Hər il bahalı brendlər tərəfindən yaradılan dəb trendləri mağazaların vitrinlərini bəzəyir. Dolayısilə alış-veriş etdiyimiz zaman istər-istəməz marağımızı çəkdiyi üçün bu moda cərəyanlarından biz də təsirlənirik. Bu yazıda dəb tarixində böyük səs-küy yaratmış dəyərli geyimlərdən bəhs edəcəyik.
Məşhur Dorotinin geyim dəsti
Elə bir qız yoxdur ki, ömründə bir dəfə də olsun, “Oz ölkəsinin sehrbazı” filminə baxıb oradakı Dorotinin qırmızı tuflisindən arzulamasın. Şayiələr gəzir ki, filmin çəkilişləri üçün 7 cüt ayaqqabı tikilib. Onlardan biri Vaşinqtondakı məşhur Amerika İncəsənət Muzeyində saxlanılır. Qalanları isə hərraca çıxarılıb. Bu yaxınlarda qırmızı tuflilərə naməlum bir kolleksiyaçı 666 min dollar verib.
Təəccüblü deyil ki, Dorotinin dama-dama donu da qırmızı tufliləri qədər sevilib. Bu paltar xüsusilə, Hellouin maskaradı üçün uyğundur. Paltar hərracda əsl dəyərindən dəfələrlə qat-qat baha qiymətə – yarım milyon dollara satılıb.
Şahzadə Diananın geyimi
Şahzadə Diana “Edelstein Victor”-dan olan tünd göy məxmər paltarını Ağ evdə baş tutan təntənəli qəbul zamanı geyinmişdi. Zərifliyi ilə bütün xanımlara örnək olan şahzadənin bu libası 2013-ci ildə 360 000 dollara satılmışdı.
Qreys Kellinin gəlinlik geyimi
Məşhur Hollivud ulduzu Qreys Kelli və Monako knyazı Renyenin toyundan yarım əsrdən çox vaxt keçsə də, gəlinlik geyimi hələ də dizaynerlər və gəlinlər üçün stil ikonası olaraq qalır. Gəlinlik geyimi dünyanın ən bahalı gəlinliklərinin reytinqinə daxildir. Geyimin eskizini MGM kinostudiyasının rəssam-dizayneri Helen Rouz hazırlayıb.
“Abay” müsəlman geyimi
Məşhur İnglis modelyeri Debbi Vinghamın Dubayda müsəlman qadınları üçün dizayn etdiyi ənənəvi “Abay” müsəlman geyimi bütün dünyada məşhur oldu. Həmin geyimin qiyməti təxminən 17,7 milyon dollardır. Gözəl qara kətan geyimin üzəri qızıl saplarla naxışlanmış və 2000 brilyantla bəzədilmişdir. Həmçinin paltarın yaradılmasında ağ, qara və ən nadir bahalı qırmızı brilyantlardan istifadə edilmişdir. “Abay” geyiminin təqdimatı Dubayda yerləşən elit otellərdən birində keçirilmişdir.
“Kuala Lumpura bülbülü” adlı geyim
Dünyanın ən gözəl geyimlərindən biri Malaziyalı dizayner Faiyzali Abdullah tərəfindən dizayn olunub. Deyilənlərə görə, bu paltarın qiyməti təxminən 30 milyon dollardır. Dəbdəbəli geyim tafta və ipəkdən tikilib və 751 brilyantla bəzədilib. Əsrarəngiz donu bəzəyən ən böyük daşın çəkisi 70 karatdır. Dizayner işi olan bu geyimə “Kuala Lumpura bülbülü” adı verilib. Paltar ilk dəfə 2009-cu ildə” STYLO Fashion GrandPix KL” festivalında insanlara təqdim edildi.
Holli Berrinin donu
Livanlı dizayner Elie Saabın məşhur aktrisa Holi Berri üçün yaratdığı paltar insanlar tərəfindən böyük marağa səbəb oldu. Həmin açıq-saçıq geyimdə qırmızı xalçaya çıxması ilə Holli Berri uzun müddət ərzində diqqət mərkəzində oldu. Qeyd edək ki, cazibədar aktrisa tünd qırmızı paltarı 2002-ci ildə “Oskar” mükafatlandırma gecəsində geyinmişdi.
Kate Middltonun toy geyimi
Adətən məşhurların geyimlərinin xüsusilə qəşəng və qeyri-adi olması gözlənilir. Kate Middlton toy mərasimində geyindiyi bej rəngində gəlinlik insanlar tərəfindən çox bəyənildi .Bu zərif çiçəkli krujevalar ilə bəzədilən gəlinlik paltarı “Alexander McQueen” moda evinin yaradıcı direktoru Sarah Burton dizayn edib. Sadə və eyni zamanda gözəl olan gəlinlik paltarının 2,7 metrlik şleyfi var idi. Kate Middltonun gəlinliyi məhz Qreys Kellinin Monako Şahzadəsi III Renye ilə evləndiyi zaman geyindiyi paltara əsasən dizayn edilmişdir.
Kəpənəyin qanadlarına bənzər geyim
Moda dizayneri Luly Yangın şah əsəri sayılan və bir neçə mövsüm dəbdən düşməyən qeyimi bütün dünyada məşhurlaşdı. Kəpənək qanadları şəklində olan paltar bu günə qədər ən gözəl və dəbli geyimlərdən biri hesab olunur. Gəzərkən paltar,sanki uçan bir kəpənəyin qanadlarının hərəkətlərini təqlid edir. Deyilənlərə görə, bu dizayner işi ən bahalı ipəklərdən hazırlanıb.
Merlin Monronun geyimi
Dünyada seçilən geyimlərdən bir neçəsi məhz Merlin Monroya aid olub. Bu dəyərli geyimlərdən biri “Doğum günü” adlanırdı. Bu paltar dizayner Jean Luis tərəfindən 1952-ci ildə John F. Kennedinin ad günü üçün hazırlanmışdır. Şəffaf nazik parçadan hazırlanmış paltar altı mindən çox kiçik brilyantlar ilə bəzədilib. Merlin Monronun bu geyiminin qiyməti təxminən 12 min dollar idi.O dövr üçün bu, inanılmaz bir məbləğ idi. Lakin Prezidenti təəccübləndirmək üçün Merlin həmin paltarı şifariş etdi. Jean Luisin şah əsəri olan həmin paltar 1999-cu ildə “Gotta Have It”şirkəti tərəfindən 1 milyon dollara alındı. Modelyerlərin fikrincə, bu paltar onların ödədiyi məbləğdən daha bahadır.
Merilin Monronun 60 il bundan əvvəl filmdə geyindiyi, küləkdə qalxan əfsanəvi ağ donu isə 2011-ci ildə 5.6 milyon dollara satılıb. Bu, hərrac tarixində indiyədək görünməmiş hadisə sayılır.
Odri Hepberninin qara donu
Gözəlliyi ilə dillərə dastan olan Odri Hepbernin “Tiffanidə səhər yeməyi” filmdə geyindiyi “Givenchy”-dən olan qara donu 2006-cı ildə bir milyon dollara satılıb.
Debbi Vinghamın misilsiz şah əsəri
Məşhur modelyer və dizaynerin başqa bir dahiyanə əsəri dünyanın ən gözəl və cazibədar geyimlərindən biri adlandırıldı. Dizayner bu paltarı yaratmaq üçün təxminən altı ay vaxt sərf etdi. Qeyd edək ki, paltarın ümumi çəkisi 14 kiloqramdır. Dizayner işi olan bu dəyərli geyim 5 karatdan çox olan 50 qara almaz və bir çox digər qiymətli daşlar ilə bəzədilib. Deyilənlərə görə, həmin geyimin qiyməti təxminən 5.5 milyon dollardır.
Naomi Vatsun parlaq geyimi
Naomi Vats üçün “Armani Prive”moda evi tərəfindən dizayn edilən bu paltar tarixə düşən ən gözəl və bahalı paltarlar siyahısına daxildir. Qeyd edək ki, bu paltarın yaradılması təxminən 2 aydan çox çəkdi. Qaradərili məşhur model həmin paltarı “Oskar” mükafatı mərasimində geyinmişdi. Gözəlliyi ilə göz qamaşdıran ulduz o gecə diqqət mərkəzində idi. Yeri gəlmişkən, Naomi Vatsun bu möhtəşəm paltarı məşhur “Neil Lane ” brilyantları ilə bəzədilib.
Olivia Vayldın göz qamaşdıran geyimi
Amerikalı kino ulduzu Olivia Vayldın qarderobu dünyanın ən gözəl və bahalı geyimlərindən ibarətdir. Lakin onun 2011-ci ildə “Oskar” mükafatında geyindiyi paltar “ən gözəl geyim” adına layiq görülmüşdü. Boz və qara çalarlarda hazırlanan paltar gümüş zərlər ilə bəzədilmişdi.
Lupita Nyong’onun libası
2015-ci ildə qaradərili aktrisa Lupita Nyong’onun libası hələ də yaddaşlarda qalıb. “Calvin Klein Evi” tərəfindən hazırlanan bu libas təxminən 6 mindən çox incidən toxunmuşdur.
Samirə Tağıyeva