Leyla Sarabi

Cəmi 30 dəqiqəyə həyatınızı dəyişə bilərsiniz

Baxış sayı: 763

Əslində insanın coğrafiyasını, təbiətini, aksiomlarını özünün yatardığına inanırdım. Məsələn, mənə görə, gün işığını cibində gizlədib, gecənin bir aləmi oyanmaq yaradıcı prosesin ən münbit mühiti idi. Bəzən səhralarda azmalı, bəzən mağaraların qaranlıq rütubətinə yoldaş olmalı idi yaradıcı ruh. Ayaq dəyməmiş yerlərdə gəzişməli, bəzən sənət sükunətinə qərq olmalı, fəaliyyətsiz tənhalıqda aylarla enerji toplamalı idi… Mən bu ali tənbəlliyi yeni ideyaların cücərtisi kimi dəyərləndirirdim. 

Uzunmüddətli depressivliyin də, dünyaya, doğmalarına qusduğun zəhərin də, hər mühitə ögey qalıb, yad boşqablara yem olmağın da səni digərlərindən üstün qılan vərdişlərmiş.

Vərdiş demişkən… Bəzi uşaqlıq vərdişlərimiz bizimlə birgə böyüyürdü axı…

Məsələn, 3 yaşımda iki yerə bölüb bacımla paylaşdığım xırda pullarımı divarlarıma yapışdırdım. Bu gün mən artmadan-azalmadan bölüşmək vərdişinə tabeyəm. Emosiyalarımı gizlətmədən, yalançı təbəssümdən uzaq əhvalımı da, cibimi də, sevgimi, nifrətimi də qarşı tərəflə bölüşürəm.

Elə bu vərdişimi rəhbər tutub, son günlər qazandığım təcrübəmi də bölüşüm.

Uğurlu insanların əlifbasından danışacam.

Açar söz “uğurlu insan”, “uğurlu olmağın yolları”, “uğur qazanmaq üçün nələr etməliyik”, “insanlar necə varlanır” və s.

Uzatmadan mövzunun özünə keçim. Sən demə, ambisiyaları ümman olanların hər saniyəsi öncədən hesablanır.

İşinizə yarayacaq bir neçə bəndi nəzərinizə çatdırım.

1. Səhər ən gec 6-da oyanın. Stabil yuxunun müddəti orta hesabla 8 saat olduğu üçün gecə 10-dan gec yatmayın.

2. Oyanar-oyanmaz hər yeni səhifəsinə 10 yeni məqsədinizi yazacağınız qeyd kitabçanızı yanınızda saxlayın. Amma məqsədlərinizi sanki artıq gerçəkləşdirdiyiniz arzular kimi qələmə verin. Məsələn, “mən o evi almaq istəyirəm” deyil, “mən o evi almışam”. Unutmayın, bu ritualı hər gün təkrarlamaq vacibdir. Bir də unutmayın ki, yeni səhifəyə xəyalən gerçəkləşdirdiyiniz arzularınızı yazarkən öncəki səhifəyə baxmamalısınız. Beləcə şüurunuzun altı da, üstü də gələciyinizlə bağlı vərdişlər formalaşdırmaq üçün məntiqinizi, yaradıcı potensialınızı, enerjiniz isə kainatın zərrələrini səfərbər edəcək.

3. Unutmayın, öyrənməyin yaşı yoxdur!

4. Yenə də unutmayın ki, qacetiniz vaxt öldürmək yox, qazanmaq üçün əla vasitədir. Bu gün ən nüfuzlu iş adamları onlayn kurslardan, təlimlərdən faydalanır, müxtəlif dilləri elə bir ovuc telefondan öyrənirlər.

5. Və heç unutmayın ki, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gün ərzində azı 30 dəqiqə çalışmalı, bunu gündəlik rutinə çevirməlisiniz. Məsələn fransızca öyrənməliyəm deyirsinizsə, gününüzün yarım saatını onlayn dərslərə xərcləyin.

Həyatınızı kökündən dəyişmək istəyirsiniz? Elə indi qeyd kitabçası alıb, cibinizə qoyun. Sonra da bütün dünya cibinizə axsın. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir