Modanın tarixçəsi minlərlə il öncəyə gedib çıxır. Çinlilərin ayaqlarını kiçiltmək üçün əziyyətə qatlaşmaları, Babilli və Assuriyalı kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə öz çağlarına görə modanın əlamətləri idi. Bu yazıda isə moda aləminin ən bahalı brendləri haqqında bəhs edəcəyik.
“Versace”
“Versace” markasının simvolu qədim yunan mifologiyası ilə bağlıdır. Orda – mənfi mifoloji personaj, Meduzanın başı təsvir olunub. Simvol 1978-ci ildə Gianni Versace tərəfindən düşünülüb. Onu həmişə klassik mövzu, tarix və qədim mədəniyyətlər cəlb edirdi. “ Versace” markası 10 il içində bütün dünyaya tanındı. Qeyd edək ki,Madonna, Elizabet Hurley, Şahzadə Diana, Tina Turner kimi tanınmışlar bu markadan ən çox istifadə edən məşhurların sırasındadırlar. 1997-ci ildə faciəli bir hadisə yaşandı. Belə ki, Andryu Cunanan adlı qatil Gianni Versaceni qətlə yetirir. Bu hadisədən sonra şirkətin sahibi Gianninin bacısı Donatella Versace olur.
“Valentino”
Gecə geyimi deyilincə ağıla gələn ilk geyim markalarından biri məhz “Valentino”dur. “Valentino”nun məqsədi müasir, zərif və cazibədar geyimlər yaradaraq, zəngin qadın müştərilərinin diqqətini çəkmək idi. Markanın yaradıcısı olan Valentino Qaravani hələ uşaqlıqdan geyim dizayneri olmaq istəyirdi. Bunun üçün o, Milanda İncəsənət Akademiyasına qəbul olub. Bu markanın libaslarında Elizabet Teylor, Jaklin Kennedi, Kortni Koks və Cennifer Lopez kimi məşhurlar ərə gedib. 2007-ci ildə sonuncu qadın kolleksiyasını təqdim edən dizayner dəb dünyasından uzaqlaşıb.
“Armani”
“Armani” Giorgio Armani və Sergio Galeotti tərəfindən 1975-ci ildə qurulub. “Armani” brendinin əsas üzü sayılan modelyer Corco Armani İtaliyanın Pyaçentsa şəhərində anadan olub.
“Armani” karyerasına modelyer Nino Çerrutinin assistenti vəzifəsindən başlayıb. 1974-cü ildə isə o, ilk dəfə öz adı altında kolleksiyasını təqdim edib. Modelyerin özəl həyatı haqqında nadir hallarda xəbərə rast gəlmək olar. Onun bacısı Rozannanın sözlərinə görə, qardaşı qapalı həyat tərzi sürür və onun yaxın dostları olmayıb.
O, “Armani Jeans”, “Armani Exchange”, “Armani Junior”, “Armani Casa”, “Giorgio Armani”, “Armani Collezioni”, “Emporio Armani”, “AJ” kimi bir çox alt markalara da sahibdir. Eynək, alt geyimi, ətir, çanta kimi bir çox sahədə özünü təsdiqləmiş bir markadır. Artıq 1997-ci ildə “Armani”nin dünyada 2000-ə yaxın mağazası var idi. Bu rəqəm hal-hazırda 4000-ə yaxındır.
“Dolce & Gabanna”
Domencio Dolce və Stefano Gabbana tərəfindən 1985-ci ildə İtaliyada yaradılıb. Gələcək tərəfdaşlar 1980-ci ilin əvvəllərində, Domenikonun Stefanoya məxsus atelyesində işə qəbul olunduqdan sonra tanış olub. İlk kolleksiya yeni başlayan modelyerlərə gözlənilən maddi uğur gətirməyib və onlar biznesi bağlamaq istəyiblər. Hal-hazırda “Dolce və Gabbana” şou-biznes ulduzları ilə sıx əməkdaşlıq edir və müntəzəm olaraq unikal reklam kampaniyaları həyata keçirir. İnsanlar hər il “D&G” etiketli geyimləri almaq üçün milyonlarla pul xərcləyirlər. Zərif və cazibədar geyimlər yaradan marka dünyaya səs salmağı bacarıb.
“Gucci”
“Gucci” dedikdə bir çox geyim və ətriyyat markasını geridə qoyan brend yada düşür.
Brend ilk dəfə 1921-ci ildə Guccio Gucci tərəfindən yaradılmışdır. O zamanlar Guccinin 40 yaşı varmış və o, London otellərinin birində lift işçisi olaraq çalışırmış. “Gucci” şirkəti İtaliyanın nağıllar şəhəri Florensiyada yaransa da Gucci öz brendini yaradarkən zadəgan ingilislərdən ilham almışdır. Guccinin ilk müştəriləri at sürdükləri üçün ondan brenddə ata aid müəyyən ünsürlər əlavə etdirməsini istəmişlər. Gucci də onların fikrini nəzərə alıb, atın yüyənini simvol kimi öz məhsullarına əlavə etmişdir. “Gucci”nin logosuna fikir versəniz onun at nalına bənzədiyinin fərqinə vararsınız. Logo həm də Guccio Guccinin baş hərflərini ifadə etməkdədir. “Gucci”, şirkəti 1953-cü ilədək özü idarə etdi. Təəssüf ki, Gucci öz adını daşıyan logonu görə bilmədi, çünki logo onun ölümündən sonra 1960-cı ildə rəsmi şəkildə ictimaiyyətə təqdim olundu.
Marka ilk vaxtlar ancaq dəri məhsullarının hazırlanmasına diqqət yönəltsə də 1940-cı ildə ölkəyə dəri materiallarının idxalında problemlər yarandığı üçün onlar ipəkdən istifadə etməyə başladılar. İlk ipək şarf üzərində çiçək eskizi Monako şəhzadəsi Qreys Kellinin sifarişi ilə hazırlanmışdı. Şərfi Guccinin oğlu Rodolf Gucci hazırlamışdı. Atasının ölümündən sonra o, biznesi daha irəli səviyyəyə daşımış və Hollivud ulduzları üçün geyim, aksessuar və s. hazırlamağa başlamışdı.
1980-cı ildə Gucci ailəsində baş verən xoşagəlməz söz-söhbətlər brendə də təsirsiz ötüşməmişdi. Lakin 1994-cü ildə şirkətin idarəsini ələ alan Tom Ford tez bir zamanda markanı dirçəldə bilmiş və 5 il ərzində “Gucci” brendinin dəyəri 4 milyarda çatmışdı. Hətta “Gucci”yə aid cinslər 1988-ci ildə “GinnesİN Rekordlar Kitabı”na düşə bilmişdi. Beləki, bu cinslərin qiyməti 3,134 dollar təşkil edirdi. Bundan əlavə şirkət UNICEF-lə də əməkdaşlıq etməkdədir. Hal-hazırda şirkətin gəliri təxmini olaraq 4.4 milyard dollar hesab edilir.
“Chanel”
Bütün qadınların vurğun olduğu bu markanın simvolu iki əks istiqamətdə qoyulan C hərflərindən ibarətdir. İlk dəfə bu simvol 1920-ci illərdə yaranıb. Hazırda həmin təsvir dünyanın ən məşhur ətirlərindən biri olan “Chanel 5” şüşəsinin və bir çox geyimlərin üzərində əks olunub. Belə ki, “Coco Chanel” simvolu markanı yaradanın adının ilk hərflərini əks etdirir. İlk illərdə “Coco Chanel” yaratdığı ətirlərlə məşhurluq qazansa da sonralar xüsusilə çantaları dünyada milyonlarla satış həyata keçirərək rekordları qıra bilib. Markanın bugünkü gəliri təxminən 7 milyard dollardır.
“Prada”
Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb.
Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də xanımlardan ibarət olan ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Lakin tərslikdən, Marionun oğlunun bu işə marağı yox idi. Ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luiza idi. Həmçinin Luizanın qızı Miuccia Pradada 1970-ci ildə şirkətə qoşuldu. Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı.
“Prada” hazır geyim və moda akssesuarları, ayaqqabı, çanta, saat kimi bir çox sahədə məhsullar satır. Hatta 2004-cü ildə “LG” ilə ortaq bir telefon yaradıblar. Şirkətin hazırda gəliri təxminən 9.4 milyard dollardır.
“Dior”
Hər dəfə, “Christian Dior” dedikdə biz yarım əsrdən artıq tarixi olan bu əfsanəvi brendin yaratdığı – geyim, ətriyyat, kosmetikadakı bütün üslubu, incəliyi və dəbdəbəni nəzərdə tuturuq.
Bu əfsanəvi marka Christian Dior tərəfindən 1945-ci ildə qurulub. Dior yüksək modanı ideyalar laboratoriyası adlandırırdı. Qeyd edək ki, hal-hazırda əsasən” Dior” brendinin çantalarına çox böyük tələb var.
“Louis Vuitton”
“Louis Vuitton” 1954-cü ildə qurulan şirkət, xüsusilə çantaları ilə məşhurluq qazansa da geyim, akssesuar, ayaqqabı, alt geyimi kimi bir çox sahədə də satış həyata keçirir. Dünyada 50-dən çox ölkədə 460-a yaxın mağazası var. Deyilənə görə, bu marka heç bir zaman endirim etmir və satılmayan məhsulları yandırır. Şirkətin bugünkü dəyəri 28 milyard dollardır. Ümumilikdə şirkətin ən bahalı çantaları 19-cu əsrin texnologiyası əsasında hazırlanır. Lakin bu hələ çantaların baha və elit olmasının əsas səbəbi deyil. İlk amil çantaların əl işi olmasıdır. “ Louis Vuitton” çanta və çemodanlarının kilid hissəsi elə formada hazırlanır ki, onu sifarişçidən başqa heç kəs aça bilmir.
Samirə Tağıyeva