Nermine Abbasova

“Vaxtında müalicə edilməsə, revmatizmin ürəyi “dişləməsi” sağlamlığa ciddi ziyan vurur”

Baxış sayı: 559

Günümüzün, eləcə də payız mövsümünün əsas azarlarından biri də revmatizmdir. Revmatik qızdırma adətən ilin soyuq vaxtlarında başlayır. Bir çoxlarımız revmatizm termini altında dayaq-hərəkət aparatının xəstəliklərini başa düşürük. Belədirsə, bu azarın mahiyyətini tamamilə yanlış anlayırıq.

Revmatizmlə bağlı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova danışdı.

Nərminə xanım bildirdi ki, Revmatik qızdırma başlıca olaraq ürəkdəki patoloji proseslərin lokallaşması ilə sistemli iltihab xəstəliyidir:

“O, streptokok infeksiyasının ağırlaşmasının nəticəsidir. Əsasən, əhalinin cavan yaşlı hissəsində, daha çox 6-15 yaşlarında rast gəlinir. 30 yaşlı adamda revmatizmin olması praktiki olaraq sıfıra bərabərdir. Sual yaranır: əgər revmatizm az-az təsadüf olunursa, niyə çoxları bu azardan şikayətlənir. Köhnədənqalma vərdişdir – əvvəllər revmatizm geniş yayılsa da, müasir tibbin uğurları və antibiotiklər sayəsində bu azar azalıb. Və yaxud əvvəllər “revmatizm” termini altında hər hansı bir oynaq xəstəliyi nəzərdə tutulurdu. Həkimlərsə oynaq xəstəliklərinin hamısını bir üsulla müalicə etməyə çalışırdılar. Müasir dövrümüzdəsə savadlı bir revmatoloq və ya artroloq heç vaxt həqiqi revmatizmlə oynaqdakı başqa bir xəstələyi bir-birinə qarışdırmaz”.

Həkim deyir ki, Revmatizm epidemik xəstəlik olmasa da, onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər:

“Revmatizm – A qrupundan olan betta-hemolitik streptokok infeksiyasına qarşı orqanizmin özünəməxsus allergik reaksiyasıdır. Xəstələr revmatizmdən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirə bilərlər. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti hücumu baş verir. Ürəyin xarici qişasının revmatik iltihabı perikardit, əzələ qişasının iltihabı miokardit, daxili qişasının iltihabı isə endokardit adlanır. Bir sıra hallarda bütün qişalar eyni zamanda prosesə qoşulur ki, buna pankardit deyilir”.



Həkim-terapevt qeyd etdi ki, Revmatizm özünü 5 sindromla göstərir. Bunlardan birincisi Revmokarditdir. Ürək forması – revmatizmi vaxtında müaliəcə etmədikdə revmokarditə çevrilir, iltihab prosesinə ürəyin bütün qişaları, ürək əzələsi və ürək klapanı cəlb edilir:

“Revmokardit yüngül, orta və ağır olur. Yüngül formada revmatizm ürək əzələsinin ayrı-ayrı hissələrinə təsir edir. Ürəkdə qan dövranı pozulmur, xəstəlik zahirən özünü göstərmir və xəstəlik tez keçir. Orta revmokarditdə ürək əzələləri güclü təsirə məruz qalır – ürəyin ölçüsü tədricən böyüyür və xəstələr sinələrindəki narahatçılıqdan şikayətlənirlər. Ağır revmokarditdə ürək xeyli zəifləyir – ürəyin ölçüsü xeyli artır. Ən sakit halda belə xəstələri ürəkdəki ağrı narahat edir.
Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar yığılır və ürək çatmamazlığı əlamətləri inkişaf edir”.

Həkimin sözlərinə görə, ikinci sindrom Revmatik poliartrit – xarakterik revmatik dəyişikliklərlə oynaqların iltihabıdır.

Üçüncü sindrom Revmatik xoreya – xırda beyin damarlarında vaskulitin peyda olması ilə səciyyəvi olan patoloji prosesdir. Həkim bildirdi ki, bu azar uşaqların əsəb sisteminə təsir edir və nəticədə uşaq gərgin, şıltaq, fikri dağınıq və süst olur. Onun yazı xətti, hərəkəti dəyişir, nitqi və hafizəsi zəifləyir.

Nərminə Abbasova xəstəliyin dördüncü sindromunun Revmatizmin dəri forması olduğunu vurğuladı. Hansı ki, həlqəvi eritema və revmatik düyünlər nadir hallarda rast gəlinir. Beşinci sindrom isə Revmatik plevritdir, hansı ki, bu zaman sinədə nəfəs alıb-verəndə ağrı baş qaldırır:

“Xoşbəxtlikdən xoreya və oynaqların revmatik qızdırma xəstəliyi zamanla izsiz keçib gedir. Yalnız vaxtında müalicə edilməsə, revmatizmin ürəyi “dişləməsi” sağlamlığa ciddi ziyan vurur, həttə xəstənin erkən əlilliyinə səbəb ola bilir. Odur ki, revmatizmi ürəyi zəbt etmədən müalicə etmək lazımdır.
Qeyd edim ki, xəstəlik yuxarı tənəffüs yollarının kəskin keçirilmiş streptokok infeksiyasından – faringit, angina, tonzilit – təxminən 2-3 həftə sonra başlanır. Çox vaxt temperatur 40 C-dək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar sanki üzür – bir oynaqdan digərinə keçir.

Əgər xəstədə sürətli və ya aritmik nəbz, döş qəfəsində ağrılar, ürəyin dilatasiyası və perikardın sürtünmə küyü müəyyən olunursa, bu artıq ürəyin zədələnməsini göstərir. Kəskin revmatizmli xəstələrin 95%-də EKQ-də qulaqcıq-mədəcik keçirici sistemində ləngimə qeyd olunur”.

Həkim-terapevt vurğuladı ki, bəzi hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə bilər. Onun sözlərinə görə, belə uşaqlarda yalnız ümumi halsızlıq, taxikardiya və oynaqlarda yüngül qeyri-spesifik ağrılar olur.

Revmatizm zamanı uzunmüddətli yataq rejimi qaçılmaz olduğunu deyən Nərminə xanım bildirdi ki, ürəkdə aktiv revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur:

“Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə daha effektlidir. Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi saxlamaq, daha sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür. Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar – şəkər, ağ çörək, kartof – qızardılmış və yağlı yeməklər, ədviyyatlar, çay, qəhvə, alkoqol məhdudlaşdırılmalıdır.

Revmatizm zamanı ilin fəslinə uyğyn olaraq qarpız, təzə qaragilə meyvələri, bunlardan hazırlanmış dəmləmə, bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir”.

Həkim xüsusi olaraq vurğuladı ki, Revmatizmin müalicəsində əsas bu xəstəliyə və digər azarlara səbəb olan streptokok infeksiyasının kökünü kəsməkdir:

 

“Bundan başqa, revmatizmi vaxtında müalicə etmək işin yarısıdır. Daha vacibi onun təkrar hücumuna və xəstəliyin kəskinləşməsinə imkan verməməkdir. Odur ki, orqanizmin müqavimət və müdafiə gücünün bərpasına, immuniteti gücləndirməyə diqqəti artırmaq lazımdır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir