bicaq

Psixoloq: “Gənclərin bıçaq gəzdirməsi ciddi narahatlıq doğurur”

Baxış sayı: 509

Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun atası danışıb. Mərhumun atası Zəka Rüstəmov Turanın onun ikinci övladı olduğunu bildirib: “8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan ayaqqabılarını istəyib. Turan ayaqyalın olduğu üçün ayaqlarını stolun üzərinə qoyub. Qətlə yetirən şəxs Turana ayağını aşağı salmasını deyərək təhqir edib. Başına 3-4 bıçaq girib. Oğlumun başı deşik-deşik idi”, – deyə Z.Rüstəmov qeyd edib.

son.jpg (176 KB)

Noyabrın 26-da Bakının Xəzər rayonu Şağan Olimpiya İdman Kompleksində təşkil edilən cüdo turnirində Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münaqişə zəminində Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirməsi bir neçə gündür rezonansa səbəb olub. Gənc yaşda bıçaq gəzdirmək, başqasına xəsarət yetirmək, qətlə səbəb olmaq kifayət qədər narahatlıq yaradır. Bu ilin statistik rəqəmlərinə diqqət yetirsək, real vəziyyəti daha aydın görərik.

DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Yeni Müsavat”a cari ildə yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi cinayətlərlə bağlı statistikasını açıqladı. O, qeyd etdi ki, cari ildə azyaşlılar və yetkinlik yaşına çatmayanlar tərəfindən 293 cinayət faktı qeydə alınıb: “Bunlardan 33 fakt ağır zərərvurma, 36 az ağır, 38 yüngül ictimai təhlükəli əməllərdir. 46 fakt isə xuliqanlıqla bağlıdır”.

Psixoterapevt Elmir Əkbər bildirdi ki, yeniyetmələrin, gənclərin bıçaq gəzdirməsi ilə bağlı məsələ mütəxəssisləri də ciddi narahat edir.

elmir-ekber-735x400.jpg (26 KB)

Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Ya valideynlərin xəbəri yoxdur, ya da xəbərləri var, amma biganə yaşanırlar. Başları sosial şəbəkələrə qarışıb. Uşaqlar əldən gedir, valideynlərin xəbəri yoxdur. Bunu dilə gətirəndə valideynlərin acığı gəlir ki, niyə bizi tənqid edirsiniz? Cinayət törədən yeniyetmənin valideyni məsuliyyətə cəlb olunmalıdır. Övladların bütün problemlərində valideynlərin məsuliyyəti var. Cəmiyyəti də, məktəbi də qınamaq olar, amma nəticə etibarilə əziyyət çəkən yenə valideyn olur. Psixoloji problemlər həll etmək lazımdır ki, gələcəkdə başqa problemlər yaranmasın. Valideynlər övladları ilə maraqlanmalıdırlar. Uşaqlara yaxşı nümunələr göstərilməlidir. Biz Yuri Qaqarinə baxıb nümunə götürmüşük. Müasir dövrdə isə uşaqlara oğrular, quldurlar nümunə göstərilir. Valideynin bundan xəbəri var çünki özü də sosial şəbəkələrdə bunu görür. Zərərli vərdişlərdən əziyyət çəkənlərin sayında ciddi artım müşahidə olunur. Bu problemləri ən sərt formada dilə gətirmək lazımdır. Kimsə yanlış hərəkətin, zorakılığın şahidi olursa, buna reaksiya verməlidir. Ən azı bunu törədən gəncin valideynlərinə xəbər vermək olar. Bu işə yaramasa, lazımi orqanlara şikayət etmək olar. Susmaq daha böyük fəsadlara gətirib çıxarır. Bir gəncin digər gəncə xəsarət yetirməsi, onu qətlə yetirməsi göründüyü kimi, hər iki tərəfə kifayət qədər ziyan verir, həyatlar məhv olur. Bunun qarşısını almaq üçün öncədən diqqətli və məsuliyyətli olmaq lazımdır”.

lalə-mehrali.jpg (42 KB)

Sosioloq Lalə Mehralı mövzunu belə şərh etdi:“Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl mətbuatda uşaqların ad günü tortlarının üzərində təsbeh, bıçaq, tapança, qandal maketlərinin hazırlanması məsələsi gündəmə gəlmişdi. Bu məsələ geniş müzakirə edilmişdi. Hazırki mənzərə həmin təhlükənin hələ ilk simptomlarıdır. Mən bundan da betər gələcəyin və cəmiyyətin ola bilmə ehtimalından çox qorxuram. Valideynlərin çoxu övladlarına uşaq kimi olmağa imkan vermir və uşaqları yaşından çox tez böyütməyə çalışırlar. Hətta bəzən uşaqlar böyüklərin  söhbətinə müdaxilə edirlər, böyüklər kimi söhbət etmək həvəsində olurlar. Bəzən müzakirə olunacaq problemləri davaya çevirməyi sevirlər. Çünki azyaşlı və yeniyetmə olmaları ilə əlaqədar olaraq təhlil edə bilmirlər, düşünmürlər, ölçüb-biçmirlər. Nəticədə ilk münaqişədə zorakılığa əl atırlar. Son hadisədə iki parlaq gələcəkli insan itirdik. Biri sözün həqiqi mənasında həyatını itirdi, digəri isə həyatını həbsxanada davam etdirəcək. Bu da bir idmançı üçün həyatını itirməyə bərabərdir. Qeyd edim ki, münaqişə anında gəncin bıçaq çıxarması və insanı hədələməsi olduqca, təhlükəli vəziyyətdir. Hər birimiz gözləmədiyimiz anda belə təhlükəli an yaşaya bilərik. Ona görə maksimum diqqətli olaq deyə bilmirəm. Bəzən insanlar sırf qorxduqları üçün haqsızlıq gördükdə etiraz etməkdən çəkinirlər. Artıq elə bir durum orataya çıxıb ki, nəyi övladlara aşılayacağımızı bilmirik. Dövrün gəncləri və yeniyetmələri olduqca aqressivdir. Təbii ki, onların tərbiyəsində internet və internetdə olan nəhəng baza çox böyük rol oynayır. Bizim övladlarımızı bizdən xəbərsiz kimlərsə tərbiyə edir, yönləndirir. Müasir dövrdə işləyən valideynlərin əksəriyyəti övladına smartfon verməyə, onu kompüterlə təmin etməyə məcburdur.Yaxud dərslərində ehtiyac yaranır deyə buna ehtiyac olur. Övladımız o smartfonlarda nələrə baxır, nələr edir bilmirik”.

Qeyd edək ki, 28 noyabr tarixində Xəzər rayon Məhkəməsində Səfixanov Ruslan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir