Qumru Eyvazova

Soyadın dəyişdirilməsi hansı qaydada həyata keçirilir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 2. 181

Ən qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər müxtəlif tarixi kəsimlərdə Azərbaycan antroponimiyasında toponimlərdən düzələn nisbə, ləqəb, son əsrlərdə isə təxəllüs və soyadlarından istifadə olunmuş və hazırda da istifadə olunmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın müvafiq bəndinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Lakin, təbidir ki, qızlar, xüsusilə də, Azərbaycanda nikaha daxil olduqda öz gələcək ərinin soyadına keçməsi barədə Qeydiyyat şöbələrində razılıq ərizəsi yazırlar və 1 aydan sonra nikahın qeydə alınması barədə Nikah şəhadətnaməsində bu dəyişiklik öz əksini tapır. Yuxarıda qeyd edilən Qaydaların müvafiq bəndinə əsasən, ər-arvaddan birinin soyadının dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

SEXSIYYET VESIQESI

Əgər nikah xarici ölkədə qeydə alınıbsa və nikah şəhadətnaməsində arvadın soyadının dəyişdirilməsi ilə bağlı qeyd yoxdursa, o zaman arvad müvafiq sübutedici sənədlər ilə ASAN Xidmət Mərkəzlərinə yaxınlaşıb sənədləri təqdim etməklə, soyadın dəyişdirilməsinə  müraciət edə bilər. Lakin bir məqamı qeyd etmək vacibdir ki, soyadın dəyişdirilməsi barədə qeyd Nikah Şəhadətnaməsində xüsusi olaraq göstərilir, hansı hal ki, digər ölkələrdə mövcud deyildir və bu məsələ gələcəkdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən soyadın dəyişdirilməsindən imtina üçün əsas ola bilər. Hər bir halda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada, dövlət orqanlarının icra etməli olan məsələlərin icra edilmədiyi və icra etməkdən imtina etdiyi hallar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir və son qərar məhkəmələr tərəfindən verilir.

Əlavə olaraq qeyd etmək yerinə düşər ki, bəzi hallarda vətəndaşlar soyadlarının dəyişdirilməsi səbəbinin onların ulu baba və nənələrinin soyadlarının daşımaq istədikləri ilə əlaqələndirirlər. Bu halda isə, ilk öncə, həmin şəxslər, yəni ərizəçilər, soyadlarını götürmək istədikləri şəxslər ilə qohumluq əlaqələrinin olması faktını məhkəmə qaydasında sübüt etməlidirlər. Bu sübutetmə prosesi isə vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə birinci instansiya məhkəmələrinə ərizə ilə müraciət edilərək verilməlidir. Bu cür işlər Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada “Hüquqi əhəmiyyətli faktların müəyyən olunmasına dair” işlərin siyahısına daxil edilərək  xüsusi icraat qaydasında baxıla bilər və qohumluq əlaqələri təsdiq edilə bilər. Qohumluq əlaqələrinin təsdiqi barədə qətnamə ərizəçinin qeydiyyatda olduğu Qeydiyyat şöbəsinə təqdim edilməklə, soyadın dəyişdirilməsi prosesi həyata keçirilə bilər. Qeydiyyat şöbəsi tərəfindən imtina edildikdə, yuxarıda da qeyd edildiyi kimi, inzibati qaydada ərazi üzrə inzibati məhkəmələrə müraciət edilməlidir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir