Nermine Abbasova

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

Baxış sayı: 747

Sağlamlıqla bağlı bugünkü mövzumuzda revmatik xəstəliklərdən bəhs edəcəyik. Qeyd edək ki, revmatik xəstəliklər qrupuna 120-dən çox xəstəlik və sindrom daxildir. Revmatizm də bu qrupa daxil olan patologiyalardandır. Müasir təsnifatlara əsasən revmatizm əvəzinə “kəskin revmatik qızdırma”dan istifadə olunur. Dünyanın bütün ölkələrində yayılmış bu xəstəliyə 7-15 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Kəskin revmatik qızdırma 30 faiz hallarda ailəvi xarakter daşıyır.

Revmatik xəstəliklərdən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova danışdı.

Həkim-terapevt bildirir ki, xəstəliyin inkişafını şərti olaraq üç əsas mərhələyə bölmək olar:

1-ci mərhələ adətən keçirilmiş anginadan, skarlatinadan və ya kəskin nazofaringitdən sonra 2-4 həftə ərzində davam edir, simptomsuz və ya uzanmış sağalma əlamətləri ilə keçir;

2-ci mərhələ xəstəliyin əsas klinik əlamətlərinin meydana çıxması ilə xarakterizə olunur. Xəstəlik kəskin, tədricən, hətta bilinmədən başlaya bilər. Əksər uşaqlarda ilkin əlamətlər kimi qızdırma, halsızlıq və oynaq ağrıları meydana çıxır. Müayinə zamanı ürək tərəfindən dəyişikliklər, leykositoz, eritrositlərin çökmə sürətinin artması, anemiya aşkar edilir. Bəzən isə kəskin revmatik qızdırma xoreya əlamətləri ilə başlayır. Müxtəlif simptomlar xəstəliyin gedişindən, ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif forma və kombinasiyalarda ola bilər;

3-cü mərhələ – qayıdan kəskin revmatik qızdırmanın müxtəlif əlamətləri – ürək qüsurunun proqressivləşməsi və hemodinamik pozğunluqların inkişafı ilə xarakterizə olunur.

Nərminə Abbasova kəskin revmatik qızdırma zamanı valideynlərin daha çox hansı əlamətlərə diqqət yetirməli olduğundan danışıb. Qeyd edib ki, kəskin revmatik qızdırma zamanı valideynlərin və həkimlərin diqqətini ilk cəlb edən kliniki əlamətlərindən biri oynaqların zədələnməsidir:

“Bu, bir qayda olaraq iri oynaqların simmetrik, uçuğu xarakterli zədələnməsi ilə xarakterizə olunur. Oynaqlarda dözülməz ağrılar, şişkinlik, dəri örtüyünün qızartısı, az nəzərə çarpan defiqurasiyası olur. Xəstəliyin əvvəlində çox da büruzə verməyən, lakin həyat üçün ən təhlükəli əlamət ürəyin zədələnməsidir. Patoloji proses bir qayda olaraq ürəyin bütün təbəqələrini əhatə edir. Uşaqlarda demək olar ki, 100 faiz hallarda miokardit, 50-55 faiz isə endokardit inkişaf edir. Uşaqların ümumi vəziyyəti ağır olur, avazıma, təngnəfəslik, sianoz, zəif nəbz, arterial təzyiqin aşağı enməsi, ritm pozğunluqları əmələ gəlir. Təxminən 10 faiz hallarda aortal qapaqlar zədələnir, aşağı tembrli diastolik küy eşidilir, bəzən diastolik təzyiq aşağı enir. Ekssudativ perikardit isə təxminən 40 faiz hallarda inkişaf edə bilər. Bu zaman uşağın vəziyyəti hədsiz dərəcədə ağırlaşır, üzü şişir, boyun venaları qabarır, təngnəfəslik, məcburi yarımoturaq vəziyyəti müşahidə olunur”.

Həkim deyir ki, sinir sisteminin zədələnmələri uşaqlarda adətən kiçik xoreya şəklində təzahür edir. Belə ki tədricən uşağın psixikası dəyişilir, eqoistlik, emosional dəyişikənlik, yorulma, aqressivlik meydana çıxır. Bir-iki həftədən sonra isə xoreyanın əsas əlamətləri-müxtəlif əzələ qruplarının qeyri-iradi yığılmaları, əzələlərin hipotoniyası, zəifliyi, hərəkətlərin koordinasiyasının pozulması inkişaf edir. Mimiki əzələlərin qeyri-iradi yığılması, nitq pozğunluğu, xəttin dəyişilməsi baş verir:

“Xəstələr yemək zamanı əşyaları əlində saxlaya bilmir, narahat hərəkətlər edir. Ağır hallarda, hətta uşağın oturub durması, gəzməsi çətinləşir, udman və digər fizioloji aktlar pozulur. Xoreik hiperkinezlər uşaqlar həyacanlananda, fiziki yük zamanı artır, yuxuda itir. Bəzən valideynlər uşağın bu hərəkətini şıltaqlıq kimi qəbul edərək onlara irad tutur, qışqırır və s. Bu isə prosesə mənfi təsir göstərərək onu daha da dərinləşdirir. Belə hallarda təcili revmatoloqa müraciət etmək lazımdır”.

Nərminə xanımın sözlərinə görə, vaxtında diaqnoz qoyulmadıqda, müalicə-profilaktika tədbirləri gecikdikdə, yaxud müalicə səriştəsiz aparıldıqda kəskin revmatik qızdırmanın təkrar baş qaldırması mümkündür:

“Təkrar hücum əsasən burun-udlaq infeksiyasından və ya paraallerqik təsirlərdən, soyuqlama, fiziki gərginlikdən sonra müşahidə olunur. Xəstələrin əksəriyyətində problemin təkrarlanması kəskin başlayır, öz fəallığı və gedişatı ilə əvvəlkini təkrar edir. İkinci hücum zamanı 95 faiz, sonrakı hücumlar zamanı isə 100 faiz ürək zədələnir. Bir neçə hücumdan sonra ürəyin xroniki revmatik xəstəliyi inkişaf edir və əksər hallarda qazanılmış ürək qüsuru formalaşır”.

Bu xəstəliyin tam müalicəsinin mümkünlüyünə gəlincə, həkim bildirdi ki, kəskin revmatik qızdırma zamanı birləşdirici toxumada patoloji proses dörd ardıcıl fazadan ibarət olur. Bu prosesin yalnız birinci – mukoid şişmə fazası geri qayıdır. Odur ki, mümkün qədər diaqnoz erkən qoyulmalı, vaxtında və düzgün müalicə başlanılmalı, profilaktik tədbirlər həyata keçirilməlidir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir