Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları minimuma ensə də, son vaxtlar bu xəstəlikdən vəfat edən adamların sayındakı artım da gözdən yayınmır. Düzdü, çoxdan idi ki, koronavirusdan ölüm halları yox idi. Çünki hesab edilir ki, indi ən çox yayılan “Omikron” ştamının öldürücü xüsusiyyəti faktiki yoxdur. O zaman artan ölüm faktının səbəbi nədir?
Bu arada qonşu Gürcüstanda “Honkonq qripi”nin yayıldığı məlum olub. Bu haqda Tiflisdəki Mərkəzi Uşaq Xəstəxanasının direktoru İvane Çxaidze danışıb. Onun sözlərinə görə, ölkədə hazırda H3N2 virusu dövriyyədədir, H1N1 (“donuz qripi”) virusunun da yayılma halları var.
“Bu il Gürcüstanda qripin yayılması çox erkən başlayıb”, – deyə Çxaidze bildirib. Həkimlər dekabr-yanvar aylarında “Omikron” koronavirus ştamının yayılması ilə eyni vaxtda qripə yoluxma hallarının pik səviyyəsini gözləyir və xəbərdarlıq edirlər ki, qrip və koronavirusun müalicə üsulu fərqli olduğu üçün diaqnozun əvvəldən qoyulması vacibdir. Qripin bu il əksər hallarda, xüsusən də kiçik yaşlı uşaqlarda “Omikron”dan daha ağır keçəcəyi proqnozlaşdırılır.
“Yenə maskadan istifadə olunmalı, adam çox olan yerdə toplaşılmamalıdır”
Gürcüstan qonşu ölkə olduğundan “Honkonq qripi”nin Azərbaycana keçəcəyi də realdır. O zaman ön tədbirlərimiz, xüsusən də uşaqlarla bağlı profilaktika nə olmalıdır? Qidalanmada, həyat tərzində nələrə daha çox diqqət edilməli? Qripə qarşı peyvənd effektli ola bilərmi?
Qeyd edək ki, 1968-ci ildə Honkonqda epidemiya baş verdi, buna mutasiyaya uğramış Asiya qripi virusu – H3N2 səbəb oldu. ABŞ-da epidemiya zamanı təxminən 30 min insan öldü. Bu xəstəlikdən ən çox pensiya yaşında olan insanlar əziyyət çəkirdi. 1968-ci ildən sonra Asiya və Avropanın şimal yarımkürələrində Honkonq qripi adlanan xəstəliyin simptomları görünməyə başladı.
İnfeksiyanın ilk əlamətləri ilə bağlı isə qeyd edilir ki, H3N2 virusu orqanizmə daxil olduqdan bir neçə gün sonra görünür. Simptomlar soyuqdəymə və ya hər hansı digər qripə yoluxduğunuz zaman demək olar ki, eynidir. Hər kəs virusa yoluxa bilər, lakin bu, ən çox körpələrə və əlli yaşdan yuxarı insanlara təsir göstərir. Qışda qripə yoluxma ehtimalı çox yüksək olur, sürətlə yayılmağa başlayır və əhali arasında yayılır. Ona görə də həkimlərin tövsiyələrinə əməl etmək, özünüzü və yaxınlarınızı infeksiyadan qorumağa çalışmaq lazımdır. “Honkonq qripi”nin əsas səbəbləri bunlar ola bilər: zəifləmiş immunitet, xəstə insanlarla qarşılıqlı əlaqə, profilaktik tədbirlərə əməl edilməməsi.
Qeyd edilir ki, infeksiyanın qarşısını almağa kömək edəcək üsullara riayət etmək çətin deyil, əllərin daha tez-tez yuyulması, binaları havalandırmaq, evlərdə təmizlik işləri aparmaq və tez-tez istifadə olunan cihazları dezinfeksiya etmək lazımdır. Bədənin qoruyucu funksiyalarını lazımi səviyyədə saxlamaq kömək edə bilər. H3N2 insan orqanizminə daxil olduqda, 3-4 gün ərzində ümumi pozğunluq hiss olunur və sonra sağlamlıq vəziyyəti normallaşır.
Ancaq immunitet sistemi zəiflədikdə, insan orqanizmi həmişə virusun özünə qalib gələ bilmir. Bu vəziyyətdə xəstə yaxşılaşmır, temperaturu yüksək olaraq qalır və ya qısa bir enişdən sonra yenidən yüksəlir. Buna görə xəstənin ixtisaslaşdırılmış müalicə üçün mümkün qədər tez xəstəxanaya getməsi lazımdır. Yalnız həkim dəqiq diaqnoz qoya və bir insanın simptomlarının “Honkonq qripi”nə uyğun olub- lmadığını müəyyən edə bilər.
Uzun müddət davam edən yüksək temperatur varsa, mütəxəssisə dərhal müraciət olunmalıdır.
İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı dedi ki, koronavirusun “Omikron” variantının hazırda virulent və patogenliyi, xəstəliktörətmə qabiliyyəti zəifləyib. Ona görə xəstəlik yüngül keçir, ölüm halları da az olur. Lakin ölüm halları risk qrupuna daxil olan şəxslər üçün hələ də qalır. Yəni bu şəxslər xəstəliyi ağır keçirirlər. Belə şəxslərdə ölüm halları müşahidə edilə bilir”.
Həkim, “Honkonq qripi”nin Gürcüstanda yayıldığını və ölkəmizdə yayılma ehtimalının olduğunu dedi: “Bunun üçün maskalardan istifadə etmək lazımdır. Təəssüflər olsun ki, maskadan istifadə demək olar ki, yox səviyyəsindədir. Marşrut avtobuslarında, qapalı yerlərdə, idarələrdə maskanın taxılması vacibdir. Sadəcə olaraq, bu, fərdi şəkildə alınmır. Özümüzü qorumaq üçün maskaların taxılmasının effekti də zəif olur. İdarəyə daxil olan hər kəs bunu yerinə yetirsə, o zaman xəstəliyin yayılması az olar. Uşaqları qorumaq üçün bağçalara, məktəblərə ən azı iki həftə buraxmamalıyıq. Başqa cür bunun qarşısını almaq olmur. Qrip virusuna qarşı peyvənd mümkündür, vaksin qripdən qoruyur”.
Afaq MİRAYİQ