masin

Evlənmək yaşı keçən qızlarımız, yola baxmayan sürücü…

Baxış sayı: 515

İşə gəlirdim. Yol keçəcəm. Qarşımdakı gənc qulağında qulaqcıq, gözləri telefonda, yol açıqdırmı, bağlıdırmı, fərq etmədən keçməkdədir. Qarşıdan gələn avtomobil son anda əyləcə basdı, o da arxasınca gələn qadının qışqırığı nəticəsində. Sürücünün də əlində telefon var idi. Qadın qışqırmasaydı, kim bilir necə bir faciə baş verəcəkdi. Neçə insanın ürəyinə qor düşəcəkdi. Belə hallar az yaşanmır. Çünki…

Yaman  başıaşağı olmuşuq. O dərəcədə ki, başımızı qaldırıb qarşımızdan gələnin üzünə baxa bilmirik. Baxmaq istəmirik. Yox, abırdan , həyadan, nifrətdən filan deyil, başımız bərk qarışıb smartfonlarımıza. Qarşımıza Əzrail çıxsa, çiyninə toxunub keçəsiyik. Avtomobil sürənin əlində telefon, yol keçənin əlində telefon. Hamı əlindəki telefona baxa-baxa harasa tələsir. Metroda, avtobusda, ictimai yerlərdə hər kəs başını aşağı dikib, gözünü zilləyib telefonuna. Yanında yer yarılsa, xəbəri olmaz deməyəcəm, xəbəri olur, amma başlayır həmin görüntüləri çəkməyə.

Biri boğulursa, yanırsa, yıxılırsa, ölüm ayağındadırsa, əl uzatmaq, yardım etmək əvəzinə durub çəkir. Sosial şəbəkələrdə çoxlu-çoxlu like (bəyənmə) yığmaq üçün zombiləşib cəmiyyət. Qonaq gedirik, “xoşgəldin”dən sonra ilk iş Wi-Fi-nin şifrəsini soruşmaq olur. Qonağın da, ev yiyəsinin də başı qarışır internetə. Ünsiyyət qabiliyyətimiz itib. Ana uşağının əlindən dincəlmək üçün əlinə verir telefonu, o da bütün günü ya vurdulu-qırdılı oyunlar oynayır, ya da dayanmadan cizgi filmləri izləyir. Gənc  ana da Tik- tokda yayımlamaq  üçün video çəkir. Ailə olaraq oturub isti- isti söhbətləşmək  artıq tarixə qarışmaqdadır.

Fərqindəsinizmi, son illər evlənmək yaşı keçən nə qədər qız var? Bunun bəlkə də çoxlu-çoxlu sosial səbəbləri var. Amma bir bəlada sosial şəbəkə üzərindən qurulan tanışlıqlar, saxta virtual sevgilərdir.  Sosial səbəkələrlə qızlara “ romanlar yazan”, onlar üçün dağları yarıb su gətirən oğlanlar  real həyatda onlara bir stəkan su da vermirlər. Virtual sevgidə qəhrəman olmaq daha asandır axı. Real həyatın öz iqtisadi gerçəkləri var.

Ağıllı, abırlı qızlarımızın çoxusunun real həyatda üzünə baxan yoxdur. Bəlkə çoxu hələ sevgiylə baxan bir cüt gözlə göz-gözə gəlməyib.

Baş qarışıb smartfondakı oyunlara, videolara, qumarlara, filmlərə. Ömür isə bu yandan su kimi axıb gedir. Koronavirusda evə qapanmalarımız bizi virtual dünyaya yaman bağladı. Elə bağladı ki, korona olmasaq da, koranə olduq.

 

İlhamə Həkimoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir