Bir neçə gün öncə mərhum Xalq artisti, komediya ustası Səyavuş Aslanın kiçik oğlu Eldar Aslanov media vasitəsi ilə Prezidentə müraciət edərək yaşayış yerinin, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, kömək istəmişdi. Onun sözlərinə görə vəziyyəti heç də səfil həyatı yaşayan böyük qardaşı Çingiz Aslanovdan fərqli deyil.
Xatırladaq ki, içki düşkünü olan 61 yaşlı Çingiz Aslanov uzun müddətdir ki, küçədə yaşayır. O, dəfələrlə “Elgizlə izlə” proqramına gətirilib, sığınacaqda saxlanılıb və müalicə edilib. İçki düşkünü olan Çingiz bir müddət qaldıqdan sonra sığınacaqdan ayrılıb.
Xatırladaq ki, Çingiz və qardaşı Eldar Aslan həm də mərhum aktrisa Ofeliya Aslanın övladlarıdır. Zamanında aktrisa xəyanət ucbatından Səyavuş Aslanla boşanıb, bir evin içində yaşayıblar. Məlum olduğu kimi, aktyorun oğlu onun evini qumara qurban verdiyi üçün o, məcburən keçmiş həyat yoldaşı ilə bir mənzilin iki ayrı otağında yaşamışdı.
Ümumiyyətlə, bir çox məşhurların övladlarının “xeyirsiz” olması ilə bağlı məlumatlar var. Məsələn, dahi sənətkar, maestro Niyazinin ailə faciəsi oğulluğu Ceyhun… Niyazi və onun həyat yoldaşı Həcər xanımın övladları olmadığından yaxın qohumlarından birinin uşağını oğulluğa götürürlər. Böyük sevgi ilə qəbul olunan bu oğlan böyüdükcə onların bu hissini peşmançılıqla əvəzləyir. Ceyhun onların başına min bir oyun gətirir. Narkotik aludəçisinə çevrilərək evdəki bütün qiymətli əşyaları satır.
Günlərin birində isə daha dəhşətli hadisə baş verir. Narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini ala bilməyəndə Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır. İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyaları və əlyazmalarının çoxunun olmamasına səbəb də məhz budur. Muzey yaradılmazdan əvvəl, 1984-90-cı illər ərzində maestroya məxsus olanlar pərakəndə şəkildə ayrı-ayrı qurumlara verilib, bəzilərinin isə ümumiyyətlə, taleyi bilinmir. Maestronun həmişə barmağına taxdığı brilyant qaşlı üzüyü, Almaniyada ona hədiyyə olunan qızıldan hazırlanmış dirijor çubuğu da yoxdur. Müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun sonrakı, elə indiki aqibəti isə heç kimə məlum deyil. Həcər xanım xatirələrində bir dəfə də olsun, oğulluğunun adını çəkməyib.
Məşhur müğənni Nəzakət Məmmədovanın da oğlu “xeyirsiz” övlad siyahısındadır. Zamanında onun adına yaraşmayan hərəkətlər etdiyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, o, oğurluq və qarət üstündə həbsə düşüb, xalası ilə yola getməyərək dəfələrlə onu döyüb. Sonradan isə səfil həyatı yaşayıb.
Məşhur ifaçı, daha çox “Arşın mal alan” filmindəki Telli obrazı ilə məşhurlaşan Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyevin də səfil həyatı yaşadığı haqda məlumatlar yayılmışdı. Bildirilirdi ki, üç oğul, bir qız atası olan Q.Mehrəliyev illərlə küçələrdə səfil vəziyyətdə yaşayıblar.
“Xeyirsiz” çıxan məşhur övladlarından biri də Əməkdar artist Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov olub. Xatırladaq ki, illər öncə Rauf Məmmədov Bakıda aptekə basqın etməkdə təqsirləndirilərək, 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu. Ciyərlərində ciddi problem yaranan sənətçinin oğlu elə həbsxanadaca dünyasını dəyişmişdi.
Xalidə Gəray