zorakiliq

“Zorakılığın təhsillə əlaqəsi yoxdur: Duyğudan uzaq nəsil yetişir”

Baxış sayı: 513

Qadına qarşı zorakılıq bütün dünyanın problemidir. Təhsilindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, demək olar ki, bütün dünyada qadınlara qarşı zorakılıq halları baş verir. Məhz buna görə də, 25 noyabr qadına qarşı zorakılığla mübarizə günü kimi qeyd edilir.

Ötən günlərdə “Yıldızlar Tanıtım Organizasyon” LTD-nin rəhbəri, rejissor-prodüser Hasan Yıldızın təşəbbüsü ilə qadına qarşı zorakılığla mübarizəyə həsr edilmiş video çarx paylaşımı edib. Bu barədə Bizimyol.info xəbər portalına Hasan Yıldız danışıb. O, qeyd edib ki, təkcə 25 noyabr qadına qarşı zorakılığa qarşı mübarizə günü olmamalıdır.

Hasan Yıldız

“Əslində, dünyanın heç bir yerində qadına şiddət haqqında danışılmamalıdır. Çünki, şiddətin olduğu yerdə hər zaman bədbəxtlik, uğursuzluq vardır və zəif millətlər vardır. Qadın cinayətləri çox pisdir, çox çirkin bir hadisədir. Bunu dilə gətirmək belə insanı incidir. Qadın mövcud olduğu, nəfəsinin olduğu hər yerdə gələcək vardır, güclü millətlər vardır.

Universitetlərdə uzun illərdir ki, konfranslar keçirirəm. Hər getdiyim universitetdə gənclərə bunu deyirəm: “Gələcəyin ataları sizlərsiniz. Ona görə də bu gündən artıq gələcəkdə şiddətin danışılmadığı daha yaşanılabilər bir dünya, qadının güclü və uğurlu olduğu bir dünya yaratmalısınız. Bunu da yalnız siz edə bilərsiniz”.

Karyera söhbətləri edirəm amma, karyera söhbətlərindən başqa universitetdə gənclərə dünyada qadının vacibliyini də başa salıram. Hər getdiyim universitetdə gənclərlə “qadına şiddətə yox” deyirik. “Bu şiddətə son verəcək şəxslər, yenə sizlərsiniz” deyirəm. Çünki, bu günün gəncləri sabahın valideynləridir. Gələcəkdə nəvələriniz, uşaqlarınız olacaq. Baba, nənə olacaqsınız. Bu gün xalasınız, əmisiniz. Siz istəsəniz bu şiddət yox olar. Daha güclü nəsillər üçün də hər kəsin üstünə çox ciddi məsuliyyətlər düşür”– deyən Hasan Yıldız qeyd edib ki, dünyanın hər yerində çox fərqli şiddət hadisələri olur. Şiddətin artıq danışılmadığı dünya üçün hər kəsin bir olması lazımdır.

Yıldız deyib ki, bu gün dünyanın bir çox nöqtəsində müharibələr olur. Uşaqlar, analar, dayılar, xalalar, nənələr, babalar ölür. Minlərlə insanlar ölür. Əslində insanlıqdan uzaqlaşmış, ürəkləri daş olan insanların davranışlarıdır.

Hasan Yıldız

“Sonuncu dəfə iyun ayının 18-də Ankara Hacettepe universitetinin təşkil etdiyi “TedX” –də iştirak etdim Orada çıxışım zamanı bildirdim ki, insana, qadına, uşağa, günahsız insanlara hörməti olan millətlər güclü millətlərdir. Çünki, hörmət və sevginin var olduğu yerdə şiddət olmaz. Cəmiyyət hörmət və sevgidən uzaqlaşdıqca şiddət də artır. Biz dünyanın hər yerində, sosial həyatımızda, ailə həyatımızda, iş həyatımızda, hər sahədə hörmət və sevgini gücləndirdiyimiz zaman biz şiddəti yox edə bilərik. Qadına şiddət nə deməkdir?! Bir ana dünyaya uşağı rahatlıqla gətirmir. Böyüdür və sonra evləndirir. Lazımsız, cahil, insanlıqdan uzaq, qəlbi qaralmış insanlar bir insanın həyatını məhv edə bilir. Bir insanın həyatını məhv etməyə heç kəsin haqqı yoxdur” – deyə rejissor əlavə edib.

Hasan Yıldız onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə qardaşdır və yeni layihələrlə qadına qarşı zorakılığın aradan qaldırılması üçün əlindən gələni edəcək.

“Qısacası, qadın varsa, həyat var. Qadın varsa, bərəkətli və xoşbəxt yeni nəsillər var” – deyən Hasan Yıldız bildirib ki, zorakılığın təhsillə heç bir əlaqəsi yoxdur. Belə ki, bu gün bir professor da öz həyat yoldaşına şiddət göstərə bilir. Bir yerdən məzun olmayan da şiddət tətbiq edə bilir.

“Zorakılığın təhsillə heç bir əlaqəsi yoxdur. Artıq hörmətdən və sevgidən uzaq, duyğudan uzaq nəsil yetişir. Bunlar çox vacib faktorlardır. İnsanların gerçək mənada insan olduqlarını vurğulamaq lazımdır. Cəmiyyətə bunu yaxşı yaymaq lazımdır. Çox faktorlar var. Bunlardan biri də sosial şəbəkələrdir. Bu gün sosial şəbəkə, fenomenlər və seriallar həqiqətən də cəmiyyətə, ailəvi dəyərlərə, uşaqlara və nəsillərə çox pis nümunə olur. Bəzən pul üçün cəmiyyətin dəyərlərini, ciddi mənada pozurlar. Dünyanın hər yerində dövlət idarəçilərinin buna nəzarət etməsi lazımdır. Bu dünyaya istiqamət verən fenomenlər və sosial şəbəkə idarəçiləri, media müdürləri, prodüserlər ciddi mənada bu şiddət tərkibli paylaşımlara tezliklə ciddi şəkildə əngəllənməlidir. Cəmiyyətin şiddətdən uzaq qalması üçün ciddi şəkildə ciddi məzmunlar istehsal edilməlidir. Sosial şəbəkənin və serialların cəmiyyətdəki dəyərləri çox ciddi şəkil zəiflətdiyinə inanıram. Bununla bağlı ciddi çalışmalara ehtiyac var” – deyə Hasann Yıldız bildirir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir