f1e2b2c9166143426711621483010768054

Qəbiristanlıq, yoxsa ölümdən də betər cəza?

Baxış sayı: 563

Dünyanın bəzi ölkələrində qəbiristanlıqlar yerləşdiyi əraziyə, məzarların quruluşuna görə adi qəbiristanlıqlardan fərqlənir. Bu yazıda məhz bu qəbiristanlıqlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

 

Ən rəngarəng məzarlıq

Rumıniyanın Sapıntsa kəndində yerləşən  “Şən” qəbiristanlıq, yəqin ki, dünyanın ən qəribə və rəngarəng məzarlığıdır.

Qəbiristanlığın bu adı daşımasına səbəb başdaşlarına ölənlərin məşğuliyyəti və həyatından olan səhnələrlə bağlı rəngli rəsmlərin çəkilməsi, onların şəxsiyyəti barədə yumorla şeirlər yazılmasıdır. Bəzi qəbirlərin hər iki tərəfində rəsmlər var. Bir tərəfdə ölən adamın həyatı təsvir olunur, digər tərəfdə isə ölümün səbəbi göstərilir.

Hər şey kəndin şən ruhlu insanı  Stan Petraşın sayəsində başlayıb. Sapıntsada başdaşları daşdan deyil, taxtadan hazırlanır. 1935-ci ildə o, öz şeirini taxta üzərinə oyma üsulu ilə yazdıqdan sonra bu, ənənə halını alıb. Stan 40 il ərzində 800-ə yaxın məzarın üzərində gülməli, tənqidi, düşündürücü şeir və rəsmlərdən ibarət sənət əsərləri yaradır. O, 1977-ci ildə özü də bu məzarlığın “sakinlərindən” biri olur.

Biri öləndə adətən sevənləri onun haqqında ancaq xoş sözlər deyir, onu yaxşı insan kimi xatırlamağa çalışır. Lakin bu kənddə hamı bir-birini tanıdığı üçün əhaliyə kimin kim olduğu bəllidir. Bu da məzar daşlarına gülməli şəkildə əks olunub. Hətta ölünün həyatından xoş olmayan detallara belə yer verilir. Məsələn, ölən adamın içki düşkünü, yaxud da şorgöz olduğunu onların başdaşlarından öyrənmək olar.

İllərdir davam edən ənənə, təbii ki, öz üslubunu da formalaşdırıb.  Burada sarı rəng bərəkət, qırmızı ehtiras, qara isə əlbəttə ki, ölümü ifadə edir. Məzar daşlarına çəkilən qara quş faciəli, yaxud da şübhəli bir şeyi simvollaşdırır. Ağ quşlar isə sevgi, rahatlıq və həsrət mənasına gəlir.

Məzarlıq hazırda açıq hava muzeyi kimi fəaliyyət göstərir və çox sayda turist cəlb edir.

 

Fironlar Vadisi

“Fironlar Vadisi” adı verilən bu bölgədə bu günə qədər cəmi 63 məzar tapılıb. Tapılan məzarlardan birinin b.e.ə. 1323-cü ildə ölmüş  Firon Tuta aid olduğu iddia edilir. Çox maraqlıdır ki, mumyalanan fironlar bu günə qədər də korlanmadan olduğu kimi qalmaqdadır. Bunun sirrini isə müasir elm hələ də aça bilməyib. Fironların cəsədlərini mumyalayan zaman hansı kimyəvi məhlullardan, maddələrdən istifadə edildiyi məlum deyil.

 

Skeletlərdən ibarət kilsə

Bu qəbiristanlığın özünəməxsusluğu sümüklərin sanki sənət əsəri kimi incə yığılmasıdır. Belə ki, onun içərisində sümük qalıqlarından bəzək əşyaları və.s düzəldilib. Qədim Roma dövründən qalan qəbiristanlıqdakı bu əsərlərin necə düzəldildiyi də hələlik bilinmir.

Sedlecin skelet kilsəsi Çexiya hökumətini mühafizəsi altındadır. Kilsənin dekorasiyasında 40 min insanın skeletindən istifadə olunub.

 

Leland Stanford

Amerika Birləşmiş Ştatlarının ən yaxşı institutlarından biri olan Stanford Universiteti bir çox insana  tanışdır. Universitetin şimal-şərqində onun qurucusuna və ailəsinə aid bir abidə var. Bir çox insan, hətta institutun bəzi tələbələri belə, bu abidədən xəbərsizdir.

Leland Stanford 1863-cü ildə Kaliforniyanın qubernatoru idi. 1884-cü ildə 15 yaşında olan oğlu ağır xəstəlik ucbatından həyatını itirib. Qubernator kiçik oğlunun xatirəsini ölümsüzləşdirmək  üçün vaxt itirmədən bir universitet qurmağa qərar verir. Hazırda bu yer Leland Stanford Junior Universiteti olaraq tanınır.

Leland Stanfordun özü və həyat yoldaşı da dünyasını dəyişdikdən sonra övladlarının yanında dəfn olublar. Sözügedən məbəddə ailənin 3 üzvü şüşə tabutda saxlanılır.

 

Səssizlik qalası

Zərdüştlük dünyanın ən qədim dinlərindən biridir. Zərdüştlərin inancına görə, təbiəti korlamamaq üçün ölüləri yandırmaq və ya  torpağa basdırmaq olmaz. Onları yalnız təbiətin səssizliyində yırtıcı quşlara əmanət etmək olar. Bunun səbəbi isə zərdüştilərin hava və torpağı çox önəm vermələri olub. Əsl adı Dakh olan bu dağa ölülər yırtıcı quşların yeməsi üçün qoyulur. Bu məzarlıq “Səssizlik qalası” kimi də tanınır.

Bu məzarlıq qalanın yuxarı hissəsində yerləşir və dairəvi şəkildə 3 yerə bölünüb. Ən arxadakı dairədə kişilər, ortadakı dairədə qadınlar, öndəki dairədə isə uşaqlar dəfn olunublar. Günəş altında qalan və quşlar tərəfindən yeyilən cəsədlərin ən sonda sümükləri toplanaraq  bir çuxura yığılır.

Bu məzarlıq haqqında daha bir maraqlı məqam isə ölən adamın cəsədini həmin əraziyə buraxdıqdan sonra cəsədin yanında bir rahibin gözləməsidir. Onun gözləməsinin səbəbi isə yırtıcı quşların gəlib cəsədin hansı gözünü yeməsini görməkdir. İnanca görə,əvvəlcə cəsədin  sağ gözü yeyilərsə, bu, onun üçün yaxşı əlamətdir. Sol gözü  yeyilərsə, bu, ruhun əzab görəcəyi mənasına gəlirdi.

1979-cu ildən sonra bu qalanın məzarlıq kimi istifadə edilməsi qadağan olunub. Artıq zərdüştlər normal məzarlara basdırılır. Lakin sözügedən məzarlıq bu gün də turistlər tərəfindən ziyarət edilməkdədir.

 

Sualtı “Neptun” qəbiristanlığı

Qeyri-adi qəbiristanlıqlar sırasına ABŞ-da yerləşən “Neptun” adını daşıyan sualtı məzarlıq da daxildir. 2013-cü ilin dekabr ayında fəaliyyətə başlayan bu məzarlıq suyun 17 metr dərinliyində yerləşir.

Deyilənlərə görə,  125 min nəfər üçün nəzərə tutulan “Neptun” sualtı qəbiristanlığı məhv olmaqda olan koral rifləri üçün də həyat mənbəyi olacaq. Suyun 17 metr dərinliyində yerləşən bu qəbiristanlıqda ölən şəxslərin adları mis bürüncə yazılaraq məzar daşlarına yerləşdirilir.

 

Sukre qəbiristanlığı

Boliviyada yerləşən  Sukre qəbiristanlığı öz qeyri-adiliyi ilə bütün Cənubi Amerikada məşhurdur. Boliviyalılar inanırlar ki, buranın torpağı dəfn olunan şəxsin günahlarını özünə hopdura bilir.

Məhz bu səbəbə görə onlar öz yaxınlarının Sukre qəbiristanlığının ərazisində dəfn olunması üçün tələb edilən 10 min dolları həvəslə ödəyirlər.

Uzun illərdir müəyyən olunan prosedura görə, vəfat edən şəxs öncə qəbiristanlıqdakı sərdabəyə yerləşdirilir. 7 ildən sonra sərdabədən çıxarılan cəsəd qəbiristanlığın ərazisində torpağa tapşırılır.  Dəfndən 20 il keçdikdən sonra cəsəd yenə qəbirdən çıxarılır və qohumlarına təhvil verilir. Onlar cəsədi kremasiya edirlər və  yaxud başqa qəbiristanstanlıqda dəfn edirlər.

Maraqlıdır ki, Sukre qəbiristanlığında müvəqqəti torpağa verilənlər öz qohumlarının yanında deyil, iş yoldaşları ilə yanaşı basdırılır.

 

Samirə Tağıyeva

1

2 3 4 5 6 7 8 9




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir