Ekoloji təmiz avtomobillərin ölkəmizə gətirilməsi, vətəndaşlar tərəfindən istismarı, idxalının və istismarının stimullaşdırılması ilə bağlı addımlar atılır. Bu addımlardan biri də yanvarın 1-də qüvvəyə minib. Qanunvericiliyə görə, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən, elektrik mühərrikli avtomobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-dən azad olunur. Hazırda Azərbaycanda elektromobil, hibrid bazarında vəziyyətlə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovla söhbətləşdik.
“Yol xəritəsi”ndə öz əksini tapıb
– Eldəniz bəy, ölkəmizdə elektromobillərdən istifadə istənilən səviyyədə deyil. Dünyada və Azərbaycanda hansı təşviqedici addımlar atılır?
– İnkişaf etmiş ölkələrdə əvvəlcə elektromobil idxal edən şəxslərə hər avtomobilə görə dövlət tərəfindən subsidiya verildi. Həmçinin, avtomobili satan şirkətlər kredit sövdələşməsində də öz şərtlərini banklara təklif edir, vətəndaşlar da asanlıqla alırdılar. Bu gün siz Avropa ölkələrində elektromobil almaq istəsəniz, həddən artıq güzəştlər təklif olunacaq. İlk mərhələdə vətəndaşlar hibrid və elektromobillərə həvəs göstərmirdilər. Ona görə də o ölkələr genişmiqyaslı paketlər təklif edirdilər. Bu təbliğat artıq dünyada gedib, Azərbaycan vətəndaşları da bundan məlumatlıdırlar və maraq göstərirlər. Hazırda ölkəmizdə hibridlər kifayət qədər məşhurdur.
– Elektromobillərin üstünlüyünü təbliğ edirik. Lakin qiymətlər cib yandırır. Bununla bağlı təkliflər varmı?
– Ekoloji təmiz avtomobillərin ƏDV-dən azad edilməsindən sonra Azərbaycandakı rəsmi diler və distributorlar artıq ölkəmizə idxal olunan hibrid və elektromobillərin qiymətini endiriblər. Növbəti mərhələlərdə daha geniş paketlər təklif olunub. Onlardan ən başlıcası, bu avtomobillərlə bağlı kreditlərin sadələşdirilməsidir. Bu gün Azərbaycanda kreditlə avtomobil almaq olduqca çətindir. Hətta yüksək maaş alan vətəndaşlarımız da çətinlik çəkirlər. Çünki bank faizləri, hesablamalar, ağır şərtlər müştərini qaçırdır. Amma ekoloji təmiz avtomobillərə kreditlər sadələşdirilsə, vətəndaşlar üçün uyğun şərtlər təklif olunsa, o zaman, əlbəttə ki, hər kəs bu avtomobillərə daha çox üstünlük verəcək. Bank güzəştləri, müxtəlif rüsumlardan azad olunmaq, parklanma yerlərinin pulsuz olması bu avtomobillərə marağı artırar. Bu növ stimullaşdırıcı addımların müddəaları artıq ötən ilin sonunda hazırlanan “yol xəritəsi”ndə öz əksini tapıb, təkliflərimiz qəbul edilib. Ümid edirik ki, dövlət qurumları bu məsələləri həyata keçirəcəklər. Biz də yaxın illərdə avtomobil parkımızı, sadəcə benzin, dizel mühərrikli deyil, ekoloji təmiz avtomobillərlə yeniləyə biləcəyik.
“Asan deyil, böyük xərc tələb edir”
– Bəs infrastruktur necə? Biz buna hazırıqmı?
– Bu gün Azərbaycana ekoloji baxımdan daha təhlükəsiz olan nəqliyyat vasitələrindən yalnız hibrid və elektromobillər idxal olunur. Hibridlər üçün xüsusi infrastruktura ehtiyac yoxdur. Onların ənənəvi mühərriki ilə yanaşı, elektrik motoru da var. O motor enerjini avtomobilin hərəkətindən toplayır. Avtomobili şarj etməyə ehtiyac qalmır. Elektriklə çalışan avtomobillərin isə sayı Azərbaycanda, hələ ki, çox deyil. Elektrikdoldurma məntəqələrinin sayı da həmin avtomobillərin sayına mütənasibdir. Elektromobillərin sayı artdıqca, məntəqələrin də sayı artacaq. Düzdür, infrastrukturun yaradılması asan deyil, böyük xərc tələb edir, lakin bu gün iqtisadiyyatın dayanıqlılığı şərait yaradır ki, biz bu işin öhdəsindən gələk.
– Adətən ölkəyə yeni avtomobil gələndə, ustaların, ehtiyat hissələrin çatışmazlığı ilə qarşılaşırıq. Hazırda vəziyyət necədir? Ölkədə müasir üsulla işləyən ustalar yetişirmi?
– Rəsmi olaraq, istehsalçı şirkətlərin bir qaydası var ki, hər hansı bir ölkəyə yeni modeli gətirməzdən öncə onların servisi qurulur. Ustalara təlim keçilir, ehtiyat hissələri hazırlanır. Servis tam hazır olduqdan sonra həmin model ölkəyə gətirilir. Problem ona görə yaranır ki, ölkəyə servisi olmayan markaların modellərini gətirirlər. Sonra həmin avtomobildə nasazlıq yarandıqda təmir edə bilmirlər. Həmin markalar, əlbəttə ki, gözdən düşür, avtomobil həvəskarları o modellərə müraciət etmir. Məşhur Avropa brendi vaxtilə sedan modelini Azərbaycana gətirdi, lakin bu modelin servisini qurmadı. Daha sonra avtomobildə yaranan nasazlıqları aradan qaldıra bilmədilər. Ehtiyat hissələri və ustası yox idi. Bundan sonra bu modelin imici aşağı düşdü. Ekoloji təmiz avtomobilləri gətirən, istehsalçıya birbaşa bağlı olan diler və distributorlar, əlbəttə ki, ilk növbədə həmin modellərin servisini qurmalı, daha sonra ölkəyə idxal etməlidir. Alıcılar diqqətli olmalıdırlar. Ölkədə servisi olmayan avtomobili almamalıdırlar. Ucuz lizinq və kredit şərtləri təklif oluna bilər. Amma həmin modelin servisi qurulmayıbsa, ondan imtina etmək lazımdır.
“Əgər belə bir problem olsaydı…”
– Elektromobillərdə artıq miqdarda radiasiyaya məruz qaldığımız iddia olunur…
– Bu faktla yaxından tanış deyiləm. Biz avtomobil seqmentində Avropa spesifikasiyasına bağlıyıq. Avropa İttifaqı ölkələrində avtomobillərin yoxlanılması, texniki baxışı, zərərli olub-olmaması, ekoloji təmiz olması, atmosferə zərər vurub-vurmaması, insan sağlamlığına təhlükəsi ciddi şəkildə yoxlanır. Əgər belə bir problem olsaydı, həmin brendlərin Avropa İttifaqında satışı qadağan edilərdi. Bəlkə hansısa ölkədə hazırlanan elektromobilin şüalanması çox ola bilər. Amma hər halda, Azərbaycan üçün bu, təhlükəli deyil. Çünki bizim ölkəyə Avropaya idxal olunan elektromobillər gətirilir.
– Sizcə, ölkəmizin avtomobil parkında benzin və dizellə işləyən avtomobilləri ekoloji təmiz avtomobillər nə vaxt üstələyəcək?
– Prosesə 3 il əvvəl başlasaydıq, daha tez uğura nail ola bilərdik. Amma yenə də gec deyil. Planlarımızı addımbaaddım həyata keçiririk. Yəqin ki, növbəti 5 ildə avtomobil parkımızın yenilənməsinə nail olacağıq. 100 faiz olmasa da, ölkəmizdə ən azı 25 faiz ekoloji təmiz avtomobillər olacaq.
Aygün ƏZİZ
Foto- Rəşad Mehdiyev / Global Media Group