sirniyyat

Qənnadı məmulatlarını necə saxlamalı? – QAYDALAR

Baxış sayı: 731

 

Unlu və şəkərli olmaqla iki qrupa bölünən qənnadı məmulatları tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə fərqlənir. Unlu qənnadı məmulatlarına peçenye, pryanik, vafli, tort, piroq, keks kimi məhsullar, şəkərli qənnadı məmulatlarına isə marmelad, karamel, şokolad, mürəbbə, cem, povidlo və s. aiddir.

Bu barədə Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının hazırladığı elmi məqalədə bəhs olunur.

Daşınma və saxlanma rejiminə düzgün riayət edilməzsə, məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələr, o cümlədən ağır metal duzlar, toksiki elementlər, həmçinin mezofil və anaerob mikroorqanizmlər, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itir. Sadalanan maddələrin miqdarı tibbi-bioloji tələblərin normalarını keçərsə, orqanizmdə ciddi xəstəliklər yarana bilər.

sokalad

Düzgün qablaşdırılma məmulatların xarici təsirlərdən etibarlı qorunması üçün vacib şərtdir. Həmin proses məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem, povidlo kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı həmin məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki markalanmada göstərilən məlumatlara diqqət yetirməlidir.

Daşınmaya gəldikdə, tez xarab olan qənnadı məhsullarının daşınması 6 dərəcə C-dək temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Məhsulların saxlanılma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və havanın nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma və otaqların havalandırılmasıdır. Məhsulların düzgün yerləşdirilməsi və düzülməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.

 

Konfetlərin markalanması qənnadı məmulatları üçün adidir. Drajelər bədii tərtibatlı dəstələrə, paketlərə və qutulara qablaşdırılır. Drajenin saxlanma şəraiti konfetlərdə olduğu kimidir və günəş işığı şüasının təsirindən qorunmalıdır. Karamel, halva 18 dərəcə C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla saxlanılmalıdır. Saxlanma rejimi pozulduqda halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxu duyulur. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18 dərəcə C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, anbar zərərvericiləri ilə yoluxmayan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır. 50 qram və daha çox kütləsi olan şokoladın markalanmasında isə əsas komponentlərin tərkibi mütləq göstərilməlidir.

sirniyyat

Unlu qənnadı məmulatlarının forması düzgün və zədəsiz, dadı və iyi isə çeşidinə müvafiq olmalı, kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18 dərəcə C-dən aşağı temperaturda və 65-75 faiz nisbi rütubətdə saxlanmalıdır. Həmin rejimə əməl edilməklə növ və çeşidindən asılı olaraq tort və piroqlar 3 saatdan 1 ayadək, pryaniklər 10-45 gün, kekslər 2-12 gün, ruletlər 5 gün, vaflilər 1-3 ay saxlana bilər. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanılaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməlidir.

tut murebbesi

Mürəbbə və cemlər isə pasterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay, şokoladlar 2-6 ay, konfetlər 1-4 ayadək, irislər 2-6 ay, karamel məmulatı 15 gündən 6 ayadək saxlana bilər. Şüşə bankalarda qablaşdırılmış mürəbbə, cem və povidlolar qapağı açıldıqdan sonra içərisindəki maddələr hava ilə təmas zamanı oksidləşir və nəticədə məhsul yararsız vəziyyətə düşür. Ona görə də qapağı açılandan sonra bu kimi məhsullar 2-4 həftə ərzində mütləq istehlak edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir