parkinq

Parklanma tarifləri nə qədər olacaq? – DETALLAR

Baxış sayı: 644

Paytaxtda parklanma ilə bağlı xaosa son qoyulacağı barədə ümidverici məlumat yayılıb. “Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, paytaxtın ümumi parklanma üzrə Baş Planı hazırlanıb.

Onun sözlərinə görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə tariflər müəyyənləşdirilib: “Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”.

 

Pulsuz parklanma yerləri olacaq

BNA-nın mətbuat katibi Mais Ağayev bildirir ki, parklanma tarifləri ilə bağlı təkliflər verilsə də bu hələ ki, təsdiqlənməyib. Bu səbəbdən də indidən tariflərin hansı həddə olacağı barədə konkret məlumat vermək mümkün deyil. Çünki tariflərlə bağlı təkliflər dəyişdirilə bilər.

Amma M.Ağayev paytaxtda küçə parklanmanın idarəolunması ilə bağlı konsepsiyada sürücülərin rahatlığının düşünüldüyünü söyləyib. Onun sözlərinə görə, Bakıda pulsuz parklanma yerləri də olacaq: “Bu o demək deyil ki, bütün küçə parklanma pullu olacaq. Bina sakinləri üçün parklanmanın pulsuz olması, əlillər üçün yerlər və sair sənəddə öz əksini tapıb”.

M.Ağayev qeyd edib ki, parklanma yerlərinin tariflərə görə zonalara bölünməsi məsələsi yekunlaşıb. Sənəd hökumətə təqdim olunub”.

 

Qiymətlər əlçatan olmalıdır

Milli Məclisin üzvü Fazil Mustafa bildirir ki, parklanma tarifləri ağlabatan qiymətə olmalıdır:

“Hazırda vətəndaş özəl dayanacaqlarda bir neçə saat saxlamaq üçün 2-3 manat ödəyir. Ona görə insanlar qanunsuz parkinqlərdə 1 manat verərək saxlayır. Qiymətlər elə olmalıdır ki, vətəndaşlar avtomobili parklanma yerlərində saxlasın. Əks halda, yenə sürücülər müxtəlif yerlərdə saxlamalı olacaqlar”.

F.Ağayev deyir ki, cərimə məbləğlərinin artırılması da çıxış yolu deyil: “Bu qədər cəriməni vətəndaşın boynuna yükləmək olmaz. Bu gec-tez sosial narazılığa səbəb olacaq. Bakıda vaxtilə harada gəldi tikintiyə icazə verilib. Xəstəxana inşa olunub, amma parklanma yeri yoxdur. Xəstənin yaxını avtomobili xəstəxananın qarşısında saxlayır cərimə olunur.

Onsuz da insanların tibbi xidmətlərə pulu çıxır. Bunun üzərinə onu cərimə etmək də düzgün deyil. Xəstəni isə 100 metr kənarda düşürdüb xəstəxanaya gətirmək olmur. Ona görə ən azı bundan sonra binalar inşa olunarkən parklanma infrastrukturu nəzərə alınmalıdır”.

 

Ancaq cərimələmək barədə fikirləşmək olmaz!

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da bütün parklanma yerlərinin pullu olmayacağını deyir. Onun sözlərinə görə, bu qanunvericilikdə də nəzərdə tutulub. Ekspert deyir ki, tariflərin müəyyən edilməsi müzakirə mərhələsindədir: “Nazirlər Kabineti illərdir nəyi gözləyir, bu məlum deyil. Ümid edirəm bu gecikmə pandemiya ilə bağlıdır. Çünki indi parklanma yerlərində pul ödəməyə heç kəs məcbur edilə bilməz. Kim istəsə “parkovşik”lərə pul verir, kim istəsə vermir. Yəqin ki, son qalmaqaldan sonra bu məsələ həllini tapacaq”.

 

E.Muradlı bildirdi ki, parklanma yerlərinin sayı artırılmalıdır:

“Cənab prezident də çıxışlarında qeyd edib ki, əvvəlcə şərait yaradılmalı, sonra vətəndaş cərimə edilməlidir. Deyəsən rəsmi qurumlar prezidentin bu sözünün cərimə hissəsini eşidib. İnsanları çox sıxmaq, cərimə etmək düzgün deyil. Bu günlərdə 28 May metrosu yaxınlığında sürücünü avtomobildən düşürdüb şəklini çəkib cərimə edib qaçıblar. Bu, artıq həyasızlıqdır. Sürücü avtomobildədirsə, ona xəbərdarlıq edilə bilər ki, maşını götürsün. Hər şey pul yığmaq, vətəndaşı cərimələnməyə hesablanmamalıdır. Bu artıq biznes, alver sayılır”.

E.Muradlınını fikrincə, nəqliyyat və yol hərəkəti təhlükəsizliyini bir kənara qoyub cəriməni, pulu fikirləşmək olmaz:

“Sürücülərə pul mənbəyi kimi baxırlarsa, bunu desinlər. Hamı şikayətlənir ki, harada saxlayırsan pul çıxır. Sürücülərin rahatlığı, hərəkətin təhlükəsizliyini fikirləşən yoxdur. Bunun isə sonu yaxşı olmayacaq. Hazırda pandemiya dövründə bu insanları daha da gərginliyə salmaqdır. Sürücüləri ancaq maddi qazanc gözündə görmək olmaz. Bu yaxşı perespektiv vəd etmir”.

 

Tariflərdə vaxt da nəzərə alınmalıdır

İqtisadçı Natiq Cəfərli bildirir ki, dünyada parklanma məsələlərinə bələdiyyələr nəzarət edir. Azərbaycanda bələdiyyə institutu fəaliyyətsiz olduğundan bu sahədə xaos hökm sürür. Həm yol polisi, həmçinin də BNA əməkdaşları cərimə yazırlar. Amma bu pulların aqibəti məlum olmur. Hətta qanunsuz parklanmadan pul yığılır.

N.Cəfərli deyir ki, parklanma tarifləri müəyyən edilərkən insanların orta aylıq əməkhaqqı, gəlir səviyyəsi nəzərə alınmalıdır. Tariflər vaxta görə də müəyyən edilməlidir. 15 dəqiqə saxlayana ümumiyyətlə rüsum tətbiq edilməməlidir. Tariflər elə həddə olmalıdır ki, insanlar qanunsuz yerlərdə saxlamağa meyil etməsinlər. Həmçinin zonalar üzrə tariflər fərqli olmalıdır. Şəhərin girişində böyük parklanma yerləri olmalıdır ki, şəhərdə sıxlıq azalsın.

 

Cərimələr artırıldı

Xatırladaq ki, Azərbaycanda nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimə ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Əvvəl isə bu müddət 24 saat idi. Həmçinin parklanma qaydalarının pozulması ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək.

“Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliklə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cəimə 10 manatdan 20 manata qaldırılır.

Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.

Eləcə də dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.

Eyni zamanda nəqliyyat vasitəsinin yolun hərəkət hissəsini müvafiq kənarından ikinci və ya sonrakı cərgələrdə qanunsuz olaraq səkilərdə, habelə hərəkət hisslərinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarında 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimələnəcək.

Eyni zamanda, ümumi istifadədə olan nəqliyyat vasitələrinin 1.17, 1.17.1 nişanlanma xətti ilə işarələnmiş dayanacaq meydançasında, həmin meydançanın, belə meydança olmadıqda isə 5.12, 5.13 yol nişanlarının hər iki tərəfindən 15 metrdən az yaxınlıqda, habelə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə ediləcək.

 

Xaos hələ də davam edir

Qeyd edək ki, hazırda paytaxtda parklanma ilə bağlı ciddi problemlər mövcuddur. Parklanma ilə bağlı tariflər müəyyən edilməsə də, pulsuz parklanma yerlərində müxtəlif şəxslər tərəfindən sürücülərdən pul yığılır.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata açıqlamasında bildirib ki, qanunsuz parklanma yerlərinin quruma aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz:

“Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”

BNA rəsmisi deyib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra açıqlanacaq. O bildirib ki, Bakı şəhərində 15 minə yaxın qanuni parklanma yeri var. 2020-ci ildə 300-ə yaxın məntəqədə 5300-dən çox əlavə parklama yeri təşkil edilib. Bakıda hamı üçün parklanma yeri salmaq qeyri-mümkündür. Yeganə həll yolu parklanma yerlərinin idarə olunmasıdır. Bununla əlaqədar Agentlik yeni məsləhətçi şirkət cəlb edib. Nəticədə 2028-ci ilə kimi Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcək.

“Bizim strateji hədəfimiz parklanmada dövlətin tənzimləmə rolunu oynamaqdır. İlk dəfə olaraq qiymətlərin şəhər mərkəzi ilə kənar yaşayış yerlərində olan qiymətlərin diversifikasiyası həyata keçiriləcək. Çünki şəhər mərkəzi ilə yaşayış yerlərindəki parklanma qiymətləri eyni olmamalıdır.

Parklanmanı həyata keçirmək üçün nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçdiyi, insanların hansı ünvanlarda yaşaması kimi məlumatlar şərtdir. Bu detalların alınması bu gün mövcud deyil. Biz bu gün bütün məlumatları küçəbəküçə analiz edirik. Ümumilikdə 8 zona üzrə 11 sosial iqtisadi zonada bölgü aparılıb. Zonaların özü də qiymət faktoruna təsir edən amillərdir”.

Onun sözlərinə görə, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı Paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, “parkovşik” məsələsi qalmayacaq. V.Kərimli deyir ki, parklanma üçün qanunsuz pul yığımı əvvəlki dövrlərdən BNA-ya miras qalıb.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir