qumar

“Problemi olmayan insan da qumarbaza çevrilə bilər” – PSIXOLOQ DANIŞIR

Baxış sayı: 624

“Qumar oyunçuları real olmayan düşüncələrlə yaşayırlar, gələn dəfə alınacaq, udacam kimi fikirlərlə özlərini aldadaraq kölə olurlar”.

Bu sözləri psixoloq Vəfa Rəşidova deyir. Mütəxəssis bildirir ki, qumara aludə olmaq ilk növbədə uşaqlıq travmaları ilə əlaqəlidir:

“Bəzi insanların həyatında travmatik hallar çox yaşandığı üçün bu cür hallah yeniyetməlik yaş dövründə də baş verə bilər. Yəni, uşaqlıq dövründə travmalar alınır, yeniyetməlik dövründə isə bu özünü göstərməyə başlayır. Digər yaş dövrlərində isə qumar bir problem kimi ortaya çıxır”.

Psixoloqun sözlərinə görə, qumar oyunçuları çox hallarda özünü cəmiyyətdə, həyatda təsdiq etməmiş insanlardır.

“ Onlar çox özgüvənsiz, özünəinamsız, özlərini başqalarına sübut etmək məcburiyyəti duyan insanlar olurlar. Eyni zamanda ətrafdakı insanlara özlərini mən bu sahədə bacarıqlıyam, heç kimin risk edə bilməyəcəyi şeyi mən edirəm şəklində nümayiş etdirirlər . Bunun adına psixologiyada daxili natamamlıq kompleksi deyilir. Bu kompleksdən əziyyət çəkənlər qumara daha çox meylli olurlar”.

Onun sözlərinə görə, qumara aludəçilik tək uşaqlıqla bağlı deyil:

“Burada başqa faktorlar da var. Dayısı, əmisi və yaxud da sonradan qazanılmış ətraf da insanı qumara aludə edə bilər. Qumar oynayan insanlar həmişə stressli və daxillərinə qapalı olurlar.  Onlar bu stresslərini qumarla atmağa çalışırlar, amma hər dəfə uduzanda bu gərginlik daha da artır.
Uşaqlıqdan valideynlər uşaqlarına qalib olmaq, məğlub olmaq anlayışlarını öyrədirlər. Ona görə də bu insanlar nə qədər məğlub olsalar da, “qalibiyyət” uğrunda mübarizə aparırlar. Çünki qalib olmaqla yanaşı məğlub olmaq etaplarını keçməyiblər”.

Vəfa xanım deyir ki, bu cür insanları idarə etmək, yoldan çıxarmaq çox asan olur:

“Qumarla çox məşğul olduqdan sonra isə artıq onlar başlayırlar digərlərini manipulyasiya, idarə etməyə. Bir sözlə əvvəlcə idarə edilirlər, daha sonra idarə edirlər.

Qumar oynayan insanlar yalnız onlara uduzan şəxslərin yanında özlərini təsdiq etmiş olurlar. Hər zaman mən uduzaram qorxuları olur. Hər dəfə uduzanda özlərinə “mən gələn dəfə mütləq qazanacam” deyirlər.
Belə insanların uşaqlıq travmaları ilə yanaşı maddi cəhətdən də travmaları olur. Maddi durumu yaxşı olmayan, sayrışan nevroz halları olan, birdən varlanmaq istəyən insanlar düşünürlər ki, bir anda onlar zəngin olmalıdırlar”.

Sonda isə o bildirdi ki, qumar asılılığı yaranan insanlar mütləq ailə psixoloquna müraciət etməlidir:

“Heç bir problemi olmayan normal insan da qumar oyunçusu ola bilər. Onlar isə daha çox diqqəti üzərilərinə çəkmək üçün bu yola əl atırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir