internet

İnternet bizdən nəyi alır?

Baxış sayı: 1. 534

Müasir insanlar vaxtının yarıdan çoxunu internetlə keçirirlər. Ya mobil telefonda, ya da kompüter və noutbukda internetə qoşulub ünsiyyət qurur, şəkil, video paylaşır, hansısa məsələni müzakirə edir, xəbərləri izləyir, alqı-satqı edir və s. İlk baxışdan müsbət cəhətləri ilə cəlb edən internetin bizə mənfi təsiri də danılmazdır.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, internet ilk növbədə bizi oturaq həyata alışdırdığı, daha az fiziki passiv etdiyi üçün zərərlidir: “Artıq qohumlara və tanışlara qonaq getmək lazım deyil. İnternetdə görüntü ilə onlarla danışa bilərsən. Ümumiyyətlə, internetdən maraqlarını ödəyən hər nə istəsən tapa bilərsən. Xaricdən brend geyim və aksessuarlar sifariş etmək mümkündür”.

Dediyinə gör, internetin üstünlükləri saymaqla bitməsə də, mənfi cəhətlərinə göz yummağın fəsadları ağır olur. “İnternet həm səhhətimizə, həm də psixologiyamıza pis təsir edə bilər. Son vaxtlar intihar hallarının, “facebook” və “wats up” məsələlərinə görə boşanmaların saylarının artması da buna sübutdur”.

Həmidli bildirib ki, əvvəllər əks cinslər real tanışlığa üstünlük verirdilərsə, indi internet tanışlıq üçün əlverişli məkana çevrilib: “Əvvəllər insanla münasibəti qurmağın münasib olduğunu aydınlaşdırmaq üçün onunla bir neçə dəfə görüşmək tələb olunurdu. Subay və ya evli olduğunu da öyrənmək çətin idi. İndisə “profil” məlumatlarını oxuyub, bir az da yazışıb münasibəti qurub-qurmamağa qərar verirlər. Başqa istifadəçilərin də həmin şəxs haqda yerləşdirdikləri şəkilləri və şərhləri həmin insan haqqında dolğun məlumat toplamağa imkan verir”.

İnternetin digər mənfi xüsusiyyəti insanın vaxtını almasıdır. Həftədə 5 günlük iş rejimi varsa, insan 2 gününü dincəlmək və əylənmək üçün ayırır. Amma bu günlərini də internetlə doldurur. Təmiz havada gəzmək, parkda oturmaq, idman etmək əvəzinə işgüzar insanlar istirahət günlərində də internetsiz qala bilmirlər. Xəbər saytları, lətifə, hekayə, foto və “onlayn” filmlərlə dolu olan internet darıxmağa qoymur. Kompüterdə işləyənlərin günün çox hissəsini kompüter qarşısında oturmaları işləri ilə bağlı olsa da, işləməyənlər də belə edir. Səhər oyanır, “facebook”, “twitter” və s. başlayır. Nəticədə müasir insana internetsiz yaşamaq çox çətindir. Sanki nəsə çatışmır və nəsə insana mane olur. Yaxşı olardı ki, kompüterlə işləyənlər istirahət günlərini interneti izləmədən keçirsinlər, işləməyənlərsə internet izləməyi minimuma endirsinlər.

Psixoloqun dediyinə görə, internet insandan yaxınlarını alır: “İnsanlar yaxınları ilə canlı söhbətə daha az vaxt ayırır. Aradakı isti münasibət, sığal, yaxınını qucaqlamaq, oxşamaq halları azalır. Yaxınlardan kiminsə ailə üzvünə ehtiyacı olur. O isə internetlə ünsiyyətə olan tələbatını ödədiyi üçün danışmaq marağında olmur. Bu da ailə üzvlərini bir-birindən ayırır”.

Ünsiyyət olmasa belə, insan internetdə vaxtını oyun oynamaq, film izləmək və ya xəbər oxumaqla keçirirsə, uzun saaatlardan sonra özünü yorğun hiss edir.

Virtual oyunlara aludəçilik adrenalin verdiyi üçün insan öz həyatını rəngarəng etməyə çalışmır. Öz həyatını deyil, virtual ömrü yaşamağa başlayır. Həyatdan adrenalin az aldığı üçün intrenet onu daha da maraqlandırmağa başlayır. Uşaqlarda idmana belə maraq olmur. Valideynlər onları zorla idmana aparır, dərslərini oxumağa həvəsləndirirlər. Uşaq üçün qaçmaq, hoppanmaq normal olduğu halda, o, internet və kompüter arxasında sakit oturur, yeməyini yeyir, valideynə mane olmur. Bu səbəblər üzündən də valideynlər özləri uşağı kompüter arxasında otuzdururlar.

İnternet yuxusuzluğa, piylənməyə də səbəb olur. Hərəkətsizlik isə bir çox xəstəliklərin inkişafı üçün şərait yaradır. Bunlarla yanaşı, internet asılılığı olanlar kitab oxumağı da tərgidirlər. İnternet kitablar yükləyir, planşet və s. vasitəsilə oxuyurlar. İnternetdə heç də bütün mənbələr etibarlı deyil və istifadəçilər yanlış məlumatlandırıla bilərlər.

   Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir