Azərbaycanda bəzi özəl orta təhsil müəssisələri təhsil haqqını bahalaşdırıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərə görə, hətta özəl orta məkləblər arasında əvvəlki illərdə qəbul olan şagirdlərdən depozit qoymadıqları üçün təhsil haqqını yeni qiymətlə ödəmək tələb olunur. Buna misal kimi “Zirvə” liseyinin adı hallanır.
Ən ucuzu 5000, ən bahası 20000 manatdır
“İdrak liseyi”ndən bildiriblər ki, qiymətlər Azərbaycan və rus bölməsinə görə dəyişir. Belə ki, Azərbaycan və rus bölməsində 1-11-ci siniflər üzrə illik təhsil haqqı 8000 manatdır. Təhsil ingilis dilində aparılırsa, bu zaman illik təhsil haqqı 9000-9500 manat arasındadır. Bu qiymətə dərsliklər və qidalanma daxildir. Amma liseydən sentyabrın 1-dən illik təhsil haqqı məbləğinin artırılacağını söylədilər.
“Sabis Sun” Beynəlxalq Məktəbində isə hər sinif üzrə qiymətlər dəyişir. İbtidai siniflər üzrə illik təhsil haqqı 11970 manatdır. 5-ci sinif üzrə bu məbləğ 12660, 9-cu sinfdə 12851, 11-ci sinif üzrə isə illik 13620 manat təşkil edir. Dərslər ingilis dilində aparılır.
“Avropa Azərbaycan Məktəbi”ndə isə 1-4 siniflər üzrə illik təhsil haqqı 10400, 5-9-cu siniflər üzrə 12500 manatdır. Bu qiymətə gündə bir dəfə qidalanma daxildir. 1 və 4-cü siniflərə isə gündə üç dəfə yemək verilir. 10-11-ci siniflər üçün illik təhsil haqqı 15500 manatdır. Amma şagird məktəbə qəbul edildikdə imtahan edilir. Bunun üçün valideyn 50 manat ödəməlidir.
“Kaspi” liseyində illik təhsil haqqı ibtidai siniflər üzrə 6800, yuxarı siniflərdə isə 7300 manat təşkil edir. Qiymətə kitablar və bir dəfə alınmaq şərtilə məktəbli forması daxildir.
“Oxford” təhsil müəssisəsində ibidai sinif üçün illik təhsil haqqı 16000 manat müəyyənləşib. Yuxarı siniflər üzrə isə bu məbləğ 16500-dür.
“Bakı Dünya məktəbi”ində ingilis dilində təhsil üçün valideyn ibtidai sinif üzrə 8000, 5-11 siniflər üzrə 8500 manat ödəməlidir. Məktəbli forması və dərsliklər pulludir.
“Landau scholl” da ibtidai sinif üzrə rus bölməsində illik təhsil 5600, yuxarı siniflər üzrə 6600-dür. İngilis dili bölməsi üzrə illik təhsil haqqı ibtidai sinifdə 7300, yuxarı siniflərdə 8800 manatdır. Bu məbləğə kitablar və dərsdən sonra dərnək daxildir.
“Hədəf” liseyində illik təhsil haqqı -1-11-ci siniflər üzrə Azərbaycan bölməsində 6500 manatdır. Rus bölməsi üzrə illik təhsil haqqı 7000, ingilis dilində təhsil üçün 7500 manat məbləğində müəyyənləşib. Qiymətə qidalanma, məktəbli forması, dərsliklər və dərnəklər daxildir.
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə illik təhsil haqqı Azərbaycan bölməsində 8000, rus və ingilis bölməsində 12000 manatdır. Qiymətə qidalanma və məktəbli forması daxildir.
“Bakı Fransız Liseyi” nə isə ilkin qeydiyyat haqqı – 600 manatdır. Bu məbləğ yalnız liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir və geri qaytarılmır. Təkrar qeydiyyat haqqı ( ötən ilin şagirdləri üçün) 300 manatdır və geri qaytarılmır. Azərbaycan vətəndaşları üçün ibtidai siniflər üzrə illik təhsil haqqı 16500 manatdır. Kollec və Lisey böməsi üzrə 17710, 11-12-ci siniflər üçün 20900 manatdır.
“Evrika” liseydə ibtidai sinif üzrə Azərbaycan və rus bölməsində illik təhsil haqqı 8000, 5-8 siniflər üzrə 8500, 9-10-11 siniflər üzrə 9000 mindir. İngilis dili üzrə isə qiymət min manat bahadır. Bu qiymətlərə forma və qidalanma, eləcə də dərnəklər daxildir.
“Müasir İnnovasiyalar Liseyi”ndə Azərbaycan və rus bölmələri üzrə ibtidai siniflərdə illik təhsil haqqı 7000 manatdır. İngilis dili üzrə illik təhsil haqqı ibtidai siniflərdə 75000, yuxarı siniflərdə 8500 manat təşkil edir.
“Zirvə” liseyində Azərbaycan bölməsi üzrə ibtidai təhsil haqqı illik 5000, yuxarı siniflər üzrə 5500 manatdır. Rus böməsində bu məbləğ 5200-5800 manat təşkil edir. Liseydən bildirdilər ki, yeni qiymətlər əvvəlki illərin şagirdlərinə şamil olunmur.
O ki, qaldı liseyin valideynlərdən depozit tələb etməsinə, lisey “daxili qayda olduğu üçün” bu barədə açıqlama verməkdən yayınıb.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ibtidai sinif üzrə ingilis dilində təhsil haqqı 16 min manatdır. Yuxarı siniflərdə isə təhsil haqqı 16800 manatdır.
Əlaqə saxladığımız özəl orta təhsil müəssisələrinin bəziləri qiymətlərdə 1000-1500 manat civarında artım olduğunu təsdiqlədilər. Digərləri isə yeni təhsil haqqı qiymətlərinin yalnız yeni şagirdlərə şamil olunduğunu bildirdilər.
Valideyn Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onun övladlarının təhsil aldığı liseydə hər il təhsil haqqı artır. Qiymətlər əvvəlki illərdə qəbul olanlara şamil edilməsə də, onlar hər tədris ili yekunlaşan kimi övladlarının hesabına depozitə müəyyən məbləğ pul qoymalıdırlar ki, növbəti ili də köhnə təhsil haqqı ilə ödəsinlər.
Apardığımız araşdırma zamanı o da məlum oldu ki, özəl liseylərin illik təhsil haqqı əvvəlki illərlə müqayisədə xeyli artıb. Bir şagirdin 11 illik təhsili valideynə minimum 55 min, maksimum isə 220 min manata başa gəlir. Bu isə orta bazar qiymətləri ilə götürsək Bakı şəhərində 1-2-3-4 otaqlı mənzillərin qiyməti dəyərindədir. Liseylər əsas vəsaiti peşəkar müəllimlərin işə cəlb olunmasına xərclədiklərini, buna görə qiyməti mütəmadi olaraq artırmaq məcburiyyətində qaldıqlarını bildirdilər.
Azərbaycanda təhsil haqları daha bahadır
Azərbaycanda özəl liseylərdə illik təhsil haqları qonşu ölkələrlə müqayisədə çox bahadır. Türkiyənin Anadolu bölgəsində illik təhsil haqqı 30 min TL, Azərbaycan manatı ilə 2808 manatdır. Böyük şəhərlərdə illik təhsil haqları 100 min Tl, yəni 9360 manat təşkil edir. Türkiyə mətbuatının yazdığına görə, özəl liseylərdə qiymətlər bu ildən bahalaşıb. Ortalama götürdükdə bu ölkədə özəl liseylərdə təhsil haqqı 30 min-150 min TL arasında dəyişir.
“Öğrenci Veli Derneği” (VELİ-DER) sədri Ömər Yılmaz türk mətbuatına açıqlamasında bildirib ki, bu il təhsil haqlarının artmasına görə, çox şagird dövlət məktəblərinə axışacaq. Yılmaz təhsil haqlarının bahalaşmasına yemək və kitab xərclərinin artmasının səbəb olduğunu bildirib.
“Gürcüstan Məktəbləri İnzibatçıları Assosiasiyasının” rəhbəri, “Şavnabada” gimnaziyasının direktoru Avtandil Abduşelişvili isə gürcü mətbuatına açıqlamasında bildirib ki, bu təhsil ilindən gimnaziyada bir illik təhsil haqqı 4500-6000 lari arasındadır. Bu isə Azərbaycan valyutası ilə 3581-4500 manat təşkil edir. O, qiymət artımı ilə bağlı özəl gimnaziyaların şagird itirəcəyinin də istisna olmadığını bildirir.
Özəl orta təhsil sektorunda rəqabət mühiti aşağıdır
Təhsil üzrə ekspert Kamran Əsədov bildirir k, “Təhsil haqqında” qanun Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin fəaliyyətinə icazə verir. Ancaq ölkəmizdə indiyədək yalnız özəl orta məktəblər yaradılıb.
Onun sözlərinə görə, bələdiyyə məktəblərinin yaradılması məsələsi dəfələrlə gündəmə gətirilsə də, bu gunədək reallaşmayıb. Ona görə də, özəl təhsil müəssisələrində qiymətlər il-ildən bahalaşır:
“Özəl təhsil müəssisələrinin əhatəliliyi bu gün 1 faizdən aşağıdır. Burada təhsil alanların sayı da dövlət orta məktəbləri ilə müqayisədə dəfələrlə aşağıdır. Hal-hazırda özəl məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 1289-dur. Bu, digər ölkələrlə müqayisədə çox aşağıdır. Qardaş Türkiyədə, təkcə İstanbulda 7 min orta məktəbdən 3500-ü özəldir. Bu, həm büdcə asılılığını azaldır, həmçinin təhsil müəssisələri arasında rəqabət mühiti formalaşdırır. Eyni zamanda qiymətlərə də təsir göstərir. Dünyanın inkişaf etmiş bütün ölkələrində vəziyyət oxşardır. Amma ölkəmizdə özəl orta məktəblərin təhsil haqqı hədsiz dərəcədə yüksəkdir. Bu da həmin məktəblərə əlçatanlığı azaldır”.
Həmsöhbətimiz deyir ki, Qərb ölkələrində bir çox özəl orta məktəblərdə uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur:
“Bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edə bilir. Ayrı-ayrı hallarda özəl məktəbin müdiriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir. Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə vüsət almayıb. Ona görə də təhsilin bu sektorunu inkişaf etdirmək, ona olan marağı daha da artırmaq, mövcud problemləri nizamlamaq, əhalinin sosial tərkibindən asılı olmayaraq hər bir təbəqəyə maddi cəhətdən əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var”.
Zülfiyyə Quluyeva