allergiya

Payız allergiyası və ondan qorunmaq yolları

Baxış sayı: 515

Payız fəsli bir çox xəstəliklər kimi allergiyaların da artmasına səbəb olur. Xəstəlik səpgi, gözlərdə qaşınma, sulanma və bəzən qrip şəklində özünü büruzə verir. Həmin vaxt allergiya meyilli olanlar tozdan başqa bitki tozcuqları və kifdən də narahatlıq hiss edirlər. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında ortaya çıxa bilər. Lakin onun payızda yayılmasının əsas səbəbi rütubətli havadır. Mütəxəssislərin fikrincə, bəzən allergiya insana genetik yolla – ana xətti ilə keçir.

Mövzuya münasibət bildirən həkim-endokrinoloq Aynur Muxtarova aşağıdakıları dedi: “Payız aylarında bitki tozcuqlarının ətrafa saçılması və ilin həmin vaxtı çıxan göbələklərin sporları vasitəsilə allergik reaksiyalar əmələ gəlir. İlin bu fəsli daha çox allergik rinitə rast gəlinir. Həmin hal özünü burun axması, öskürək, asqıraq və burun tıxanıqlığı kimi şikayətlərlə göstərir. Allergik reaksiyalardan qorunmaq üçün ev şəraitində xüsusi dəmləmələrdən istifadə etmək olar. Burun və boğazı duzlu su ilə qarqara etmək də qorunma üsullarından sayılır”.

Payız aylarında bəzi qidaların qəbul edilməsi də allergiyaya səbəb ola bilər. Bunlar sitrus meyvələri, pomidor və bibər hesab edilir. Qida məhsullarının yaratdığı allergiya adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri kimi özünü göstərir. Onların sırasına süd və yumurta məhsulları, müxtəlif çəyirdəkli bitkiləri, soya və digər paxla növlərini aid etmək olar.

Həkimlər aptekdən dərman alaraq özünü müalicə etmək istəyənləri diqqətli olmağı məsləhət görürlər. Allergik xəstəliklər müalicə olunmasa bronxit, bronxial astma və əlilliyə səbəb olan xroniki tənəffüs çatışmazlığını aparıb çıxara bilər. Allergiya meyilli olanlara tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida məhsullarından istifadə etməyi tövsiyə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir