Dünyanın heç də bütün gözəllik yarışlarında çimərlik geyimləri və ya ziyafət geyimləri nümayiş etdirilmir. Vyetnam, Venesuela, Yeni Zelandiya və s. kimi ölkələrdə yerli sakinlər maraqlı yarışlar təşkil edirlər. Bu həvəskar müsabiqələrdə yetkin yaşlı qadınlar, plastik Barbi kuklaları, hətta müxtəlif heyvanlar tac uğrunda rəqabət aparırlar.
“Miss Dəvə”, Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanının ən prestijli yarışı sayılan bu yarışın iştirakçıları dörd ayaqlı və donqabelli dəvələrdir. On minlərlə dəvə hər il Mazayen əl-İbl yarışmasında iştirak edir. Heyvanlar ciddi kriteriyalara görə seçilirlər, məsələn, burun dəliklərinin forması, beldə qabarıqlığın forması, kipriklərin uzunluğu və s. Qaliblər onlarla bahalı avtomobil və 50 milyon dollar dəyərində pul ilə mükafatlandırılır.
“Miss Pin-ap”, Oklend, Yeni Zelandiya
Yeni Zelandiyada keçirilən “Miss Pin-Up” konkursunu 1950-ci illərə səyahət hesab etmək olar. Yarış istirakçıları əsrin ortalarındakı moda ilə geyinirlər – uzun əlcək və mirvarili paltarlar. Pişik göz layneri, müxtəlif saç düzümləri və parlaq qırmızı dodaq boyası ilə bəzənmiş xanımlar səhnəyə çıxırlar. “Miss Pin-Up” yarışında əsas güvənə dəyər verildiyi üçün bütün formalar, ölçülər və yaşlarda olan qadınlar iştiraka təşviq edilir.
Mister “Yer kürəsi”, Manila, Filippin
İlk baxışda kişilər arasında keçirilən yarış asan görünə bilər. Əslində isə bu titulu qazanmaq üçün beyin əzələlərdən daha çox lazımdır. Belə ki, gənclər arasından yarışın qalibi ən yaxşı ekoloji fəal olan seçilir. Kişilərə ətraf mühit, təbiət haqqında suallar verilir, onların oksigeni artırmaq və tullantıları azaltmaq üçün hansı ideyalara malik olduqları öyrənilir.
“Yer kürəsi” konkursunun qalibi il ərzində ekoloji kampaniyalar keçirməli, köynəksiz, əzələlərini nümayiş etdirərək çimərlikləri təmizləyərkən müxtəlif şəkillər çəkdirməlidir.
“Miss Senyora”, Amerika, Nyu-Cersi
Kim deyir ki, gözəllik müsabiqələri gənclər üçündür? 1972-ci ildən ABŞ-da “Senyora Amerika” müsabiqəsində yaşlı amerikalı xanımlar öz xarici gözəlliklərini, müdrikliklərini və daxili gözəlliklərini nümayiş etdirirlər. Hündürdaban ayaqqabılarda və parlaq geyimlərdə yeriyən, yaxud öz idman və rəqs bacarıqlarını nümayiş etdirən yaşlı qadınlar yaşın qadın gözəlliyinə təsir etmədyini göstərməyə çalışırlar.
Qızıl balıq müsabiqəsi, Fucjou, Çin
Çinlilər 1000 il əvvəl qızıl balığın seçmə üsulu ilə yetişdirilməsinə başlayıblar. Orada hazırda da rəngarəng balıqlar uğur və sərvət simvolu olaraq qalır. Hər il balıqçılar ən gözəl balıqlarını Fucjou Beynəlxalq Qızıl Balıq müsabiqəsinə gətirirlər. İştirakçılar parıldayan naxışları, rəngləri, qabarıq gözləri, qeyri-adi xüsusiyyətləri olan 3000-dən çox balığı görə bilərlər. Qızıl balıqlar yalnız görünüşlərinə görə deyil, həm də zərif və güclü üzmə qabiliyyətlərinə görə qiymətləndirilir. Müsabiqənin sonunda “ən gözəl qızıl balıq”1500 dollara və ya daha baha satıla bilər.
“Miss Barbi”, Venesuela
Venesuela kosmetik cərrahiyyədə öndə olan ölkələrdən biri sayılır. Orada keçirilən Miss Barbi müsabiqəsində “plastikadan” tamam başqa bir tərzdə istifadə edilir. Karakasda hər il onlarla Barbi gəlinciyinin iştirak etdiyi yarış təşkil olunur.
Hər bir Barbinin adı, ixtisası və s. olur. Gəlinciklərin sahibləri onlar üçün geyimlər tikdirir, hər raund üçün makiyaj və saç düzümləri etdirirlər.
“Eybəcər sifətlər” yarışı, İspaniya, Bilbao
Hər il avqustda Bilbao şəhərində “Aste Naqusia” adlı festival keçirilir. Festivalın ən çox gözlənilən hissəsi “Eybəcər sifətlər” müsabiqəsidir. Orada iştirakçılar üz cizgilərini qəribə və qorxunc hallara salaraq, tamaşaçıları güldürürlər.
Miss “Rusiya Ordusu”
Bu müsabiqədə qadınlar fərqli makiyajlar edirlər: yaşıl-qəhvəyi kamuflyaj, gözaltında qara iri xəttlər və s. Rusiya ordusunda xidmət edən qadınlar yarışa qoşulurlar. Çimərlik geyimi yerinə onlar döyüş geyimlərini nümayiş etdirirlər, marş və hərbi musiqilər səsləndirirlər.
“Südverən inək” müsabiqəsi, Vyetnam
Vyetnamda çox qəribə bir gözəllik müsabiqəsi mövcuddur. İştirakçıları inəklər olan müsabiqədə ən çox süd verən inəklər qiymətləndirilir. Yarışdan əvvəl sahibləri onlara qulluq edib, yaxşı qidalandırırlar, sonra onların başını və buynuzlarını qırmızı güllü lentlərlə bəzəyirlər. Arenada inəkləri iki dəfə fırlatdıqdan sonra ən çox südverən inəklər mükafatlandırılır.
Nubar Süleymanova