Hər bir uşaq mobil telefonlara maraq göstərir. Balacaların bu marağına baxmayaraq, mobil telefonlar zərərli olduğu üçün valideynlər narahat olur və uşaqlarını mobil telefondan mümkün qədər uzaq tutmağa çalışır. Bununla belə məktəbəqədər uşaqlara mobil telefon alanlar da olur. Ancaq uşağa telefon alarkən nəyə fikir verilməli olduğuna o qədər də əhəmiyyət verilmir.
Mobil telefon satışı üzrə baş məsləhətçi Vidadi Rəhimovun sözlərinə görə, məktəbəqədər uşağa telefon alarkən ilk növbədə telefonun keyfiyyətinə və möhkəmliyinə fikir vermək lazımdır: “Telefonun korpusu möhkəm olmalıdır. Telefon alarkən mütləq bunu soruşun. Zərif telefonlar uşağın əlində tez sına bilər. Uşaqlar telefonu yerə atır və oyuncaq kimi oynadır. Bu səbəbdən uşağa bahalı telefon almaq da məsləhət deyil. Məktəbəqədər uşaqlar rənglərə, şəkillərə, dinamik hərəkətlərə baxmağı sevirlər. Bu səbəbdən də onlara iri ekranlı telefonlar daha maraqlı gəlir. Uşaq telefondan istifadə edə bilsin deyə telefon sadə funksiyalı olmalıdır”.
Bu gün bəzi istehsalçı şirkətlər mobil telefonların uşaqlar üçün olan modellərini də satışa çıxarıb. Bizdə belə modellərə nadir hallarda rast gəlmək olar. Balacalar üçün nəzərdə tutulan mobil telefonların 5-6 düyməsi olur və uşaqlar yalnız öz qohum-tanışlarına zəng vura bilərlər. Bahalı telefonlarda uşağın ətrafında baş verənləri daim dinləyə bilmək üçün funksiya da olur. Belə mobil telefonlarla uşağın harada olduğunu da müəyyənləşdirmək mümkündür.
Rəhimov bildirib ki, uşağa mobil telefon alarkən ona bundan necə istifadə edəcəyini öyrətmək lazımdır: “Uşaq anlamalıdır ki, mobil telefon oyuncaq deyil, bir-biri ilə əlaqə saxlamaq vasitəsidir. Sinifdə mobil telefonların istifadəsi ilə bağlı qadağa varsa, telefonu səssizə qoyub çantada saxlamağı və məktəbdən çıxandan sonra çıxarıb istifadə edə biləcəyini də valideyn başa salmalıdır. Mobil telefonun zərərli olması, onu bədənin hansısa bir nahiyyəsinə uzun müddət yaxın tutmağın pis nəticələnə biləcəyini də demək lazımdır”.
10-14 yaşlarında artıq uşaqların telefonların modellərindən başı çıxır. Mobil telefonların daha dəbli və bahalı modellərini istəyirlər. Bu yaş arasında olan uşaqlara böyükekranlı mobil telefonlar almaq məsləhətdir. Onlar bu yaşda bir-birinə çoxlu “mesaj” göndərir və oyunlar oynayırlar. Kiçik ekran isə görmə qabiliyyətlərinə pis təsir edə bilər. Bu yaşda da mobil telefondan səliqəsiz istifadə olunur deyə daha möhkəm modellər tövsiyə olunur. Telefonda “Bleutooth” və USB port olmalıdır.
14-16 yaşlı yeniyetmələr üçün nəzərdə tutulan mobil telefonlarda böyük sensor ekran, “Bleutooth” və USB portu, musiqi dinləmək üçün qulaqcıqlar, internetə qoşulmaq imkanı, irihəcmli yaddaş kartı, müxtəlif materialları, oyunları yükləmək imkanı olmalıdır.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, valideyn ilk növbədə öz mənəvi rahatlığı üçün uşağa mobil telefon verir: “Uşaq böyüdükcə anadan uzaqlaşır. Artıq öz sosial həyatını yaşamağa başlayır, bağçaya, sonra isə məktəbə gedir, həyətə yaşıdları ilə oynamağa çıxır. Mobil telefon isə valideynə istənilən vaxt uşaqdan hal-əhval tutmağa imkan verir. Valideyn uşağı məktəbə tək göndərəndə də rahat olur. Məktəbə çatıb-çatmadığını dəqiqləşdirir”.
Uşaqlar valdeynlərinin mobil telefonlarına çox maraq göstərsələr də, öz telefonları olandan bir müddət sonra telefona maraqları azalır. Telefonu enerji təchizatına qoymağı unudur, hara gəldi atır. Enerjisi kifayət qədər olmadığı üçün telefon sönülü olur və valideynlər uşaqla əlaqə saxlaya bilmir. Bunlar baş verməsin deyə uşağa onun ürəyincə olan telefonu almaq lazımdır. Çox vaxt uşaq telefonu qırar deyə valideyn özünə yeni telefon alır, köhnə telefonunu isə uşağa verir. Nəticədə uşağın telefona marağı azalır. Uşağa bəyənmədiyi telefonu alanda da o, telefona həvəssiz yanaşa bilər.
Rzayeva bildirib ki, uşaq telefonu tez-tez söndürürsə, onda ona yüngül cəzalar tətbiq edin: “Misal üçün, əgər yenə telefonu söndürsə, həyətə çıxmaq və ya kompüter arxasında oturmaq olmaz, tez yatacaq, hansısa cizgi filminə baxmamaq və s. Uşaq öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır”.
Onun dediyinə görə, uşaq bahalı telefon istəyir və onu almağa pulunuz çatmırsa, bunu uşağa başa salıb, daha münasib modellər arasında seçim etməyi təklif edin: “Uşağı özünün seçim imkanının olması çox sevindirəcək. Mobil telefon alma prosesi özü də uşağa maraqlı gəlir. O bu prosesdə iştirak etmək istəyir. Həm də uşaq telefonu özü seçərkən telefona görə məsuliyyət daşıdığını hiss edir”.
Aynurə Məmmədova