Yəqin dünən hamı məktəbdən yayılmış o ürəkgöynədən videonu ən az 2 dəqiqə də olsa müzakirə edib. Sosial şəbəkələrdə, yaxın ətrafımda dinlədiyim hər kəsdən demək olar ki, eyni reaksiyanı eşitdim. “Döyən uşağın özü döyülməlidir, eləsi başqa dildən anlamaz”.
Bu mənə bir az uşaq vaxtı baxdığımız hind filmlərini, daha doğrusu o filmlərə göstərdiyimiz reaksiyanı xatırlatdı. Ömrü boyu əzilən, döyülən qəhrəman sonda güclənib amansız düşmənini çırpanda sanki ürəyimizdən tikan çıxardı, ən mərhəmətli analar, nənələr belə “vur, qadan alım, vur, əlinin ağrısını alım” deyərdilər. Görünür insanlığın ruhunda qisas almaq istəyi var. Amma bu film idi. Bu gün isə yaşadıqlarımız nə yazıq ki nə qorxunc ssenarinin bir parçasıdır, nə də yuxudu…
O məktəbdəki video, ətrafımızda baş verən buna bənzər yüzlərlə neqativ hadisələrin səbəbi korlanmış cəmiyyətimizdir. O cəmiyyətki onu özümüz formalaşdırmışıq Hamımız bu qorxunc filmin oyunçularıyıq. Kimimiz susmağımızla, kimimiz passivliyimizlə, kimimiz laqeydliyimizlə, kimimiz daş ürəkliliyimizlə,”mənə nə” deməyimizlə. Baş rol oyunçuları isə “mən hamıdan yüksəkdə durmalıyam” eqosuyla dünyaya gətirdiyi uşaqları özlərinə bənzədənlər, verə bilmədikləri tərbiyə ilə cəmiyyət üçün canlı bombaya çevirənlərdir.
Məlum videoda nə görürük? Birini alçaldan, var gücüylə təpikləyən,əzən bir qudurğan oğlan, boy-buxunu ondan böyük olsa belə, cavab verməyə qorxan ikinci oğlan və bu davaya baxıb gülən, “vur” deyən, zövq alan bir sinif uşaq.
Bu kimi mənzərələrin şahidi çox olmuşuq. Sosial şəbəkələrdə “layk” yığmaq xatirənə vəhşilik sərgiləmək günümüzün reallığına çevrilib. Yeniyetmələr arasında bu trend çox pis yayılıb. Bu çəkilən yüzlərlə videodan biridir ki, ictimailəşib. Bu kimi hallar artıq adi hala çevrilib. Kimsə özünü göstərmək üçün özündən zəif uşağı tapıb, onu döyür və sosial şəbəkələrdə, xüsusən də “Tik-Tok”da paylaşır.
Məncə hadisəyə qiymət verərkən öncə ailə tərbiyəsi görməmiş o vəhşinin valideynləri də araşdırılmalıdır.
Hamımız çox yaxşı bilirik ki, ölkəmizdə arxalı köpəklər qurd basır. Elə arxalı valideyn var ki, məktəb rəhbərliyi onun övladına qorxa-qorxa salam verir. Səbəbi aydındır: o valideynin həmin direktoru vəzifədən çıxartdırmaq, həyatını qaraltmaq imkanları var. Belə valideynlərin uşaqları həm məktəb rəhbərliyinə, həm də digər şagirdlərə cəza kimi bir şeydir. Bir uşaq 14-15 yaşında bu qədər vəhşilik sərgiləyirsə demək kökündə ailəsində gördükləri dayanır. Uşaq ailənin güzgüsüdür və o birdən – birə belə olmayıb.
Amma bu o demək deyil ki hadisədə məktəbin direktoru, müəllimləri günahsızdır.
112 nömrəli orta məktəb açıqlama yayaraq şagird yoldaşını döyən şagirdin hərəkətini “uyğunsuz davranış” adlandırıb. Bu açıqlamaya imza atan şəxslərin özləri uyğunsuz davranışlara məruz qalası adamlardır. Məktəbdə bir şagird digərini döyüb və alçaldıb. Məktəbdəki o dəhşətli hadisə “tərbiyə verdiyiniz” və yetişdirdiyiniz zombilərin ümumi sifətidir Kim zəmanət verə bilər ki, döyülən uşaq səhəri gün bu əzik psixologiya ilə özünə bir zərər verməyəcək? Valideyn “uşağımın öhdəsindən gələ bilmirəm” deyirsə bunun üçün xüsusi islah müəssisələri var, “gələ bilirəm, əcəb edir” deyirsə bunun üçün də qanun var qayda var, cəzasını almalıdır. İctimai qınaq olmasa, gərək hərə öz bildiyini edə, xaos yarana. O hadisə baş verir, hay-küy var. bir müəllim qapını açıb içəri girmir. Bəlkə bıçaqlaşaydılar, biri digərinin qanını tökəydi. Kim cavabdeh olacaqdı? Məktəblərdə yalandan məktəblinin dostu deyə könüllü qruplar fəaliyyət göstərir, onların işi-gücü məktəbi icazəsiz tərk edən son sinif uşaqlarını güdməkdir. Direktora “ödəniş” olmalıdır axı. Məktəb psixoloqlarının çoxu dərs saatı olmayan müxtəlif profilli müəllimlər və ya direktorun qohum əqrəbasıdır. Nə şagirdlə iş aparırlar, nə psixologiyadan xəbərləri var. Məktəb çox hallarda uşaq üçün getməyə məcbur qaldığı müəssisədir. Yüzlərlə müxtəlif ailədən gələn uşaqların yetişdiyi məktəblərdə hər yerdə kameralar quraşdırılmalı, mühafizəçilər olmalıdır.
Yaxşı pedaqoqlarla qarşılaşmaq, müdrik valideynin övladı olmağın özü böyük xoşbəxtlikdir. Bütün uşaqlar dünyaya məsum gəlir, beyinləri ağ vərəq kimi olur, cəmiyyət onları yazıb doldurana, qaralayana qədər. Bu gün o uşaqlarda gördüyümüz aqressiya, vəhşilik, təcavüzə meyl cəmiyyətin səpdiyi toxumlardır, zəqquma bənzəyən meyvəsini gördük. Gələcəyə nə ilə gedirik?
İlhamə Həkimoğlu