elektron siqaret

Məktəblilərini elektron siqaretə kimlər dadandırır?

Baxış sayı: 507

Siqaretdən istifadə hər yaşda sağlamlığa zərər vursa da, ondan erkən yaşda istifadə daha təhlükəli hesab edilir. Bununla belə şagirdlər arasında tütün məhsullarından istifadə hallarına rast gəlinir.

Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Səbinə Babazadənin mətbuata açıqlamasına görə, 52 rayon üzrə 167 məktəbdə sorğu aparılıb: “Respondentlərin 48 faizi oğlan, 52 faizi qızlar olub. 501 sinif üzrə aparılan sorğu zamanı məlum olub ki, şagirdlərin 90 faizdən çoxu sağlamlıqlarını qənaətbəxş hesab edirlər. Sorğu zamanı həmçinin məlum olub ki, şagirdlərin 5 faizi siqaret çəkir”.

Səbinə Babazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli uşaqlar arasında sağlam vərdişlərin sorğusu məqsədi uşaq və yeniyetmələrin sağlamlığına dair davranışların sosial konteksdən qiymətləndirilməsidir. Bu sorğudan Avropa Şimali Amerikada geniş istifadə edilir. 49 ökədə hər dörd ildən bir keçirilir. Bu sorğu qız və oğlan uşaqları arasında aparılır.

S.Babazadənin sözlərinə görə, sorğuda 8598 şagird iştirak edib. Şəhər və kənd məktəbləri əhatə olunub. Tədqiqat 11-13-15 yaş qrupları arasında aparılıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev  bildirir ki, dünyada olduğu kimi Azərbaycanda da siqaret çəkənlərin sayında azalma var. 2011-ci ildə də məktəblilər arasında siqaretə aludəçiliklə bağlı tədqiqat aparılıb. Həmin illər şagirdlər arasında siqaretdən istifadə faizi daha yüksək, 10 faiz həddində olub. Onlardan 7 faizi aktiv siqaretdən istifadə edənlər olub. O vaxtdan bu dövrədək məktəb yaşlı uşaqlar arasında siqaretdən istifadədə azalma var.

T. Musayevin sözlərinə görə, bəzi maraqlı tərəflər uşaqları elektron siqaretin zərərsiz olduğuna inandıraraq ondan istifadəyə meyilləndirir. Amma bu, yalnış fikirdir:

“Onlar elektron siqaretləri siqaret çəkənlərə imtina kimi təqdim edirlər. Çünki, həm Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin də beynəlxalq institutlar elektron siqaretlərin də təhlükəli olduğunu bildirir. Ağciyərlər təmiz hava almaq üçündür”.

Onun sözlərinə görə, şagirdlər arasında passiv siqaret çəkənlər də var. Bu isə elə siqaret çəkmək qədər təhlükəlidir. Onları da nəzərə alsaq, bu rəqəm daha da böyüyür:

“Ümumiyyətlə son illər siqaret çəkənlərin sayında azalma var. Çünki 2005-ci ildən Azərbaycan “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasına qoşulub. Bu, dünyada ən uğurlu icra edilən konvensiyalardan hesab olunur. Bu illər ərzində müxtəlif tədbirlər görüldüyündən, ölkəmizdə siqaretdən istifadə edənlərin sayı azalır”.

Həmsöhbətimiz deyir ki, siqaret çəkənlərin sayını azaltmaq üçün ən uğurlu addım tütün məhsullarına tətbiq edilən ƏDV-nin artırılmasıdır: “Həmçinin tütünün pərakəndə satış qiyməti aksiz vergisindən asılıdır ki, o da artırılır. Qapalı yerlərdə, təhsil, mədəniyyət obyektlərində tütündən istifadəyə qoyulmuş qadağalar öz effektini verməkdədi”.

