qaynana

Nə üçün gəlinlər qayınanaları ilə yaşamaq istəmirlər? – SORĞU

Baxış sayı: 918

“Gəlin mənim süpürgəmdir, harada qoydum orda da durmalıdır”. Ustad sənətkar Nəsibə Zeynalovanın “Qayınana” filmində işlətdiyi bu ifadə ölkəmizdə qayınanaların bir çoxunun evdə ağalıq etməsinin göstəricisidir. Günümüzün ən çox problem yaradan mövzularından biri də gəlin-qayınana problemləridir. İllərdir ki, bu iki cəbhə arasında münasibətlər durulmur. Qədim zamanlardan bəri ya qayınanalar gəlinlərini yola vermək istəmir, ya da gəlinlər qayınanalarını saymırlar. Təbii ki, bunları bütün qayınana-gəlin münasibətlərinə şamil etmək olmaz. Əlbəttə ölkəmizdə mehriban gəlin-qayınana münasibətləri vardır. Niyə gəlinlər və qayınanalar bir-birlərini anlamırlar? Nə üçün hazırkı dövrdə gəlinlər qaynanalalarından ayrı yaşamaq istəyirlər? Bu suallara cavab tapmaq üçün şəhər sakinləri arasında sorğu keçirdik:

qaynana-gelin

Şəhər sakini Şəfiqə Fətəliyeva: “Bəzi qayınanalar gəlinləri ilə yola getmirlər. Baxmayaraq ki, gəlin sakitdir, amma yenə də qayınanalar onları incidir. Hətta gəlinlərə əl qaldırırlar. Onları oğullarının yanında pis etmək üçün bütün gün danışırlar”.

Şəhər sakini Xuraman Əliyeva: “Məncə, tənbəl gəlinlər qayınananı sevmirlər. Çünki, onlara sərf etmir. İstəyirlər öz bildikləri kimi etsinlər. Ona görə də qayınana ilə yaşamaq istəmirlər. Amma bu bütün gəlinlərə aid deyil. Elə gəlinlər var ki, onlara qayınana ilə yaşamaq da rahatdır”.

Şəhər sakini Ələkbər Əzizov: “Hər ailədə gəlin-qaynana münasibətləri fərqlidir. Bəziləri yaxşı yola gedir, bəziləri də heç yola getmirlər. Bir-birlərinin sözləri boğazlarından keçmir. Hər şey üstündə dava edirlər. İndiki zamanədə insanlarla dil tapmaq çətindi. Bəzi ailələr də var ki, onlarda hər şey normaldır. Qayınana gəlinin öz qızı kimi sevir, gəlin də qayınanaya hörmətlə yanaşır”.

Şəhər sakini Nahidə İsmayılova: “Mənim oğlum yoxdur, amma qızım qabaqcadan şərtini qoyub ki, qayınana ilə yaşamaq istəmir. Bu o demək deyil ki, mənim qızım qayınanasına qarşı hər hansı bir səhv hərəkət edə bilər. Fikrimcə, hər bir insan, o cümlədən də mənim qızım özü necə istəyir elə yaşamalıdır. Sərbəst hərəkət etməlidir. Mən 40 ildir ki, evdar qadınam. Elə ola bilər ki, mənim evimə gələcək gəlin mənim qaydalarımla yaşamaq istəməyəcək. Mən onu məcbur edə bilmərəm. Elə gəlinlər var ki, qayınanalarından nəsə öyrənirlər, elələri də var ki, düşünürlər ki, qayınanadan daha yaxşıdırlar. Ona görə kim necə istəyir elə yaşamalıdır”.

Şəhər sakini Gülnar Abdullayeva: “Hər kəsə şamil etmək düzgün deyil. Eləsi var günah gəlindədir, eləsi də var günah qayınanadadır. Hər kəsin ailəsində bu fərqlidir. Gərək evdə biri “od olanda digəri su olsun”. Yoxsa çətin yola getmək olsun”.

Şəhər sakini Telman Cavadov: “Fikrimcə, ağıllı gəlin qayınana ilə yaşayar. Çünki qayınanalardan öyrəniləcək çox şey var və qayınana gəlinə ana kimi yanaşmalıdır. Bu o demək deyil ki, qayınanalar gəlinlərinə zülm etməlidirlər. Bir-birlərinə hörmət etməlidirlər”.

Şəhər sakini Təranə Süleymanova: “Mən özümdən misal çəkmək istərdim. Dörd qız övladım var və hər biri mənim üçün əzizdir. Hamısı da ailəlidir. Saf və təmizqəlbli gəlinlərin qiymətini bilmirlər. Qayınanalar çalışırlar ki, onlara zülm eləsinlər. Hal-hazırda mən stresliyəm, çünki qızımın qayınanası qızımı yola vermir, həyat yoldaşı ilə rahat yaşamağına imkan vermir. Yazıq gəlinlər qayınanaların əlindən gün üzü görmürlər. Mən demirəm ki, bütün qayınanalar pisdir. Əlbəttə, yaxşı qayınanalar da var. elə qayınanalar tanıyıram ki, anadan artıq gəlinlərinə analıq edirlər. Amma indiki dövrdə elə analar var ki, oğullarını qısqanırlar, övladlarının evini dağıtmaq istəyirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir