kisi-qadin

Sakit, yoxsa ünsiyyətcil?

Baxış sayı: 566

Niyə belə sakitsən? Niyə heç danışmırsan? Həmişə beləsən? Bu sualları tez-tez eşidirsinizsə, çox güman ki, siz də introvertsiniz, ya da digər adı ilə öz-özünüzlə xoşbəxt olan biri.

İsveçrəli psixoloq Karl Qustav Yunq insanları introvert və ektrovert olaraq 2 tipə ayırır. İntrovertlər daxilə meyilli, ekstrovertlər isə xaricə meyilli tiplərdir. Ekstrovertlər ünsiyyətcil, aktiv, geniş sosial çevrəsi olan insanlardır. İntrovertlər isə enerjini daxillərindən alırlar.  Ekstrovertlər, adətən, evdə vaxt keçirməyi, xüsusən də təkbaşına vaxt keçirməyi heç sevmirlər. Məsələn, bir gün ekstrovert bir tanışınızın evində qalmısınız. O, böyük ehtimalla evdən çıxmağın yollarını axtaracaq: “Gəl, filan yerə gedək”, “Oradan çıxıb başqa yerə gedərik”, “Filankəsi də çağırarıq” və s. Siz introvert insansınızsa bu durumu heç sevməzsiniz və bundan yayınmağa çalışarsınız, çünki bu tip şeylər sizi yorar.

Əslində, introvertlər də sosiallaşmağı sevirlər, amma bu, uzun müddət davam edəndə hər gün aktiv həyat tərzi keçirib, adam çox olan yerdə olanda enerjilərinin düşdüyünü hiss edərlər və evə gedib təkbaşına qalma ehtiyacı duyarlar. Çünki enerjilərini tək qalaraq bərpa edərlər. Bəli, tək qalmaq introvertlərə enerji verir. Ekstrovertlərdən fərqli olaraq tək qalanda darıxmırlar, əksinə, özləri ilə vaxt keçirməkdən zövq alırlar, səssizlikdə daha hüzurlu hiss edirlər. Tək qalanda yaradıcılıq qabiliyyətləri də artır, yeni məşğuliyyətlər tapırlar.

Mütəxəssislər bildirirlər ki, introvertlərlə ekstrovertlər enerji mənbələrinə görə fərqlənirlər. Ekstrovertlər enerjilərini insanlarla daha çox vaxt keçirməklə alırlarsa, introvertlər səssizlikdən alırlar. Ona görə də bir çoxları tərəfindən soyuq, məsafəli, asosial biri kimi tanınırlar. Əslində, onları fərqli ortamlarda ünsiyyətcil görə bilərsiniz. İntrovertlər insanlara qarşı seçici davranırlar və münasibətlərdə kəmiyyətə yox, keyfiyyətə önəm verirlər. Ona görə də onların ətrafında elə də çox adam olmur, amma seçdikləri, yaxın bildikləri insanlarla daha özəl davranırlar.

Təəssüf ki, günümüzdə sadəcə ağız tərpənsin deyə danışmaq ünsiyyətcil olmağın, aktivliyin göstəricisi kimi təqdim edilir. Psixoloqlar bunun yanlış fikir olduğunu söyləyirlər. Onlar qeyd edirlər ki, çox danışmaqla çox bilgili olmaq arasında heç bir əlaqə yoxdur. İntrovertlər üçün cümlələr yerində və lazımlıdırsa, işlənməlidir. Onlar boş danışıqlardan qaçırlar. Eyni mövzulardan danışmaq onlar üçün çox yorucudur, ona görə də özlərinə maraqlı olmayan mövzulardan danışıldıqda qoşulmaq istəməzlər.

Psixoloqlar qeyd ediblər ki, introvertlər haqqında bəzi yanlış düşüncələr mövcud olsa da, ancaq bu deyilənlərə baxmayaraq, introvert olmağın bir çox üstün cəhətləri var. Məsələn, onlar yaxşı dinləyicidirlər. Empatiya qurmağı çox yaxşı bacarırlar. Qarşılarındakı insanı bir çox insandan daha yaxşı anlaya bilirlər. Müşahidə etmək qabiliyyətləri yüksəkdir. Çox insanın diqqət etmədiyi şeyləri sezərlər və ətrafındakı insanları analiz etmə baxımından seçilirlər. Daha keyfiyyətli münasibətlər qurarlar. Seçici davranmaqları münasibət qurmaq baxımından onları daha sadiq, daha diqqətli biri edir.

Mütəxəssislərin fikrincə, introvert insanları dəyişməyə, olmadığı birinə çevirməyə çalışmaq qətiyyən düzgün deyil. Öz daxili dünyasına qapılmaq istəyənləri anlamaq lazımdır. Çünki onlar yalnız bu halda ortaya çox parlaq fikirlər qoya bilirlər. Ona görə də onlara bu fürsəti verməliyik. Cəmiyyət arasında, insanlarla ünsiyyətdə olmaq yaxşıdır, lakin  hər bir insanın şəxsi mühiti də olmalıdır.

İstər introvert ol, istərsə də ekstrovert hər birimizin bəzən təkliyə ehtiyacı var. Hər insan tək qalmaq istəyə bilər və biz də buna sayğı göstərməliyik. Bunu neqativ bir hal kimi qəbul etməməliyik. İntrovertlərə: “Niyə heç danışmırsan?” – demək, ekstrovertlərə: “Niyə çox danışırsan?” – demək qədər kobudluqdur.

 

Röya Rasimqızı, 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir