Son günlər qadın qətlləri dəhşətli dərəcədə artıb. Qətlə yetirilən qadınlar arasında gənci də, yaşlısı da var.
Təkcə ötən on günün statistikası aşağıdakı kimidir.
Noyabrın 16-da Abşeron rayonunda 1994-cü il təvəllüdlü Əfsanə Nuruyeva şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı əri tərəfindən bıçaqlanaraq, qətlə yetirilib. Faktla bağlı qadının əri Səadətdin Nuriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Noyabrın 16-da Tovuzda da qadın keçmiş əri tərəfindən qətlə yetirilib. Məlumata görə, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü R.Rüstəmova əri, 1987-ci il təvəllüdlü X.Rüstəmovdan ayrıldıqdan sonra babası evinə gəlib, orada yaşayırmış. Axşam saatlarında qadın ata evlərinə yaxın olan babası evində olan zaman keçmiş əri ora gəlib və aralarında mübahisə yaşanıb. Bu zaman X.Rüstəmov üzərində olan bıçaqla ona bir neçə zərbə vurub, daha sonra boğazını kəsib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Cəlilabadda bir neçə gün öncə açıq sahədən meyiti tapılan 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın isə qardaşı tərəfindən qətlə yetirildiyi məlum oldu. Xatırladaq ki, noyabrın 16-sında Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı məlumat verilib. Daxil olmuş müraciət əsasında aparılmış istintaq tədbirləri nəticəsində qadının qəsdən öldürüldüyü məlum olub. Rayon prokurorluğunun yaydığı məlumata görə, mərhumun qardaşı, 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə əsaslı şübhə yaranıb. İddia edilir ki, qadın qətlə yetirildikdən sonra meyiti rayonun Uzuntəpə kəndində basdırılıb. İddialara görə, bacı-qardaş arasında tez-tez mübahisələr olurmuş. Famil Əliyev şübhəli şəxs qismində saxlanaraq dindirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq müayinəyə təqdim edilib. İş üzrə istintaq davam edir.
Noyabrın 12-də isə Bakıda 47 yaşlı qadın qətlə yetirildi. Aparılan araşdırmalar zamanı məlum olub ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində yaşayan 1975-ci il təvəllüdlü Kifayət İsayeva onunla mənzildə kirayədə yaşayan və qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən küt alətlə vurularaq qətlə yetirilib.
Bir neçə gün öncə isə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Sevinc Museyibova yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, qadının əri Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Beləliklə, göründüyü kimi, son vaxtların statistikası dəhşət saçır. Ümumiyyətlə, dünyada hər gün yüzlərlə qadın qətlə yetirilir. Aparılan araşdırmalardan məlum olur ki, qadınların öldürülmə səbəbləri, şəraiti müxtəlif olsa da, mahiyyət baxımından səbəb eynidir – qısqanclıq, ailə-məişət problemi. Ölkəmizdə də qadın qətllərinin əsas səbəbləri bunlardır, qatillər isə böyük əksəriyyətdə ya ər, ya da keçmiş ər olur.
Qadın qətllərinin sayının artması cəmiyyətdə böyük narahatlıq doğurur. Bununla bağlı qadınların hüquqlarının müdafiəsi yönündə sosial proqramların həyata keçirilməsinə, mütəmadi olaraq maarifləndirmə kampaniyalarının aparılmasına, qadın sığınacaqlarının yaradılmasına baxmayaraq, qadın qətllərinin sayı durmadan artır. Bəziləri bu məsələdə sosial-iqtisadi çətinlikləri, bəziləri cəmiyyətdə gedən prosesləri, digərləri isə son vaxtlar milli-mənəvi dəyərlərin arxa plana keçməsini əsas gətirir.
Bəs nə etməli?
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, qadın hüquq müdafiəçisi Mehriban Zeynalova aşağıdakıları dedi:
“Əvvəllər bu qədər qadın qətlləri yox idi. Bir qadının öldürülməsi üçün elə bir kifayət qədər qeyri-adi hadisə baş verməli idi ki, qadın qətlə yetirilsin. Amma indi bəzən heç səbəb də olmur, hansısa münaqişə zamanı qadın heç nədən qətlə yetirilir. Bu da onu göstərir ki, insanlar psixoz vəziyyətindədir. Və yaxud kişilər qadını özünə tabe etdirmək, onu idarə etmək üçün zorakılıq göstərir və nəticədə bəzən qatilə çevrilir. Və yaxud sosial psixoloji vəziyyət o qədər gərgin olub ki, insanlar öz davranışlarını idarə edə bilmir və günahı daha çox qadında, onun davranışlarında görərək, onu qətlə yetirir. Biz nə qədər müasir qanunları qəbul etsək də, görünür ki, davranış modelimiz hələ müasirləşməyib, mədəni səviyyəmiz getdikcə aşağı düşür. Yəni mən problemi mədəni səviyyəmizin aşağı olmasında görürəm. İnsanlar təkcə qarşısındakının deyil, öz azadlığına da hörmətlə yanaşmalıdır. Bir sözlə, həm qadın, həm də kişi öz azadlığına hörmətlə yanaşmağı bacarmalıdır.
Daha bir məsələ, bəzən qadınlar zorakılıqla, təhdidlə üzləşəndə hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinir, çünki yaxınları, ailə üzvləri haqda şikayət etmənin doğru olmadığını düşünür. Və yaxud cəmiyyət tərəfindən buna görə qınanılmaqdan çəkinir. Bəzisi isə üzləşdiyi təhdid və yaxud zorakılıq haqda polisə müraciət edəndə, polis bu məsələni ciddiyə almır, etinasız yanaşır. Halbuki bütün müraciətlərin motivi öyrənilməlidir. Çünki bəzən bu etinasız yanaşma qətl hadisəsinə gətirib çıxara bilir. Ona görə də yaxşı olardı ki, hətta xəsarət olmasa belə, qadın təhdidlə, zorakılıqla üzləşibsə, polis bu müraciətə çevik reaksiya verməlidir.
Bu, təkcə dövlətin, hüquq-mühafizə orqanlarının üzərinə düşən məsələ deyil. Cəmiyyət də qadınlara qarşı edilən zorakılığa laqeyd yanaşmamalı, ictimai qınaq artırılmalıdır”.
Xalidə GƏRAY