T. Musayev qeyd edib ki, siqaretə marağı yaradan əsas məqam mağazalarda siqaret vitrinlərinin diqqətçəkən yerlərdə qoyulmasıdır:

“Halbuki “Reklam Haqqında” qanunda da var ki, siqaretlərin reklamı qadağandır. Bu isə dolayı yolla reklamlardan biridir. Çünki, bu vitrinlərin qoyulması siqaret çəkənlər üçün nəzərdə tutulmayıb. Onsuz da siqaret çəkənlər siqaret alarkən onun adını çəkib həmin siqareti tələb edirlər. Siqaret vitrinləri siqaret çəkməyənlərin diqqətini cəlb etmək məqsədilə qoyulur. Bu vitrinlər siqaret çəkməyənlərin, həmçinin də siqareti tərgidənlərin marağını cəlb etmək məqsədi daşıyır”.

T. Musayevin sözlərinə görə, Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi, cərimələrin tətbiqi də siqaret çəkənlərin sayının azalmasına təsir edir. T. Musayev onu da bildirdi ki, məktəbli qızlar arasında siqaretə aludəçilik göstərənlərin sayı azdır. Onun sözlərinə görə, siqaretə meyl oğlanlar arasında üstünlük təşkil edir.

Şöbə müdiri qeyd edir ki, kişilər arasında siqaret çəkmək dövrü məhz yeniyetmə dövründən başlayır. Siqaret bütün yaşda orqanizmlər üçün təhlükəlidir. Lakin siqaretdən istifadə böyüməkdə olan orqanizmlərə daha pis təsir göstərir. Siqaret həmçinin sağlam davranışın formalaşmasına da mane olur.

Uşaqlar arasında siqaret çəkməyə meylin yaranmasına gəlincə, aparılan tədqiqatlar göstərir ki, şagirdlər əsasən valideynlərindən, müəllimlərindən, eləcə də öz həmyaşıdlarından, həmçinin bir neçə yaş özlərindən böyük şəxslərdən daha çox nümunə götürürlər.

“Müəllim siqaret çəkirsə, şagirdlər də mütləq ondan örnək götürəcəklər. Ona görə, Azərbaycanda təhsil müəssisələrində siqaretdən istifadəyə icazə verilmir. Bundan əlavə, televiziyada siqaret çəkən şəxslərin reklam edilməməsi müsbət addımdır”, – T.Musayev deyib.

İSİM səlahiyyətlisinin fikrincə, sorğuya cəlb edilənlərin fikirləri sübut edir ki, siqaret çəkənlər bunu 10 yaşadək edib. Bu isə kifayət qədər aşağı yaş həddidir.

Şöbə müdiri deyir ki, Azərbaycanda tütünlə mübarizədə qanunvericiliyin sərtləşdirilməsi siqaret çəkənlərin sayının azalmasına təsir göstərir.

Məlumat üçün bildirək ki, rəsmi statistikaya görə, Azərbaycand siqaret çəkənlərin 0.2 faizi 15-19 yaşda, 13.4 faizi 20-44 yaşda, 21.7 faizi 45-64 yaşda, 30.5 faizi 65 yaşdan yuxarı olan şəxslərdir. 15-19 yaşlılar 1.8 il, 20-44 yaşlılar 10.1 il, 45-64 yaşlılar 21.7 il, 65 yaşlılar isə 30.5 il siqaret çəkir. 15-19 yaşlılar gündəlik olaraq orta sayla 9.5, 20-44 yaşlılar 13.9, 45-64 yaşlılar 15.5, 65 yaşdan yuxarı olan şəxslər isə 15.4 ədəd siqaret çəkirlər.

“Tobacco Atlas”-ın (https://tobaccoatlas.org/country/azerbaijan/) Azərbaycanla bağlı bir neçə il öncə açıqladığı hesabata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hesabatda qeyd edilir ki, 10-14 yaşlı 8 min uşaq, 1373000 yeniyetmə siqaretdən, tütündən istifadə edir.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir