhsil müəssisələrində məktəb direktorları VMA-ların fəaliyyətinə imkan yaratmayıb. Valideynlərin VMA-lara üzv olması könüllüdür. Onlardan üzvlük haqqı yığılıb bank hesabına keçirilir. Həmin məbləğin necə xərclənəcəyinə isə valideynlər qərar verirlər”.
Ş.Rəcəb bildirir ki, heç bir məktəbdə VMA-ların fəaliyyətinə məktəb direktorları tərəfindən müdaxiləyə yol verilmir.
“Həmçinin, heç bir valideyn VMA-ya üzv olmağa, üzvlük haqqı ödəməyə məcbur edilmir”.
AVMA rəhbəri məktəb direktoru tərəfindən VMA-lara üzvlük haqqının toplanması ilə bağlı səs yazısına isə münasibət bildirmək istəmədi.
AVMA rəhbəri deyir ki, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, hər hansı yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və sairə xərclənir. Bunun isə şəffaf hesabatını kim tələb etsə, təqdim edə bilər…
O, VMA-ların adının bəzən məktəblərdə yaradılmış valideyn komitələri ilə qarışıq salındığını iddia edir:
“VMA-ların üzvlük haqqı toplamaq haqqının olduğu təşkilatın əsasnaməsində yazılıb. Biz qanunsuz bir iş görmürük. Amma bəzən bizi valideyn komitələri ilə dəyişik salırlar. Bu gün VMA-lar BŞTİ-nin nəzdində olan cəmi 12 məktəbdə fəaliyyət göstərir. Yerdə qalan Bakı məktəblərində isə bizim təşkilat fəaliyyət göstərmir. Onda sual yaranır ki, həmin məktəblərdə valideynlərdən pulu hansı qurum yığır? Çox təəssüf ki, bəzən VMA-ları valideyn komitələri ilə dəyişik salırlar”.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, əslində dövlət tərəfindən məktəblərdə yarışların, hər hansı tədbirlərin keçirilməsinə vəsait ayrılır:
“Ona görə də məktəbə gələn şagirdlərin valideynlərinin buna görə pul yığmasına ehtiyac yoxdur. Bununla belə K.Əsədov bildirir ki, məktəblərə yardım etmək təcrübəsi ABŞ-da belə var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu məcburi deyil”.
O ki qaldı VMA-ların fəaliyyətinə, K.Əsədov deyir ki, bu təşkilatların məktəblərdə fəaliyyəti Təhsil Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə reallaşıb. Ekspert deyir ki, VMA-lara üzvlük könüllü olmalı, heç bir halda nağd şəkildə valideynlərdən pul tələb edilməməlidir. Təşkilatın hesabı olmalı, valideynlər üzvlük haqqını həmin hesaba köçürməlidirlər.
Amma K.Əsədov məktəblərdə qeyri-rəsmi valideyn komitələrinin fəaliyyət göstərdiyini söyləyir. Onun sözlərinə görə, əksər hallarda məktəblərdə pulu da məhz valideyn komitələri yığır:
“Burada vəsaitin toplanılmasında birbaşa məktəb direktoru iştirak etmir. Hər sinifdə təhsil alan şagirdlərin valideynlərindən biri komitənin rəhbəri seçilir. Müxtəlif adlarla valideynlərdən vəsaiti də məhz valideyn komitələrinin rəhbərləri toplayaraq sinif rəhbərinə verir. Sinif rəhbəri isə o vəsaiti direktora çatdırır. Bütün bunlar qeyri-qanuni təşkil olunduğundan yalnız səs yazısı, yazılı faktlar olduqda məktəbdə qanunsuz pul yığılması faktını sübut etmək mümkün olur”.
K.Əsədov deyir ki, VMA-lar ləğv olunsa belə, məktəblərdə valideyn komitələri tərəfindən pul yığılmasının qarşısını almaq çətindir:
“Əslində bu mümkündür. Bütün məktəblərdə qısa müddətdə valideyn komitələrini ləğv etmək, bunu yaratmağa cəhdin qarşısını almaq olar. Amma bunun üçün istək olmalıdır”.
K.Əsədovun sözlərinə görə, məktəblərdə fond pulu yığılması rəsmi təkzib olunsa da, əksər valideyn qruplarında fond pulunun yığılması ilə bağlı səsyazmalar, yazışmalar sosial şəbəkələrdə paylaşılır. Bu isə məktəblərdə belə neqativ halların hələ də qaldığını təsdiqləyir.
Təhsil Nazirliyindən isə bildirdilər ki, bu cür arzuolunmaz hallarla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Quliyeva