tv

Qarşısına kilidləndiyimiz qeybət pəncərəsi

Baxış sayı: 633
Televiziya verilişləri arasında ailə-məişət problemlərinə həsr olunmuş, hətta bir qədər reallıqdan uzaqlaşdırılaraq, şoulaşdırılmış verilişlərə televiziya izləyiciləri arasında maraq olduqca çoxdur. Bunu televiziyada işləyən və ya televiziya verilişlərinin reytinqini izləyənlər də təsdiqləyirlər. Bəs bunun səbəbləri nələrdir?Onu da qeyd edək ki, nəinki bizdə, eləcə də qonşu Türkiyədə yayımlanan bu cür verilişlərin də geniş izləyici kütləsi var. Bir çox hallarda hesab edilir ki, bu cür verilişlərə marağın olmasının elə əhalinin sosial, iqtisadi vəziyyəti ilə əlaqəsi var. Görəsən, bu fikrə nə dərəcədə haqq qazandırmaq olar?Sosioloq Ağasəlim Həsənov deyir ki, məsələyə bir neçə istiqamətdən baxmaq olar: “Məsələnin birinci tərəfi Kütləvi İnformasiya Vasitələrinin bu mövzulara çox müraciət etməsi ilə bağlıdır. Səbəb də təbii ki, reytinq toplamaqdır. Bunun üçün də elə mövzulara, verilişlərə üstünlük verməyə çalışırlar ki, hədəflədikləri reytinqə çatsınlar. Kommersiya baxımından KİV-ləri başa düşmək olur. Lakin bu marağın özünün toplumla birbaşa əlaqəsi var. Yəni bugünkü gündə toplum nəyə meyil edir, hansı mövzulara daha çox diqqət edir, həmin verilişləri səbirsizliklə gözləyirsə, onlar da reytinq baxımından daha üstün olur”.“Düşünürəm ki, bunun səbəbi toplumun özü ilə bağlıdır. Elmi ədəbiyyatda “elitar və kütləvi mədəniyyət” deyə bir anlayış var. Bu gün aparılan sosioloji müşahidələrimiz onu göstərir ki, Azərbaycan cəmiyyətində, eləcə də adıçəkilən qonşu ölkədə görünür ki, kütləvi mədəniyyət elitar mədəniyyəti üstələməkdədir. Yəni kütlənin yaratdığı mədəniyyət, önəm verdiyi dəyərlər, kütlənin baxışı, dünyagörüşü, bundan doğan dəyərlər sistemi elitar mədəniyyətlə müqayisədə daha geniş kontingenti əhatə etmiş olur”, – deyə sosioloq bildirir.

Həmsöhbətimizin sözlərinə görə, məsələnin digər tərəfi əhalinin sosial-iqtisadi durumu ilə də bağlıdır: “Çünki insanlar öz şəxsi həyatlarında qarşılaşdıqları problemləri televiziya ekranlarında digərlərinin timsalında görüb izlədikdə və şou formatında olan proqramlarda gördükdə istər-istəməz ona maraq göstərirlər. Kimsə imkansızdırsa, çıxır maddi yardım istəyir, kimi xəstədir, müalicəsi üçün yardım istəyir və s. Problemlər müxtəlifdir. İşsizlik, boşanmaların sayının artması və s. Həmin verilişlər də cəmiyyət həyatında baş verən problemləri əhatələyir. Bu baxımdan marağın əsasında insanların sosial-iqtisadi həyatları ilə birbaşa bağlılığının olduğunu düşünürəm. Bunu görən fərdlər də bu cür sosial problemlərinin həllini televiziya ekranlarından yayımlanan verilişlərdə görürlər”.

Həsənov son illər cəmiyyətdə gedən mənəvi deqredasiyaya da toxunub: “Müşahidələrim onu göstərir ki, son illər Azərbaycan və təxminən eyni inkişaf yolunu keçmiş digər cəmiyyətlərdə də mənəvi deqredasiya prosesi gedir. Bu, insanların öz milli-mənəvi dəyərlərindən, illərlə formalaşmış müsbət vərdişlərindən tədricən uzaqlaşması deməkdir. Bu, arzuolunmaz tendensiyadır. Fərdlərin dəyərlərə bağlılığı insanın həyatında baş vermiş, baş verə biləcək problemlərin çözülməsində müsbət rol oynaya bilir. Məsələn, ailədaxili məsələlərin ictimai müzakirələrə çıxarılması illər öncə Azərbaycanda çox böyük ictimai qınağa səbəb olurdu. Ailələr özləri belə, istəməzdi ki, ailədaxili problemləri ictimailəşsin. Heç qonşularının bilməsini istəməzdilər, nəinki tanımadıqları, uzaq, yad adamların. Amma bu gün bu kimi hallar adiləşib”.

“Cəmiyyətdə mənəvi deqredasiyanın getməsi təkzibolunmaz faktdır. Yəni məsələnin digər tərəfi mənəvi deqredasiyanın getməsi ilə bağlıdır. Bu Azərbaycanda ailə institunun özünü sual altında qoyur. Gələcəkdə bizim ailə institutu tendensiyamız necə olacaq? Cəmiyyət həyatında intellektual inkişaf getməlidir. Bu halda cəmiyyətdə belə – heç bir mənəvi yük daşımayan verilişlərə maraq azalacaq. Bəzi toplumlar daha intellektual, daha mədəni, inkişafa yönəlik məsələlərə meyl edir. Bunun da müsbət tərəflərini həm dövlət görür, həm insanlar”, – deyə sosioloq fikrini yekunlaşdırdı.

Psixoloq Fuad Əsədov sözügedən verilişlərdə insan beyninin təbii reaksiyasından necə istifadə edildiyini izah edib: “Həmin verilişlərdə ailə-məişət və ya digər sosial zəmində olan problemlər müzakirə edilir, həllinə kömək göstərilməyə çalışılır. İnsanlar oradakı problemləri bir hekayə olaraq qavrayırlar. Hekayə də insan üçün hər zaman maraqlıdır. Xüsusilə də sonu bəlli olmayan hekayələr. Bu, eynilə roman oxumağa bənzəyir. İnsanlar roman oxumağı niyə sevirlər? Çünki orada bir hekayə var. Təbii olaraq insan üçün sonunun necə olacağına dair sual yaradan hekayələr maraqlıdır. İnsanlar adətən öz həyatlarından öyrəşmiş olduqları hekayədən fərqli bir şey görmək, bir növ monotonluqdan çıxmaq üçün başqalarının hekayələrinə maraq göstərirlər. Bu verilişlər də insan psixologiyasının, beynin təbii reaksiyasından faydalanaraq öz reytinqlərini artırır. Nəticədə də bir insanın hekayəsini bir verilişdə həll edib bitirə, ən azından kiçik bir nəticəyə gələ biləcəkləri halda, onu bir neçə verilişə yayaraq tamaşaçını növbəti buraxılışları da izləməyə sövq edirlər. Bu halda da həmin verilişlərin izləyici sayı çoxalır, reytinq cədvəlində digər verilişləri üstələyirlər”.

Ekspertin dediyinə görə, insanlar üçün bilavasitə şahidi olmadıqları hadisələri ağızdan-ağıza eşitmək, beyinlərində canlandırmaq hər zaman maraqlı olub: “Bu, eyni zamanda insanların qeybət etməsinə də bənzəyir. Babalarımızın mağaralarda yaşadığı dövrlərdə bir mağarada baş vermiş hadisənin sizə gəlib çatması üçün ağızdan-ağıza danışılaraq keçməsi lazım idi. Nəticədə insanlar həm başqalarının yaşadıqları haqqında məlumat əldə edib bir dünyagörüşü formalaşdırırdılar, həm də öz gözləri ilə şahid olmadıqları hadisəni xəyal edərək fantaziyalarını, xəyal güclərini inkişaf etdirirdilər”.

“Bilavasitə müşahidə etmədiyiniz bir şeyi ikinci bir informasiya qaynaqları tərəfindən öyrənməyiniz beyin üçün çox yaxşıdır. Bu zaman serotonin, depomin kimi maddələr ifraz olunur və bu maddələr bizə xoş hisslər yaşadır. İndi bunu həmin sosial verilişlər həyata keçirir. İnsanlar həm infromasiya əldə edirlər, həm də xəyal güclərini inkişaf etdirirlər. Həmçinin də öz monoton həyatlarından çıxmaq üçün bir hekayə əldə edirlər. Bu da insanlarda maraq duyğusu yaradır. Buna görə də bu cür verilişlər baxılır, sevilir, böyük reytinq qazanırlar”, – deyə Əsədov vurğulayır.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir