bosanma

Aliment Fondu cəmiyyətə nə verə bilər?

Baxış sayı: 848

Uzun müddətdir ki, Azərbaycanda Aliment Fondu yaradılması məsələsi müzakirə edilir. Zaman-zaman bu məsələ ilə razılaşanlar və bunu qəbul etməyənlər olub. Amma əksəriyyət hesab edir ki, aliment fondunun yaradılması boşandıqdan sonra keçmiş həyat yoldaşına aliment ala bilməyən qadınlar üçün çıxış yolu olacaq. Belə ki, qadın, uşağı üçün alimenti dövlətdən alacaq. Buna fondun vəsaiti; boşanıb uşaqlarına aliment verməkdən boyun qaçıran, işsizliyi bəhanə edən kişilərdən toplanacaq. Aliment verməyib işsizliyi bəhanə edən kişi, müxtəlif işlərə yönləndiriləcək.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova qeyd edir ki, Aliment Fondu büdcəyə yük olmayacaq. Onun fikrincə, bu fond, uşaqların müdafiəsi baxımından da çox önəmlidir.

Bir müddət əvvəl ombudsman Səbinə Əliyeva, Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Qeyd edilmişdi ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondu) yaradılmalıdır. Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddəyə görə, hər ay uşağın saxlanılması üçün sabit vəsait ayrılmalıdır. Aliment ayrılması barədə razılıq olmadıqda, məhkəmə tərəfindən müəyyənləşdirilir. Belə ki, bir uşağa görə, qazancın və ya valideynlərin başqa gəlirlərnin 4/1 hissəsi, 2 uşağa görə 3/1 hissəsi, 3 və daha çox uşağa görə gəlirin yarısı miqdarında aliment tutulur. Bu vəsait, istisna hallarda məhkəmə tərəfindən artırıla və ya azaldıla bilər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində aliment fondları fəaliyyət göstərir. Azərbaycanda isə, uzun illər bu fondun yaradılması müzakitə edilsə də, hələ ki, konkret nəticə əldə edilməyib. Hələ ki, bütün müzakirələr kağız üstündədir.

 

Aliment Fondu cəmiyyətə nə verəcək?

Mütəxəssislərin fikrincə, aliment fondlarının yaradılması qadınlara rahatlıq, kişilərə isə məsuliyyət verəcək. Sosioloq Tərlan Əliyeva qeyd edir ki, bu fond yaradılsa, kişilər başa düşəcək ki, övladını saxlamağa borçludur. Yəni, o, aliment verməkdən heç bir halda imtina edə bilməyəcək. İmtina etsə belə, dövlət, bu məsələyə birbaşa nəzarət edəcək. Atanın işi olmadığı halda, işlə təmin ediləcək ki, o, alimenti ödəyə bilsin.

Ekspert, bu məsələnin gələcək illərdə reallaşacağını düşünür. Hesab edir ki, Aliment Fondu yaradıldıqdan sonra övladlarını tənha saxlayan analar, daha aliment üçün özlərini yormayacaqlar.

Qeyd edək ki, boşanmadan sonra qadınlar, daha çox aliment almaq üçün səy göstərirlər. Çünki çox zaman kişilər, övladlarına bu vəsaiti ödəməkdən imtina edirlər. Aliment ödəməkdən imtina etməyin isə müxtəlif səbəbləri var. Bəzi kişilər düşünür ki, qadını iqtisadi baxımdan sıxıntıya salsalar, evlilikləri bərpa oluna bilər. Hətta bəziləri, qadını bu üsulla cəzalandırmağa çalışırlar. Ancaq ümid edirik ki, aliment fondunun yaradılması laqeyd və biganə anaların sayını artırmayacaq. Onsuz da “dövlət ödəyəcək” deyib də, uşağına qarşı məsuliyyətlərini unutdurmayacaq. Bəli, dövlət alimenti ödəyə bilər. Amma övlad dünayaya gəlirsə, onu böyütmək hər bir valideynin borcudur. Xalq arasında belə deyirlər: “Baxa bilməyəcəksən, niyə dünyaya gətirirsən?”

Ümidvarıq ki, uşağına baxa bilməyən qadınların sayı, Aliment Fondu yarandıqdan sonra daha da artmaz.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir