Son illər moda səhnəsində meydana çıxan hər yeni tendensiya yalnız modanın dövrülük xarakterini sübut edir: enlibalaq cins şalvarlar, baletkalar, dodaq parıldadıcıları və çəhrayı rəng. Bütün bu trendləri 20 il əvvəl görmüşdük. 90-cı illərdə və 2000-cı illərin əvvəllərində ulduzların ən çox istifadə etdiyi dodaq boyaları arasında qəhvəyi tonlar öndə gəlirdi. Sonrakı illər ərzində qəhvəyi dodaq makiyajı arxa plana keçərək yerini başqa çalarlara verdi. Amma 90-cı illərdən qalan qəhvəyi dodaq makiyajı geri dönüş etməyə hazırlaşır.
İlin makiyaj tendensiyaları arasında qəhvəyi dodaq boyaları da var.
Qəhvəyi dodaq boyaları çox fərqlidir. İnfluser və dünya ulduzları adətən kakao çalarlarına daha çox üstünlük verirlər. Bu ton demək olar ki, hər kəsə yaraşır və dodaqların həcmini gözəl vurğulayır. Kakao rəngli pomada axşam çıxışları üçün də uğurlu seçimdir. Qəhvəyi rəngin daha parlaq, daha dolğun çalarlarına da diqqət yetirməyə dəyər. Məsələn, şokolad tonları tendensiyalar siyahısında möhkəm yer alıb və öz yerini tərk etməyi planlaşdırmır. Tünd və dolğun qəhvəyi pomada istənilən dəridə gözəl görünəcək və artıq makiyajdan imtina etməyə imkan verəcək. Teksturaya gəlincə, heç bir məhdudiyyət yoxdur. 90-cı illərin ruhunu təkrarlamaq üçün tutqun boyalara üstünlük verin və ya bir neçə ay əvvəl Heyli Biber sayəsində meydana çıxan parıltılı dodaqlar trendi ilə ayaqlaşmaq istəyirsinizsə, parıltılı versiyalarını alın.