PESE SECMEK

Düzgün peşəni necə seçək?

Baxış sayı: 846

Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Bu inkişaf  peşə seçməli olan gənclərin seçim imkanlarının artmasına səbəb olub. İnsan öz maraq və qabiliyyətlərini tanıması, peşələri dərk etməsi və özünə uyğun olanını seçməsi üçün peşəkar yardım xidmətinə müraciət etməlidir. Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və hətta öz peşəsinin mütəxəssisinə də çevrilə bilir. Peşənin insan həyatında rolu yüksəkdir. Peşə insanın gələcəyini təmin edir. Ona görə də hər kəs peşə seçərkən düzgün seçim etməlidir. Lakin getdikcə mürəkkəbləşən sosial həyatda böyüyən gənclərin peşələri görüb yaşayaraq tanımasına çox da imkan qalmayıb. Ona görə də gənclərə peşə imkanlarını tanıtmaq üçün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsindən başlayaraq peşəyönümü işinin sistemli təşkili son dərəcə vacibdir.

pese

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin əməkdaşı Aynur Həşimova deyir ki, peşəyönümü anlayışı “gənclərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarcasına inkişaf etməsinə yardım xidmətləri” kimi ifadə edilə bilər. Peşə seçimi uzunmüddətli prosesdir. Təəssüflər olsun ki, ölkəmizdə gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəklərini bilmirlər. Əksər hallarda gənclərin çoxu bu çaşqınlıqla peşələrini seçir və nəticədə özlərini və ailələrini yanlış seçim ucbatından məyusluğa uğradırlar. Peşə seçiminin mürəkkəb və dinamik proses olması bu prosesdə şagirdlərə  köməyi zəruri edir.

Mərkəz əməkdaşının sözlərinə görə, fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü  xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Bu səbəbdən məktəb psixoloqunun şagirdlərin maraq və qabiliyyətləri haqqında dəqiq məlumat verəcək və etibarlılığı olan ölçmə vasitələrini bilməsi və istifadə etməsi vacibdir.

Aynur Həşimova bildirir ki, orta məktəb şagirdlərinin yeniyetməlik dövründə verdikləri qərarları daim dəyişmək meyli onların hansı peşəni seçəcəkləri ilə bağlı qərarlarına da təsir edir. Peşə seçimi  ilə bağlı verəcəkləri səhv qərarların həyatlarına necə təsir edəcəyi ilə bağlı real proqnozlar formalaşdırmaqda problem yaşayırlar. Bu səbəbdən də gənclərin peşə yönümlülüyünə uyğun maarifləndirici bələdçilik xidmətlərinə ehtiyacının artdığı görünür. Bu məqsədlə ibtidai sinifdən başlayaraq uşaqların inkişaf xüsusiyyətlərinə uyğun peşə yönümlü fəaliyyətlərin həyata keçirilməsi və şagirdlərin maarifləndirilməsi vacib hesab edilir: “Ölkəmizdə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə – bacarıq, maraq, istək, qabiliyyət üzrə özünü tanımasıdır”.

Mərkəz əməkdaşının dediyinə görə, peşəyönümü xidmətinin məqsədləri təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması, təhsilalanlarda ixtisas və peşə seçimi prosesində bilik, bacarıq və səriştələrdən istifadəetmə qabiliyyətinin formalaşdırılması, maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq, təhsilalanların müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi və onlara peşə məsləhətlərinin verilməsidir. Həmçinin, insan kapitalının inkişaf etdirilməsi üçün təhsil-əmək bazarı arasında əlaqənin təmin edilməsinə və təhsildən əmək bazarına keçidin təmin olunmasına dair məlumatlandırmanın həyata keçirilməsi, əmək fəaliyyətinin başlanılması üçün tələb olunan minimal bacarıqların formalaşdırılmasına köməkliyin göstərilməsi, təhsilalanların karyera planlaşdırılması və ömürboyu təhsil imkanları barədə məlumatlandırılması, təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması və onların gələcəkdə öz iş yerlərini yaratmalarına həvəsləndirilməsidir. Eyni zamanda karyera planlaşdırılmasında sərbəst seçim imkanı verilməklə təhsilalanlarda peşə təhsili ilə bağlı ilkin bilik və bacarıqların ümumi təhsil pilləsində formalaşdırılması: “Qeyd olunan məqsədlərin reallaşdırılması üçün ölkəmizdə peşəyönümü işi üzrə davamlı tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycanda müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər sırasında maarifləndirici tədbirlər xüsusi yer tutur. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil İnstitutu  “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsait şagirdlərin peşə seçimi məsələsinə həsr olunub. Şagirdlərlə peşəyönümü işinin aparılmasına dəstək məqsədi daşıyan vəsait məktəb rəhbərləri, metodistlər, peşəyönümü rəhbəri və müəllimlər üçün nəzərdə tutulub. Sözügedən vəsait ümumi təhsil müəssisələrində peşəyönümünün mahiyyəti, məzmunu və vəzifələri, peşəyönümü fəaliyyətinin təşkili, peşə maraqlarının və motivlərinin diaqnostikası kimi mövzuları əhatə edir. Həmçinin, ARTİ tərəfindən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda mütəmadi olaraq təlimlər keçirilir. Ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorlarının iştirak etdiyi təlimlər çərçivəsində iştirakçılar peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, peşəyönümü işinin prinsipləri, həmçinin, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi və s. kimi mövzularda öz bilik və bacarıqlarını artırırlar. ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən təlimlərin əsas məqsədi şagirdlərin qabiliyyət, meyil, maraq və ehtiyaclarını nəzərə almaqla ümumi təhsil müəssisələrində peşəyönümü işini təşkil etmək, eyni zamanda, müxtəlif peşələrlə bağlı maarifləndirici tədbirlər və valideynlərlə iş aparmaqla təhsilalanların peşə seçimində düzgün qərar vermələrinə dəstək olmaqdır. Təlim müddətində iştirakçılar peşə təhsili müəssisələri və müasir peşə təhsilinin əsas istiqamətləri ilə tanış olurlar. Eyni zamanda, onlara peşəyönümü işinin təşkili üsulları, peşəyönümü fəaliyyətinin planlaşdırılmasına dair tövsiyələr verilir. Nəticə olaraq demək olar ki, müasir dövrdə ixtisaslı kadr anlayışı insanların müəyyən iş və ya peşədə həm bilik, həm də bacarıqlarla təchiz olunmasını tələb edir. Fərd malik olduğu bilik və bacarıqlarla yanaşı, özünə ən uyğun peşəni seçmək üçün təhsil prosesi zamanı peşəyönümünə ehtiyac duyur. Bu vəziyyət, xüsusilə, gənc və inkişaf etməkdə olan cəmiyyətlər üçün peşəyönümü xidmətini vacib edir. Peşəyönümü xidmətinin səmərəli olması üçün hər bir ümumtəhsil məktəbində peşəyönümü işinə rəhbərlik edən koordinatorun təyin olunması xüsusi əhəmiyyət daşıyır. Həmçinin bu işdə məktəbin bütün pedaqoji heyəti əməkdaşlıq edərsə effektiv nəticələr əldə oluna bilər”.

pese

Təhsil eksperti Kamran Əsədovun sözlərinə əsasən, gənclərin əksəriyyəti peşə seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əməkhaqqını əsas götürən gənclər də az deyil. Lakin unutmamaq lazımdır ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Aydın olur ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Ödəniş haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda, onun işləmə həvəsindən və işinə qarşı olan məsuliyyətindən də asılıdır: “Peşəni prestijə yox, əmək bazarına görə seçmək lazımdır, Necə ki, çoxları bir qayda olaraq əmək bazarındakı tələbatı deyil, məhz ixtisasın prestijini əsas götürür ki, bu da onlara gələcək karyeralarını qurmaqda müəyyən maneələr yaradır”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir