yer

Bu küçələrdə əliniz cibinizdə olsun…

Baxış sayı: 849

Xarici ölkələrdə istirahət edərkən  insanların əksəriyyəti alış-veriş etmək üçün həm maraqlı, eyni zamanda,  onlar üçün əlverişli olan alış-veriş məkanlarının axtarışına çıxırlar. Bu yazıda dünyanın ən yaxşı küçələrinin adları qeyd olunur  ki, siz də  bu küçələrdə   rahatlıqla  alış-veriş edə bilərsiniz. Alış-veriş turunuzu daha əyləncəli etmək istəyirsinizsə, o zaman mütləq bu küçələrdən birinə üz tutun. Siz bu prosesdən mütləq zövq alacaqsınız.

 

“5-ci Avenyu”- Nyu-York

Hər zaman “yatmayan”  şəhər deyəndə  ilk növbədə Nyu-York şəhəri ağlımıza gəlir. Dünyanın ən böyük meqapolisi sayılan Nyu-York,  həmçinin dəb dünyasında özünəməxsus, əhəmiyyətli  bir yer tutur. Nyu-York şəhərinin ən dəbdəbəli və alış-veriş üçün ən gözəl küçələrindən biri “ 5-ci Avenyu” küçəsidir. Bu prospektdə məkanların icarə qiyməti 2 milyon 25 min dollara bərabər olub. Bu küçədə “Gucci”, “ Christian Dior”, “Versace”, “Henri Bendel”, “ Saks Fifht  Avenue” kimi bahalı və nüfuzlu brendlərin mağazaları var. Bura axın edən turistlərin sözlərinə görə, “ 5-ci Avenyu” müxtəlif nəhəng alış-veriş mərkəzlərinin, dizayner mağazalarının və möhtəşəm vitrinlərin doğma məkanıdır, xüsusən də “Disney Store”, “Abercrombie & Fitch” və “H & M” markalarını sevirsinizsə, burada alış-veriş etməyə gəlin.

 

Nyu Bond küçəsi – London

Piccadily prospektindən Oxford küçəsinə qədər uzanan, Avropanın ən gözəl və hərəkətli bulvarı sayılan  Nyu Bond küçəsi  iki yerə bölünür:  “Old Bond” (köhnə küçə) və “Nyu Bond “(təzə küçə). “ Old Bond” da aristokrat və yaşlı təbəqə olan insanlar  üçün geyimlər satılır, cavanlar isə “Nyu Bond”a üz tutsalar daha məsləhətlidir. Bu küçə ticarət obyektlərinin 1.7 min dollarlıq icarə qiyməti ilə Avropanın ən bahalı küçəsi olub. 1616-cı ildə bu küçənin adı  dövlət kitabına düşüb. Burada, həmçinin qədim və nadir tapılan əşyaların  tez-tez  auksionu  keçirilir. Elə bu səbəbdən “Sothbey`s”  və “Phillips” auksionlarının baş ofisi burada yerləşir.   Bu mağazalardan alış-veriş etmədiyiniz halda belə, küçənin gözəlliyi və bahalı mağazaların dəbdəbəli vitrinləri sizi özünə cəlb edəcək.

 

“Monten Avenyu”- Paris

Dünya dəbinin və gözəllik sənayesinin mərkəzi olan Fransada geyim və ətriyyatı hər yerdən almaq olar. Burada elə brendlər var ki, onlara dünyanın heç yerində rast gəlmək olmur. Xəyallarımızda olan bu gözəl şəhərin ən dəbdəbəli küçələrindən biri “Mont Avenyu”dur. Bu küçədə Parisin ən zərif, xüsusi bir zövqlə tikilən qeyri-adi evləri yerləşir. “ Mont Avenyu” küçəsində,  həmçinin fərqli lüks dükanlara, yüksək moda və zərgərlik əşyalarının satıldığı mağazalara rast gəlmək olur. Bu  küçə  Parisin həqiqətən dəbin mərkəzi olduğunu təsdiq edir.

 

Bahnofstrasse küçəsi – Sürix

“Bahnofstrasse küçəsi” dünyanın ən gözəl küçələrindən biridir. Dünyanın ən dəbdəbəli mağazaları olan bu küçədə məşhur İsveçrə saatları satılır. Bu küçədə, həmçinin dünyada məşhur olan “Confisirie Sprungli” şirniyyat evi yerləşir. Küçənin uzunluğu 1.5 m olsa da, onun mağazalarının vitrinlərindəki malların minimum qiyməti 1.5 milyon avrodan çoxdur. Yaşıllığı, gözəl mənzərəsi və parıltılı vitrinləri ilə sizi cəlb edən bu küçəyə yenidən gəlmək istəyəcəksiniz.

 

“Gindza”- Tokio

Dünyanın ən bahalı şəhəri Tokioda bir neçə küçə var ki, orada ciblər sürətlə boşalır. Həmin küçələrdən biri də, “Gindza”dır. Bu bir küçə deyil, səkkiz blokdan ibarət bütov bir ərazidir və eyni zamanda, Tokio dəbinin son tendensiyalarının modelləşdirildiyi yerdir. Bu küçədə o qədər brend adına rast gəlmək olur ki, insanın istər-istəməz başı gicəllənir. Burada bütün vitrinlər Yaponiyanın milli üslubunda bəzədilib. Orada gəzən yaponların mehriban və səmimi üzlərinə baxmaq hər şeyə dəyər. “Gindza” küçəsi gecə vaxtı  xüsusilə gözəldir. Küçədə yanan saysız-hesabsız rəngarəng neon lampalar ona xüsusi görkəm verir.

 

“Rodeo Drive”- Beverly Hills

Dünyanın ən  parlaq küçəsi olan “Rodeo Drive” Beverly Hillsdə yerləşir. Cəmi 3 kvartaldan ibarət bu küçəni tez-tez Hollivud ulduzları ziyarət edir. Onların əksəriyyəti səhnə geyimlərini məhs buradan alırlar. Burada elə paltarlar var ki, onların qiyməti 10 min dollardan başlayır. Bəzi dəb mütəxəssislərinin sözlərinə görə, bu küçə dəbin tam ocağıdır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir