bosanma

Azərbaycanda ailə məfhumu niyə məhv olur?

Baxış sayı: 633

Ölkəmizdə ailələrin dağılma səbəbləri müxtəlifdir və məhkəmə qaydasında boşanmalar, nikahın pozulması prosesi əsasən qarşılıqlı ittihamlı boşanmalardır. Boşanmalara işsizlik, narkomaniya kimi amillər əsas səbəblərdəndir. Elə hallar da var ki, ailələrin dağılmasının əsas səbəbi heç də maddi-sosial vəziyyət deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanmalara səbəb olur.

Xüsusi ilə qeyd edim ki, sosioloji mənbələrə görə boşananlar içərisində valideyn razılığı olmadan, özbaşına (sevgi ilə) ailə quranlar çoxluq təşkil edir. Bəs hansı səbəblərdən boşanma hadisələri artmaqdadır? Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Maddi və sosial problemlər əsas səbəblərdən olmaqla yanaşı, müxtəlif səbəblərdə mövcuddur. Əvvəla qeyd etmək vacibdir ki, praktik olaraq boşanmaya meylli qadınlardır, belə ki, məhkəmə praktikası göstərir ki, boşanmaq üçün müraciət edənlərin hər beş nəfərdən dördü məhz qadınlardır. Haqlı olaraq belə bir sual ortaya çıxır. Bəs qadınlar niyə boşanmağa can atırlar?

Bosanma

Əlbəttə ki, bu məsələnin psixoloji tərəfidir. Bu istəyin yaranma səbəbləri müxtəlif olsa da, qeyd etmək lazımdır ki, cəmiyyətimizdə qadınlara və uşaqlara xüsusi yanaşma, dövlətin əhalinin bu kateqoriyasına diqqətin və qayğısının fonunda baş verməsi ailədə, xüsusən də qadınlarda müəyyən fikrin və həyata baxışın formalaşmasından irəli gəlməsidir. Qadınların ana olduqdan sonra “ailə hakimiyyətinə rəhbər” və ya hökmranlıq iddiası ən əsas səbəblərdəndir. Bu iddiaların yaranma səbəbləri müxtəlif olsa da, başlıca amillər qanunvericiliyimizdən yaranmaqdadır.

Mülki qanunvericiliyin o cümlədən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarının adət ənənələrimizə və mentalitetimizə uyğun tətbiq edilməsi qadınlarda özlərinə inam yaratmaqla ailə, məişət qayğılarından uşaqlaşmağa və fərdi azadlıqlara meyliliyə səbəb olmuşdur. Məhkəmələrdə boşanmalar zamanı birgə nikah dövründə doğulmuş uşaqların analarla qalmasına, mənzil təminatına, uşaqların saxlanılması üçün atadan ananın xeyrinə alimentin tutulması de-fakto qadınlara boşanmadan əvvəl məlum “qələbə”dir.Bu səbəbdən də qadınlar ailədə adi və mənasız səbəblərdən güzəştə getməyərək həvəslə hakimiyyətini göstərməyə çalışaraq və qarşı tərəfi cəzalandırmaq istəyindən və boşanma zamanı məlum “qələbə”nin məhz onlara məxsus olduğundan həvəslə məhkəmələrə müraciət edirlər.

bosanma

Sual olunur ki, boşanmaların sayının azalmasına və ailə institutunun bərpasına nail olmaq mümkündürmü?

Əvvəla, Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması prosedurası təkmilləşdirilməlidir yəni, müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi rəsmi qaydada rədd edildikdən sonra tərəflər məhkəməyə müraciət etməlidirlər.Bu halda məhkəmə nikahın pozulmasına dair iddia tələblərini yalnız və yalnız müvafiq icra hakimiyyəti orqanından rəsmi qaydada nikaha xitam verilməsinin rədd edilməsini təsdiq edən sənəd təqdim edildikdən sonra icraata qəbul etməlidir.Nikaha xitam verilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət edən ər və arvadın müraciətinə baxılma qaydaları və müddəti nazirlər kabineti tərəfindən müəyyən edilməlidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən “Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər” Göründüyü kimi bu norma məhkəmə üçün mütləq deyil, yəni, ər və arvadın barışmasına 3 ay müddət müəyyən etmək və ya etməmək məhkəmənin hüququdur. Eyni zamanda ər və arvadın barışmasına verilən müddətin məcburi olması və bu müddətin 6 aydan bir ilə kimi uzadılması ailələrin bərpasına kömək etmiş olar.Ər və arvadın istəyindən asılı olmayaraq ailələrin bərpasına, ər və arvadın barışmasına müddətin verilməsi mütləq şəkildə olmalıdır.Eyni zamanda nikahın pozulması tələbi uşağın doğulmasından 3 yaşına qədər müddətə həm ər üçün həm də arvad üçün məhdudlaşdırılmalıdır.

Odur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci, 19-cu, 20-ci, 21-ci maddəsinə yuxarıda qeyd olunmuş dəyişikliklər edilməlidir.Ümumiyyətlə, Ailə Məcəlləsinin 2-ci bölməsinin 4-cü fəsli həm sosioloqlar, hüquqşünaslar, həm də ziyalılarımız tərəfindən geniş müzakirə edilməli, təklif və məsləhətlər nəzərə alınaraq Ailə Məcəlləsində müvafiq dəyişikliklər edilməlidir.

Eyni zamanda, ailə münaqişələrinin qarşısının alınması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq ərlə arvad arasında nikah bağlanarkən paralel olaraq “nikah müqavilələri- bağlanmalıdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağını müəyyən etməlidir.

On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafedən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunduğu halda 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılması məhkəmə təcrübəsinə çevrilmişdir. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Azərbaycan respublikası sözü gedən Konvensiyaya qoşularaq hələ 1992-ci ildən ratifikasiya etmişdir.Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı Azərbaycan Respublikasında yaşayış minimumuna uyğun deyil, məhz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən müəyyən edilməlidir.

bosanma

Hesab edirəm ki, ailə münaqişələrinin qarşısının alınması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq ərlə arvad arasında nikah bağlanarkən paralel olaraq “nikah müqavilələri” bağlanmalıdır. Nikah müqavilələrində ər və arvadın vəzifə və öhdəlikləri, boşanma zamanı birgə nikahdan doğulan uşağın valideynlərdən kiminlə qalması, aliment məsələsi, əmlak bölgüsünün detalları, boşanmadan sonra ər və arvadın yaşayış yerinin müəyyən edilməsinin göstərilməsi adi səbəblərdən boşanmaların qarşısını almaqla, tərəflərin bir-birinə qarşılıqlı münasibətin qorunmasına şərait yaradaraq və “qələbəyə” yüklənmiş boşanma meylini azaldacaq. Nikah müqavilələri ailələrin dağılmasının qarşısını almağa effektli bir hüquq norması kimi uşaqların bütöv ailədə tərbiyə almasına imkanı artırmış olacaqdır.

 

Hüquqşünas Vüqar Dadaşov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir