Yol qəzaları bir çox səbəblərdən yaranır. Avstraliyanın Melbrun şəhərində yerləşən “Monash” Universiteti qəzalarla bağlı apardığı araşdırmaya görə, qəzaların yaranma səbəbi kimi yalnız “çeynənmiş qaydalar”ı və texniki problemləri göstərmək yetərli deyil. Tədqiqatlara görə, qara rəngli avtomobillər digər rənglərdən 47% daha çox qəza şəraiti yaradırlar. Qeyd edək ki, “Monash” Universiteti sözügedən tədqiqatın üzərində 20 il çalışıb. Qaradan sonra ən riskli rənglər boz, gümüş və onları izləyən rənglər mavi və qırmızı avtomobillərdir. 850 qəzanı araşdıran qrup ən güvənli rəngin ağ və sarı olduğu qənaətinə gəlib. Məsələn, qara rəngli avtomaşınlar gündüzlər 12, gecələr isə 47% çox özlərini yol hadisələrinin mərkəzində “tapırlar”.
Ölkəmizdə çirki və cızıqları bilinməsin deyə vətəndaşlar ən çox maşın alarkən gümüşü (boz) rəngi seçirlər. Əgər avtomobil bu rəngdədirsə, yağışlı havadan sonra maşını avtoyuyucuya aparmaya da bilərsiniz. Bununla da ay ərzində bir xeyli vəsaitə qənaət etmiş olacaqsınız.
Avtomaşının markasından asılı olaraq və detalların sayına görə xırda cızıqlara minimum 50-100 manat xərc çəkəcəksiniz. Əksəriyyətin fikrincə, isə gümüşü tonlar daha gözəl görüntüyə malik olur. Amma mütəxəssislərin rəyi başqadır. Məsələ ondadır ki, boz avtomobillər yolun, çevrənin rəngi ilə uyğunlaşdığı üçün digər avtomaşın sürücüləri onları çətinliklə görürlər. Bütün dünyada isə avtomobil firmaları hər ilki rənglərini modaya uyğun şəkildə bazara təqdim edirlər. Son vaxtlar müasir parıltı effektlərinə malik yeni qara rəngli avtomobillər də dəbə minir. Hətta adi qara rəngin özü də ölkəmizdə həmişə hakimiyyət, təmtəraq və zənginliklə assosiasiya olunub.
Razıyıq, qara avtomobil təmiz olduqda fantastik görkəmə malik olur. Amma günəşli günlərdə qara avtomobilin salonu isti olur, avtomobilin səthinə hopan toz və çirk təbəqəsi isə onun rənginin parlaqlığını “öldürür”. ABŞ-ın premium modellərin istehsalçıları qara rəngli avtomobillərinin 25%-ə qədərini satmağa nail olurlar, bizdə isə bu rəqəm az qala 95% təşkil edə bilər. Amma hazırda dünya üzrə avtomobil rəngləri arasında gümüşü-boz rəng liderlik təşkil edir. ABŞ-da bu rəng yeddi il liderlik etdikdən sonra nəhayət öz yerini ağ mirvari rənginə verdi. Bu tale bizi də gözləyir, amma hələlik boz rəng bizim yollarda hökmranlıq etməkdədir.
Bilirik ki, dünyanın əksər ölkələrində məktəb avtobusları sarı rəngdə boyanır. Avtomobilin rəngi və qəza keçirmə riski arasında iki bağlantı var: rəngin sürücülər üzərində yaratdığı təsir və ekoloji faktorlar. Yəni maşınınızı necə hava şəraitində və hansı ərazidə idarə edirsinizsə, avtomobilinizin rəngi də buna görə nəzərə alınmalıdır. Əgər həmişə yağışlı havaların hökm sürüdüyü, səmanın boz buludlarla örtülü olduğu bölgədə yaşayırsınızsa, o zaman açıq rəngli nəqliyyat istifadəsindən çəkinməlisiniz. Amma, yox əgər böyük şəhər sakinisinizsə və açıq rəngli avtomobiliniz varsa, demək bəxtiniz gətirib, qəza riskiniz çox aşağıdır. Maşın sahibləri onu da bilməlidirlər ki, gecə vaxtı ağ rəng yaxşı sezilirsə, qırmızı qara kimi görünür. Yağmurlu, çiskinli havada ən yaxşı seçilən rəng sarıdır. Rənglər stresi atmağa yardım da edə bilər, görmə qabiliyyətini zəiflətməklə diqqəti yayındıraraq təhlükəli vəziyyət də yarada bilir.
Rənglərlə bağlı araşdırma aparan elm adamlarının gəldikləri nəticəyə görə, mavi rəng insanı rahatlatdığı halda, qırmızı, ürək döyüntüsünü və qan dövranını sürətləndirir. İdarə etdiyiniz avtomobilinizin rəngi sizdə hansı təəssüratı yaradırsa, digər sürücülərdə də həmin hisslər yaşanır.
Dünyada hal-hazırda daha çox ağ, qara və gümüşü rəngli avtomobillər satılır. Ən az isə yaşıl və qızılı rəngli avtomobillərin satıldığı bildirilir.
Günel Eyyubova