2022-ci il üçün ehtiyac meyarının məbləği 170 manatdan 200 manata qaldırılır. 30 manat və ya 17,65 faiz artıma görə, ünvanlı sosial yardım üçün daha çox insan müraciət edə biləcək.
Qeyd edək ki, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılacaq. 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata qaldırılır. Beləliklə, ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq azalaraq 10 manata düşür. Nəticədə, gələcəkdə ehtiyac meyarına ehtiyac aradan qalxmaqla ünvanlı dövlət sosial yardımının təyinatı da qanunvericiliyə uyğun olaraq yaşayış minimumu üzrə aparılacaq.
İqtisadçı Eyyub Kərimli deyir ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır:
“Hazırda ehtiyac meyarının həddi 3 nəfərlik ailə üzrə 510 manat təşkil edir. 2022-ci ildən isə bu rəqəm 600 manat olacaq. Məsələn, 3 nəfərlik ailənin aylıq gəliri 500 manat olarsa, həmin ailə 100 manat ünvanlı dövlət sosial yardımı (600-500=100) ala biləcək. Digər bir misalla, 2022-ci ildə ehtiyac meyarının həddi 4 nəfərlik ailə üzrə 800 manat olacaq (2021-də 680 manat idi). 2022-də 4 nəfərlik ailənin orta aylıq gəliri 600 manat olarsa, ailəyə 200 manat ünvanlı dövlət sosial yardımı təyin edilə bilər. Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım almaq üçün daha çox insanın müraciət etmək imkanını genişləndirəcək, daha çox insan müraciət edə biləcək”.
Ünvanlı dövlət sosial yardımı haqqında və bu yardım kimlərə şamil edilir?
Ünvanlı sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; axtarışda olan şəxslər; Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; əcnəbilər(Azərbaycanın ərazisində daimi yaşayanlar istisna olmaqla).
Sosial yardımın təyin olunması müddəti
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Sosial yardım almaq hüququna yenidən baxılması
Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq quruma 15 iş günü müddətində məlumat verməlidir.
Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada geri qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
Sosial yardım nağdsız qaydada ödənilir
Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.
Xalid Məmmədov