Natevan Abdulla

Psixoloji zorakılıq və alçaldılmaq duyğusu – Natəvan Abdulla yazır

Baxış sayı: 687

İnsan necə yaralanır? Pəncərə silərkən yıxılmaqla, yoxsa stolun küncünə ilişən çeçələ barmağın qanaması ilə? Bəlkə, qaynar çaydana toxunmaqla? Bunlar adi məişət qəzaları zamanı baş verə biləcək yaralanmalardır.

İllərlə qadınlar məişət zorakılıqlarını da adi məişət qəzası olaraq qəbul edib həzm etməyi bacarıblar. Kişinin hikkəsindən evdə əşyaların qırılması, qadının, uşağın döyülməsi bir vaxtlar adi hal hesab edilirdi. Çünki o vaxtlar ailə anlayışına “qadın da, uşaq da döyülməsə ağıllanmaz” düşüncəsi hakim idi.

Nəhayət, illər sonra cəmiyyətimizin insana əl qaldırmağın, döyməyin, fiziki zərər verməyin cinayət olduğunu anlaması mümkün oldu. Amma ailələrdə, elə məktəbdə müəllimlərin şagirdlərə, iş yerlərində insanların bir-birinə qarşı psixoloji zorakılığı davam etməkdədir. Yəqin hələ də ona görə davam etməkdədir ki, bu zorakılığın nə gözlə görülən yaraları qalır insan bədənində, nə də əllə tutulan bir tərəfi olur. Təəssüf ki, məişət zorakılıqları indi psixoloji zəmində daha da şiddətli şəkildə davam etməkdədir. Bunu edən isə təkcə kişi deyil. Hər gün qadın qadına, ər arvadına, qaynana gəlininə, ata oğluna, rəhbər işcisinə, sərnişin avtobus sürücüsünə – hamı bir-birinə psixoloji zorakılıq tətbiq edir.

 

Psixoloji zorakılıq nədir və qarşısı necə alına bilər?  

Bəzən duyğular başqa hisslərə nəzərən daha şiddətli olur. Bunlar günahkarlıq, qəzəb, hüzn kimi insanın gündəlik sağlam yaşayışına mənfi təsirləri olan duyğulardır. Bu mənfi duyğuların ən betəri isə alçaldılmaq hissidir. Bu, elə güclü bir hissdir ki, insanın mənliyini, xarakterini parçalaya, sinir sistemini poza bilir. Daima dəyərsiz və bacarıqsız olmaq, nə etsən də bəyənilməmək, lağa qoyulacağını hiss etmək insanı daxildən əzən, həyat enerjisinin bədənindən sovrulub çıxmasına səbəb olan hallardır. Çünki alçaldılmaq beynin ağrı ilə əlaqəli olan hissələrini hərəkətə gətirir. Bu, insana psixoloji olaraq əzab verməklə yanaşı, bəzi fiziki ağrılara, istəksizliyə, halsızlığa, dalğınlığa səbəb olur. Alçaldılmağın insan üzərində dərin təsirləri olan mənfi duyğulara rəvac verdiyi elmi təcrübələrlə də sübuta yetirilib. Bu təcrübələr göstərir ki, psixoloji zorakılıq, şəxsiyyətin alçaldılması insan həyatını məhv edən əsas amillərdəndir.

Belə təcrübələrdən biri Amsterdam Universitetində aparılıb. Tədqiqatçılar 46 nəfər könüllünün fərqli emosional cavablarını müqayisə etdikləri bir araşdırma iş aparıblar. Onlar bir ekranda təhqir və təriflərlə zəngin qısa filmlər izləyən iştirakçıların beyin dalğalarını təhlil ediblər. Təcrübə iştirakçılarına ekranda bəzi qısa filmlər izlədilib və filmdəki baş obraz ilə empatiya qurmaqlarını istəyiblər. Qeyd edək ki, filmdəki obraz dəyərsiz hiss edəcəyi hadisələr yaşayan birisi olub. Onunla empatiya quran insanlar da eyni anda bu hissləri keçiriblər. Bu zaman onların beyin dalğaları ölçülüb. Bu yolla araşdırmaçılar alçaldılmaq hissinin insan beynini sevinc duyğusundan daha sürətlə və güclü şəkildə aktivləşdirdiyinin şahid olublar. Ən maraqlısı isə odur ki, bu duyğu qəzəb hissindən daha  güclü olub. Bu hissin beynin ağrı hiss etdirən bölgələrinin aktivləşdirdiyi sübuta yetirilib.

Tərif insanda sevinc hissi oyatsa da, alçaldılmaq bu xoş duyğulardan daha güclüdür. Bu, demək olar ki, hər kəs tərəfindən bilinən, ölçülə bilən reallıqdır. Amma ən qəribəsi qəzəb hissinin də alçaldılmışlıq hissindən zəif olmasıdır. Bütün bu hissləri insan beynində yaradan videogörüntülər, alçaldılmağın beyni daha çox aktivləşdirdiyini, bu aktivliyin də xüsusilə ağrı hiss etdirən nahiyələrdə olduğunu görməyə kömək edib.

Bu reallıqla birlikdə, alçaldılmağın, təhqir edilməyin gündəlik həyatın bir hissəsi olduğunu düşünmək həqiqətən qorxuncdur. Alçaldılmaq və təhqir edilmək gündəlik həyatda bir çox insanın yaşadığı duyğudur. Xüsüsusilə də bir çox insan yalnız başqalarını alçaldaraq, yaxud müqayisə edərək onlarla ünsiyyət qura bilirlər. Bu tip insanlar fikirlərini daha düzgün formada ifadə etmək üçün lazımi empatiya qabiliyyətinə sahib deyillər. Məsələn, qonşunun övladını tərifləyən bir ananı təsəvvür edək. Oğlunu o uşaqla qarşılaşdırır, onun müsbət xüsusiyyətlərini öz övladına örnək göstərir. Bu zaman qadın öz övadının uğurlarını, müsbət xüsusiyyətlərini görməzdən gəldiyini anlamır. Əgər ana bu müqayisəni başqalarının yanında övladına qarşı edirsə, uşaq özünü alçaldılmış, dəyərsiz hiss edəcək.

 

Alçaldılmaq duyğusu insan münasibətlərini zədələyir 

Bu kimi hallarla gündəlik həyatda, xüsusilə iş yerlərdində tez-tez qarşılaşmaq mümkündür. Bir şəxsi hədəf götürüb lağa qoymaq, onun bəzi xüsusiyyətlərini ələ salmaq, utandırmaq iş mühitində rast gəlinən hadisələrdəndir. Alçaldılmaq adətən insanda dərin və uzun müddət sağalmayan mənəvi yaralara səbəb olan naxoş duyğular oyadır. Bu, insanın özünə olan inamını zədələyir, sonradan onu bərpa etmək isə çox çətin olur. Beləcə, həm içimiz bizə bu cür münasibət göstərən insana qarşı qəzəblə dolur, həm də get-gedə özümüzə yadlaşır, özümüzü dəyərsiz hiss edirik.

 

 

Nə etməli?  

Alçaldılmağın üzərimizdə dərin izlər buraxmasının qarşısını necə ala bilərik? 

Mühüm olan özümüzü tanımaq və özümüzə dəyər verməkdir. Amma təəssüf ki, hər insan bunu bacarmır, ya da bu əsas məqamı gözdən qaçırdır. Əgər insan özünə dəyər verməyi alışqanlıq halına gətirərsə, başqalarının fikirlərini beyninə çox salmaz, onun üzərində çox dayanmaz və mənfi davranışları olan insanların özlərinin problemli insanlar olduğunu dərk edə bilər. Bu dərketmə halı isə insanın həyatdakı duruşunu və tutumlarının daha sağlam, daha güclü olmasına kömək edir. Əgər biz özümüzün kim olduğumuzu dərk etsək, başqalarının haqqımızda söylədiyi fikirlər bizə təsir göstərməz.

Burda əsas məsələ öz mənlik duyğularımızı gücləndirmək və mənfi münasibətlərə qarşı zəifləməməsi üçün onu daima qorumaqdır. Bunu bacarmaq üçün isə insanlarla qurduğumuz dialoqlarda diqqətli olmaq lazım gəlir. Amma ən əsası, özümüzlə bağlı işlətdiyimiz ifadələrə daha çox diqqət yetirməliyik. Özümüzlə bağlı mənfi ifadələrdən uzaq durmalı, müsbət və özümüzdə ruhlandırıcı fikirlər aşılamalıyıq. İnsanın özünə qarşı sağlam fikirlər mənimsəməsi, özünə dəyər verməsi, inanması, özünü sevməsi sağlam psixologiya üçün əsas amildir.

Əlbəttə, həyatda səhvlər edəcəyik, heç kim mükəmməl deyil. Amma bununla belə, özümüzə o qədər çox dəyər verək ki, başqalarının bizi alçaltmaq cəhdlərinə reaksiyasız qalmağı bacaraq. Çünki başqalarının bizə qarşı davranışlarına çox vaxt mane ola bilmirik. Hələ bu insanlar öz valideynlərimizdirsə, onlara qarşı özümüzü müdafiə etmək cəhdlərimiz lap  çətinləşir. Amma bu cür davranışların bizə təsir etməsinin qarşısını ala bilərik: yalnız özünü tanımaq, özünə inanmaq və özünü sevmək yolu ilə. Bu sadalananlar insanın mənəvi baxımdan güclənməsinin əsas şərtlərindəndir.

Qeyd edək ki, alçaldılmaq insan şəxsiyyətinə, kimliyinə qarşı zorakılıq və şiddət aktı hesab edilir. Bunu anlamaq sizinlə yanlış davranan insanlarla aranıza məsafə qoymaq üçün də faydalıdır. Özünə dəyər vermək başqalarının rəyinə bağlı yaşamaqdan imtina etməklə başlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir