narkomaniya

Naşı antireklamın reklama çevrilməsinin fəsadları

Baxış sayı: 574
Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı əməliyyat tədbirləri keçirilir. Belə tədbirlər nəticəsində metamfetamin kimi tanınan narkotik vasitənin alqı-satqısı ilə məşğul olanların daha çox ifşa olunması, məsuliyyətə cəlb edilməsi halları xüsusilə diqqət çəkir. Son aylar elə gün olmaz ki, kütləvi informasiya vasitələrində, sosial mediada bununla bağlı xəbərlərə rast gəlməyək. İdman zallarına, gözəllik salonlarına, iaşə obyektlərinə, əsasən də, gənclərin toplaşdığı bir sıra əyləncə mərkəzlərinə yol tapan bu kimyəvi vasitə necə populyarlaşıb? “Patı” və ya “şüşə” adı ilə yayılan narkotik – metamfetamin, əslində nədir? Bu narkotik vasitənin insan orqanizmi üçün təhlükəsi nədən ibarətdir? Buna qarşı daha effektiv mübarizəni necə aparmalı?
Rumıniyalı kimyaçının zərərli sintezi
Mövzu ilə bağlı nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov bildirir ki, amfetamin 1887-ci ildə Almaniyada rumıniyalı kimyaçı Lazar Edeleanu tərəfindən fenilizopropilamin adı verilərək sintez edilib. Əvvəl belə hesab edilib ki, bu sintez noradrenalin və adrenalin kimi təsir göstərir. Həkimin sözlərinə görə, sonradan vəziyyətin daha mürəkkəb olduğu aydınlaşıb: “Bu kimyəvi vasitəni qəbul edən adamlarda əvvəlcə qüvvə əmələ gəlir, iştahasızlıq yaranır, yemək istəmir. Və bunun əksinə olaraq, adam bütün günü hərəkət etmək istəyir, müsbət emosiya yaranır, özünü olduqca xoşbəxt hiss edir. İlk vaxtlar amfetamindən arıqlamaq, burun tutulması və depressiyanın müalicəsi məqsədilə də istifadə edilib. Bu mənada amfetamin ideal idi. Təsəvvür edin, iştaha yoxdur, hərəkət çoxdur, insan da özünü xoşbəxt hiss edir. Amma təəssüf ki, hər şey bu qədər ideal alınmadı. Niyə? Çünki bir neçə dəfə qəbuldan sonra insan bu maddədən asılı vəziyyətə düşürdü. XX əsrin ortalarında amfetamindən təkcə yorğunluğu aradan qaldırmaq üçün psixostimulyator kimi istifadə etməyə başladılar. İkinci Dünya müharibəsi illərində ABŞ və Almaniya ordusu amfetamini yorğunluq yaranmasın deyə, şokolada qatıb əsgərlərə verirdi. İkinci Dünya müharibəsindən sonra amfetamini idmançılar qəbul etməyə başladı. İş o yerə çatdı ki, uzun məsafələrə qaçış zamanı yorğunluq hiss etməyən idmançılar elə yarış zamanı ölürdü. Bundan sonra amfetamin narkotik adlandırılaraq, qadağan olunub”.
Bircə doza qəbul etmək kifayətdir ki…
Həkim deyib ki, amfetamin narkotik vasitə kimi qadağan olunduqdan sonra diskotekalarda özünə yer tapıb və xüsusilə, gənclər arasında geniş yayılmağa başlayıb: “Elə “patı” sözü ingilis dilində “party” sözündən götürülüb. Bu preparatı qəbul edənlər səhərə qədər yorulmaq bilmədən rəqs edirlər. Amfetamin bu gün gizli laboratoriyalarda qeyri-qanuni sintez olunur və qara bazarda satılır. İdmanda amfetaminin istifadəsi hazırda dopinq kimi qəbul olunur və qadağandır. Velosipedçi, 1965-ci ildə Britaniyanın ən yaxşı idmançısı titulunu qazanmış, 1956-ci il olimpiya oyunlarının bürünc mükafatçısı Tomas Simpson 1967-ci ildə amfetamin qəbul edərək uzun məsafəyə velosiped sürmə yarışında həyatını itirib. Bu kimyəvi maddələrdən asılılıq zamanı orqanizm az müddət ərzində tükənir və sürətli qocalma və ölüm baş verir. Beyində geridönməz proseslər yaranır. İnsan artıq əvvəlki mənliyini, şəxsiyyətini, ləyaqətini itirir. Müalicə isə demək olar ki, çox az hallarda effekt verir. Ona görə də, bu maddələri hətta “prob” etmək, “dadmaq” belə təhlükəlidir. Bir dəfə dadına baxdıqdan sonra beyin elə formatlanır ki, sən o sən olmursan. Ona görə də, əziz valideynlər, övladlarınıza nəzarət edin, məhv olmağa qoymayın. Onları narkobaronların maddi mənafeyinə qurban verməyin. İstər qızın, istərsə də oğlanın amfetamin adlı bu narkotik vasitəni bircə doza qəbul etməsi kifayətdir ki, bütün gələcək həyatı məhv olsun”.
2200 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Bu narkotik vasitənin alqı-satqısı ilə məşğul olanlara qarşı mübarizəyə gəlincə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirir ki, cari ilin 7 ayı ərzində daxili işlər orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ton 200 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Şöbə rəisinin sözlərinə görə, dövriyyədən çıxarılan narkotik vasitələr arasında psixotrop maddələrin, o cümlədən “patı”, “şüşə” adı ilə tanınan metamfetaminin həcmi, orta hesabla 200 kiloqramdan çox olub.
Naşı antireklam özü də reklamdır
Bəs bu narkotik vasitəyə qarşı mübarizə tədbirləri düzgün qurulubmu? Bu barədə fikirlərini bölüşən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, narkomaniya əleyhinə fəaliyyətlər, narkomaniya ilə bağlı tədqiqatların aparılması, xüsusən də, yeniyetmələr arasında sorğuların keçirilməsi zamanı ciddi metodik qaydalara əməl etmək lazımdır. Onun sözlərinə görə, əgər azyaşlılar arasında təbliğat aparılırsa, burada müəyyən etik qaydalar qorunmalıdır, əks halda görülən qabaqlayıcı tədbirlərin özü də reklama çevrilə bilər: “Naşı antireklam özü də reklamdır. Misal üçün, bir-iki ay bundan öncə Azərbaycanda küçədə hərəkət edən insanlar arasında sorğu keçirsəydik ki, “patı” nədir, 80-85 faiz respondent bunun nə olduğunu bilməyəcəkdi. Amma indi hamı məlumatlıdır. Məlumatlılığın özünün isə iki tərəfi var. Birinci halda insan təhlükədən məlumatlı olur və ondan uzaqlaşır, imtina edir. İkinci halda insan məlumatlı olur və təhlükəli hesab olunan bu vasitənin “dadına baxır”, onun nə olduğunu yoxlayır. Azərbaycanda hazırda narkotik vasitələrin zərəri, “patı” kimi tanınan vasitənin insan üçün təhlükəsi barədə müxtəlif təbliğat materialları, narkotikin antireklamı, videoçarxlar ictimailəşdirilir. “Gözəllik salonunda xanımlara arıqlamaq üçün “patı” təklif edirlər” kimi xəbəri də oxuyur, eşidirik. Biri bu xəbərə “doğrudanmı “patı” arıqladır?” deyə reaksiya verir, bununla maraqlanır. Bir başqasının iddiasına görə, parklarda yaşlı, kimsəsiz vətəndaşlara kimlərsə “patı” paylayır ki, onların vəziyyəti yaxşılaşsın, gümrah olsun və sair”.
Nəticə ilə deyil, səbəblə mübarizə aparılmalıdır
Hüquq müdafiəçisinin qənaətincə, antireklama müxtəlif reaksiyalar verilir ki, bu da insan həyatı üçün təhlükə sayılan həmin narkotik vasitəni daha da populyarlaşdırır: “Təxminən 2-3 ay bundan öncə ilə müqayisədə sintetik narkotik vasitələr Azərbaycanda daha populyar olub. Əhalinin böyük əksəriyyəti “patı” və sair bu kimi narkotik vasitələr barədə məlumatlıdır. Fikrimcə, eşitməyin, məlumatlı olmağın xeyirli tərəfi ilə yanaşı, zərərli tərəfi də var. Zərərli tərəf o zaman çox olur ki, antinarkomaniya təbliğatı naşı səviyyədə aparılır, sistemsiz olur. Əslində bunu tənzimləməyin özü də çətindir. Təəssüf ki, sosial şəbəkələrdə narkomaniyanın dolayı və birbaşa reklamları da var. Bu kimi səbəblərdən kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə antinarkomaniya təbliğatı düzgün aparılmalıdır. Mövcud metodiki vasitələrdən, indiyə qədər olan müsbət təcrübələrdən yararlanmaq lazımdır. Primitiv antinarkomaniya təbliğatının zərərli tərəfləri ola bilər. Onu da unutmaq olmaz ki, cinayət təqibi narkomaniyaya, narkomanlığa qarşı mübarizədə vasitələrdən yalnız biridir. Bu, olmalıdır. Bununla paralel tibbi, sosial, profilaktik tədbirlər həyata keçirilməlidir. Əks halda, effekt olmayacaq. Unutmaq olmaz ki, cinayətkarlığa qarşı mübarizə səbəblə deyil, nəticə ilə mübarizədir. Səbəblə mübarizə üçün başqa tədbirlər həyata keçirilməlidir. Burada əsas üstünlük profilaktik və xəbərdaredici tədbirlərə verilməlidir. Bunu sistemli şəkildə daha da genişləndirmək lazımdır”.
Rufik İSMAYILOV



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir